Ermənistan ağır silah toplayır- Müharibəyə hazırlaşır?

"Ermənistanda intensiv şəkildə hərbi texnikalar yerləşdirilir".

Musavat.com bildirir ki, bu sözləri politoloq Zaur Məmmədov deyib. Politoloq qeyd edib ki, son bir neçə ay ərzində Ermənistana Hindistandan və Fransadan ən yeni hərbi texnikalar daxil olmağa davam edir:

"Fransanın 155 mm-lik “SEZAR” özüyeriyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket sistemləri və “hava-hava” tipli raketlər təkcə son 3-4 həftə ərzində Ermənistana gətirilib. Hazırda Ermənistan ordusunda  SEZAR özüyeriyən silahlarının bir diviziyası yerləşdirilib. Fransız silahları Orli hava limanından İranın Mehrabad hava limanına göndərilir, oradan İranın Merage aviaşirkəti silahları birbaşa son təyinat yerinə - Ermənistana çatdırır. Bununla da, guya izi gizlətməyə çalışırlar. Həmçinin, Fransa Ermənistan ordusunun sərəncamına onlarla R511 və R530 “hava-hava” tipli raketlər, 30 ERYX tank əleyhinə raketlər, onlarla Almaniya istehsalı olan DM32 qumbaraatanları (“Bunkerfaust” kimi də tanınır), həmçinin “Panzerfaust” verilib.  Bundan başqa, Ermənistan silahlı qüvvələrinə Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik Apilas reaktiv yaylım atəşi sistemləri və Amerikanın 50 ədəd BGM71-TOW tank əleyhinə raket kompleksləri verilib. Həmçinin Hindistan hərbi texnikalarının da İranın Bander - Abbas dəniz limanı vasitəsilə Ermənistana çatdırılması davam etməkdədir.

Beləcə, adları çəkilən dövlətlərin öz aləmlərində gizli fəaliyyətləri artıq ifşa edilib. Bu qruplar Ermənistanı silahlandıraraq "erməni məsələsi" adı altında öz maraqlarını reallaşdırmaq arzusundadırlar. Təəssüflər olsun ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsində separatizmi və terroru seçən bu aktorlar siyasətin çirkab bataqlığında olmalarına baxmayaraq suları bulandırmaqda israrlıdırlar".

Politoloqun fikrincə, Ermənistan ordusunun son həftələrdə şərti sərhədlərdə Azərbaycan sərhədçiləri və ordusu istiqamətində atəş açmaları işğalçı silahlı qüvvələrə bəzi dairələrin yaratdığı arxayınçılığın nəticəsidir:

"Sual yaranır, bu gün 29.000 kv km ərazidə mövcud olan Ermənistan Respublikası niyə Azərbaycan ilə sülh müqaviləsi bağlamır, əvəzində isə silahlanır? Cavab aydındır. Rəsmi Bakının səbri tükənməz deyil. Azərbaycan Zəngəzurda hücum xarakterli silahların toplanmasına imkan verməyəcək. Qərbi Zəngəzur (Sünik) silahsızlaşdırılmış bufer  zona elan edilməlidir. Əks təqdirdə,  Ermənistan ordusunun xarici havadarkarı ilə birlikdə təxribatları bölgədə yenidən qanların axıdılmasına gətirə  bilər".

 

Xalidə Gəray

Musavat.com

22.08.2024 10:47
737