Ermənistan Britaniya silahlarına yol axtarır - ilginc təfərrüat

Deputat: “Ermənistana yenidən güclənib revanşist arzularını ortaya qoymağa imkan verməməliyik”

Bakı ilə sülh danışıqları fonunda İrəvan altdan-altdan silahlanmağa davam edir. Artıq kapitulyant ölkənin Fransa və Hindistan hesabına öz ordusunu təzədən qurmağa çalışdığı sirr deyil. Ötən ayın 5-də Brüsseldə keçirilən üçlü sammitdə isə Ermənistanın ABŞ və Avropa Birliyindən silahlanma ilə bağlı da zəmanət aldığı deyilir.

Bu arada bəlli olub ki, Nikol Paşinyan hökuməti Böyük Britaniyanın müdafiə şirkətləri ilə əlaqələr axtarmaq üçün Britaniyanın “Sanctuary Counsel konsaltinq” şirkətinə müraciət edib. Bu haqda Fransanın “Intelligence Online” nəşri yazıb.

Bəs İrəvanın müasir Britaniya silahlarına çıxış əldə etməsi mümkünmü, buna onun maddi imkanları varmı?

Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Armen Sərkisyan Britaniya vətəndaşıdır və orada onun biznesi var. Silahlanma məsələsinə bu amilin də təsiri mümkünmü?

Fikrət Yusifov — Vikipediya

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadi və siyasi məsələlər üzrə ekspert Fikrət Yusifov Ermənistandakı yanlış baxışların yalnız özlərinə ziyan etdiyini bildirdi: “Ermənistan hakimiyyətinin başında oturanlar, hətta adi ermənilər ağır məğlubiyyətin acısını həzm edə bilmirlər. Onların bir çoxu ağlını itirmiş qədər stress yaşayırlar. Lazım gələrsə ordusunun Bakıya qədər gələcəyinə inandırılmış xalq, 44 günlük müharibədə yaşadığı acı məğlubiyyətin yaratdığı şokdan indi ayılıblar, yenidən müasir çağırışlara cavab verə biləcək ordu yaratmaq istəyirlər. Vurnuxurlar, Fransadan, Hindistandan, Yunanıstandan, İngiltərədən və digər ölkələrdən silahlar almağa üz tutublar. Ermənistan bu silahları nə üçün alır, nə üçün daha müasir ordu qurmağa çalışır? Bölgədə kiminlə müharibə edəcək? Kimdən özünü qoruyur? Təbii ki, bütün ünvanlar Azərbaycandır. Bu xəstə təxəyyüllü adamlar anlamırlar ki, bölgədə Azərbaycan başda olmaqla heç bir ölkənin onlara hücum etmək planı yoxdur. Ancaq buna baxmayaraq silahlanmaq üçün dəridən-qabıqdan çıxırlar. Anlamırlar ki, nə qədər silahlansalar da, Cənubi Qafqazda özlərinə düşmən bildikləri Azərbaycanla hərbi müstəvidə rəqabət apara bilməzlər. Ən azından ona görə ki, Azərbaycanın təkcə strateji valyuta ehtiyatları Ermənistanın 60 illik dövlət büdcəsinin xərclərindən çoxdur. 

Bunlar Rusiyadan on illər boyu silahları hədiyyə şəklində alıblar. İndi Rusiya ilə körpülər yandırılıb, kapitalistlər isə pulsuz heç kimə heç nə verməzlər. Dünya siyasətinin xaç atası olan ingilislərin bu bədbəxtlərə hansı silahlar satacağı və bunu hansı şərtlərlə edəcəyi isə bilinməz. 

Ermənilərə indi silah alışına sərf etdikləri vəsaitləri batmaqda olan iqtisadiyyatlarının dirçəldilməsinə yönəltmək və bu yolla ölkəni sürətlə tərk edən insan axınının qarşısını almaq daha vacibdir".

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

Azər Badamov

Deputat Azər Badamov qeyd etdi ki, Ermənistan sözdə sülhün tərəfdarı kimi özünü göstərməyə çalışsa da, əməllərində ordusunun yenidən silahlandırılmasını aparır: “Heç də sirr deyil ki, Ermənistana Hindistandan, Fransadan və Yunanıstandan hərbi texnikalar və silahlar tədarük olunur. Bu baxımdan Ermənistan silahlanmada coğrafiyanı daha da genişləndirmək niyyətinə düşüb. Ona görə də 5 apreldə Brüsseldə keçirilən görüşdə ABŞ və Avropa İttifaqından silahların və hərbi texnikaların gətirilməsi ilə bağlı məsələ müzakirə olunub. ABŞ öz marağı olmayan yerə, heç bir ölkəyə silah vermir. O cümlədən Ermənistana dəstək göstəriləcəyi təqdirdə Rusiyanın bu ölkədən çıxarılması kimi bir öhdəliyin də Paşinyanın boynuna qoyulduğunu müşahidə etmək heç də çətin deyil. Ona görə də Paşinyan hakimiyyəti anti-Rusiya şousunu nümayiş etdirir. Bu hakimiyyət həm də İngiltərədən silahlar almaq niyyətində olduğunu gizlətmir. Ən azından iki ölkə rəsmiləri arasında keçirilmiş görüşlər bunu deyir. Silahların alınması üçün ilk növbədə ölkəsinin maliyyəsi olmalıdır. Ermənistanın hərbi büdcəsi cəmi 1,5 milyard dollara yaxındır. Bu vəsaitlə Ermənistanın ordusunu da saxlayıb, nə qədər silah ala biləcəyi bəlli məsələdir. Bu silahlar Ermənistana bir üstünlük qazandırmasa da, aldıqları silahlar az olsa belə yenidən işlənməsi arzuolunmazdır. Çünki silah açılanda fəsadsız ötüşmür. Ermənistan ordusunu nə qədər silahlandırsa belə Azərbaycan Ordusu ilə müharibə edib hər hansı bir məqsədlərinə nail olmaq gücündə heç vaxt olmayacaqdır. Bununla yanaşı, Ermənistanın aldığı silahlar ölkəmizə qarşı potensial təhlükə mənbəyinə çevrilərsə, tədbirlərin görülməsinə məcbur olacağıq. Çünki biz Ermənistana yenidən güclənib revanşist arzularını ortaya qoymağa imkan verməməliyik. Ermənistanın silahlanmasına baxmayaraq həm də sərhəddə delimitasiya işlərinin sürətlə getdiyini və Qazaxıstanda XİN səviyyəsində sülh müqaviləsi ilə bağlı danışıqlara hazırlıq getdiyini də müşahidə edirik. Sülh yolu ilə ölkələrarası münasibətləri nizamlamaq təşəbbüslərimizə Ermənistanın müsbət yanaşması yenidən müharibə riskini minimuma endirir. Amma bununla yanaşı, biz öz ordumuzu ən müasir səviyyədə güclü saxlamalıyıq ki, sülh prosesi qısa bir zamanda reallaşa bilsin”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

07.05.2024 12:40
637