Ermənistanın şimal bölgəsində sel fövqəladə vəziyyət yaradıb.
Musavat.com erməni mediasına istinadən bildirir ki, Taşir çayının səviyyəsi qalxıb, Taşir icmasında ev və tikililəri su basıb, vətəndaşlar təxliyə olunub.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb. Alaverdi şəhərində yanacaqdoldurma məntəqələrindən birində kompressorlar su altında qalıb. İlkin məlumata görə, partlayış qısaqapanma nəticəsində baş verib. Vanadzor, Stepanavan və Amrakits kəndində evləri su basıb.
Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinin bölmələri qeyd olunan bütün hadisələrə xidmət göstərib və xidmət göstərməkdə davam edir.
Fövqəladə Hallar Nazirliyinin Lori Regional Xilasetmə İdarəsinin 7 döyüş briqadası, 2 əməliyyat qrupu, Tavuş Regional Xilasetmə İdarəsinin yanğınsöndürmə və xilasetmə dəstələrinin 2 nəfəri və 1 əməliyyat qrupu cəlb olunub.
Paytaxt İrəvanın Ərəbkir, Erebuni və Şenqavit inzibati rayonlarında xilasetmə xidmətinin bölmələri 13 hadisəyə müdaxilə edib, onlardan ikisi suda və palçıqda qalmış avtomobillər, daha 11-i isə bina və tikililərin, zirzəmilərin, körpülərin altındakı ərazilərin və dayanacaqların su altında qalması ilə nəticələnib.
Fövqəladə Hallar Nazirliyinin (İrəvan) Yanğından Mühafizə Hissəsinin 8 döyüş briqadası və xüsusi təyinatlı xilasetmə mərkəzindən 1 qrupu və 2 əməliyyat qrupu cəlb olunub. İlkin məlumatlara görə, İrəvanda daşqın nəticəsində ölən və xəsarət alan yoxdur.
Təhlükəli ərazilərdən 232 nəfər, o cümlədən Tufenkyan mehmanxana kompleksindən 28 nəfər, Taşir şəhərində 62 nəfər, Alaverdidə 22 nəfər, Sənahin stansiyasından 110 nəfər, Dilicanda iki, Ayrumedə 7 nəfər və bir nəfər - Axartsin kəndində təxliyə edilib.
DİN-in 30 döyüş briqadası hadisə yerində iş aparır, 324 xilasedici işlərə cəlb olunub. Daxili İşlər Nazirliyinin xilasetmə xidməti xüsusi xidmət rejiminə keçib. Axtarış-xilasetmə və qəza-bərpa işləri davam edir.
Musavat.com