Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı bildirib ki, İrəvan və Bakı sülh müqaviləsi imzalandıqdan sonra bir-birinə qarşı iddialarını beynəlxalq məhkəmələrdən geri götürə bilər. O, ölkələr arasında məhkəmə prosesinin dayandırılmasının mümkünlüyünü açıqlayıb:
“Danışıqlar zamanı bu məsələ müzakirə olunur. Bizim mövqeyimiz belədir: bu, sülh müqaviləsinin mahiyyətcə bütün bəndləri razılaşdırıldıqdan və tərəflər onu imzalamağa hazır olanda ən sonda müzakirə edilməli olan məsələdir. Bu, məntiqlidir. Əgər tərəflər sülh müqaviləsi bağlayıblarsa, onda bir-birinə qarşı hüquqi müharibə aparmağın nə mənası var?”
Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov Paşinyanın fikirlərini şərh edib.
Musavat.com xəbər verir ki, ekspert “İzvestiya”ya açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın fikirlərini demaqogiya adlandırıb:
“Bakı ilə sülh müqaviləsi imzalanacağı təqdirdə İrəvanın beynəlxalq məhkəmələrdən iddialarını geri götürə biləcəyi barədə bəyanatı növbəti demaqoqluqdur. İki tərəf arasında sülh sazişi imzalanmayana qədər yurisdiksiyadan danışmaq mümkün deyil. Bu, Paşinyanın özünün növbəti demaqogiyasıdır, çünki əvvəlcə sülh sazişi imzalanmalıdır, baxmayaraq ki, üfüqdə belə perspektivlər görünmür və yalnız bundan sonra hər hansı məhkəmə iddialarından danışmaq olar. Onun sadəcə danışmağa heç nəyi yoxdur, o, hansısa diplomatik və ya siyasi fəaliyyəti imitasiya edir və ictimaiyyəti çaşdırır”.
Stanislav Tarasovun sözlərinə görə, problem ondadır ki, fevralın sonunda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın azərbaycanlı həmkarı Ceyhun Bayramovla Berlində görüşündən sonra regionun sərhəd zonalarında problemlər kəskinləşməyə başlayıb. Ekspert xatırladıb ki, görüşdə artıq mövcud olan sazişin mətni müzakirə olunub, lakin heç bir açıqlama verilməyib, əksinə, vəziyyət gərginləşməyə başlayıb.
“Sülh müqaviləsi imzalanmadan sərhədi demarkasiya etmək mümkün deyil. Ermənistan müharibə vəziyyətindən çıxdığını etiraf etməli, sonra sərhədlərini müəyyən etməlidir. Sonra sərhədləri müəyyən etmək üçün hansı xəritələrdən istifadə edəcəyinizi razılaşdırmalısınız, çünki bəzi xəritələrə görə, müəyyən ərazilər Ermənistanın, bəzilərinə görə isə Azərbaycana məxsusdur. Qeyd etmək lazımdır ki, bu mövqenin qeyri-müəyyənliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyət göstərməsini mümkünsüz edir. Ermənistanın tutduğu bu çirkin siyasətin heç bir rasional izahı yoxdur. Üstəlik, görünür, kimsə İrəvana kənardan təzyiq göstərir və onları əvvəllər verilmiş bonuslarla işləməyə məcbur edir”, - Tarasov bildirib.
Nigar HƏSƏNLİ,
Musavat.com