“Ermənistan bu məsələdə Qərbin təzyiqi altındadır” - Yenokyandan SENSASİON AÇIQLAMALAR

“İndiki mərhələdə Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanmasında beynəlxalq oyunçuları maraqlandıran əsas məsələ Sünikdən keçən dəhlizdir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikir yerli politoloq Aqasi Yenokyana məxsusdur.

“Dəhliz məsələsinə iki əsas yanaşma var: ya ruslar var, ya da yoxdur. Hesab edirəm ki, Vaşinqton nümayəndələri cəsarətli addımların atılmasının zəruriliyindən danışarkən Ermənistan baş nazirinin “rusların orada qalmayacağını” bəyan etməli olduğunu nəzərdə tuturlar”, - deyə erməni ekspert qeyd edib.

Onun sözlərinə görə, Ermənistan bu məsələdə Qərb strukturlarının təzyiqi altındadır:

“Qərb Ermənistana “kökə və dəyənək” prinsipini tətbiq edir, bir tərəfdən təzyiq göstərir, digər tərəfdən bir neçə milyon avroluq yardım, vizasız rejim vədləri ilə çıxış edir”.

Yenokyana görə, 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndi Rusiya tərəfinin nəzarəti altında dəhlizin təmin edilməsini nəzərdə tutur. Lakin dəhlizin qurulması baxımından bu sənəd artıq rol oynamır.

Onun sözlərinə görə, indiki mərhələdə və bugünkü şəraitdə sülh müqaviləsinin imzalanması sülhün bərqərar olmasına gətirib çıxara bilməz.

“Sülh yalnız tarazlığı təmin edə bilər. Biz qüvvələr balansını təmin edə bilmirik, çünki son müharibə zamanı ordumuz məhv edilib. İqtisadi tarazlıq da yoxdur, çünki iqtisadiyyatımız dəfələrlə zəifləyib. Bizim yalnız bir variantımız qalıb - siyasi balans. Bu, münaqişə tərəflərinin ekvivalent müttəfiqlər sisteminə malik olmasını nəzərdə tutur. Biz bunu da görmürük. Ona görə də hər hansı sənədin imzalanması real sülhə gətirib çıxarmayacaq”, - deyə revanşist ekspert qeyd edib.

Musavat.com

24.07.2024 16:14
784