Ermənilərin tarixdən gələn terror adəti- Hökumət dəyişir, siyasət eynidir...

Çikaqo Universitetinin 21 yaşlı tələbəsi Aram Branson (erməni əsilli) azərbaycanlılara qarşı istifadə etməyi planlaşdırdığı bombaları hazırlamaqda ittiham olunur. Bu barədə ABŞ-da çıxan "Chikaqo Suntimes" qəzeti məlumat yayıb. Onun fəaliyyəti ötən il yataqxanada yanğına səbəb olub, araşdırma aparılıb.

Aram müstəntiqlərə yalan danışaraq bildirib ki, o, internetdə prank etmək istəyib. Partlayıcı maddələr üzrə ekspertlər şübhəlinin otağında partlayıcı hazırlamaq üçün istifadə edilən kimyəvi maddələr aşkar ediblər. Aram Qarabağda yaşayan ermənilərə kömək etmək üçün partlayıcı maddələr istehsal edirmiş.

Branson həmçinin izləyicilərə bomba hazırlamağı öyrətdiyi, bir qrup insanı necə formalaşdırmaq, maliyyələşdirmək və silahlandırmaq yollarını müzakirə etdiyi videolar da çəkib.

 O, öz videolarında Azərbaycan hərbçisinin və bir neçə azərbaycanlı siyasi xadimin də daxil olduğu potensial sui-qəsd hədəflərini də açıqlayıb.

Brunson Vaşinqton və Boston da daxil olmaqla, dünya üzrə Türkiyə və Azərbaycanın diplomatik nümayəndəliklərinin yerləşdiyi yerlər haqqında məlumat almaq üçün internetdə axtarış aparıb. O, internetdə diplomatik binalara girişlə bağlı, eləcə də  “Səfirlikdən kənarda olarkən səfirlikdə olan şəxsi güllələsəniz, hansı ölkədə həbs olunacaqsınız?”,-kimi məlumatları da axtarıb.

brunson.jpg (46 KB)

Aram hazırda Ermənistanda gizlənib. Prokurorların dediyinə görə, federal səlahiyyətlilər Bransonla əlaqə saxlamaq üçün onu ABŞ-a qayıtmağa və hüquq-mühafizə orqanlarına izahat verməyə razı salmağa çalışsalar da, o, geri qayıtmaqdan imtina edib.

Dünyada erməni terror təşkilatları 100 ildən çoxdur mövcuddur

 “Böyük Ermənistan” xülyasının arxasınca düşən bu terror təşkilatlarının bəzilər indi də fəaliyyət göstərir. Onlar arasında ən geniş yayılmışı "Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu" (ASALA) təşkilatıdır. 

1975-ci ilin yanvarında yaradılan təşkilatın məqsədi şərqi Türkiyə, şimali İran, Azərbaycanın Naxçıvan və Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaq idi. ASALA-nın lideri Akop Akopyan olub. Afinada 1980-ci ildə qətlə yetirilmiş Türkiyə səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan 1980-ci il avqustun 1-də "Nyu-York Tayms" qəzetinə verdiyi müsahibədə bildirmişdi: "Bizim düşmənimiz NATO və bizimlə əməkdaşlıq etməyən ermənilərdir".

Türkiyə ilə yanaşı bəzi ölkələri də hədəfə alan təşkilat ilk dəfə 1975-ci il yanvarın 20-də Dünya Kilsələr Şurasının Beyrut bürosuna hücum edib. Digər erməni terror təşkilatı JCAG isə 1975-ci ildə Livanın paytaxtı Beyrutda qurulub. Həmin il oktyabrın 22-də Vyanada Türkiyənin bu ölkədəki səfiri Daniş Tunalıgilin qətlini də məhz ASALA və JCAG terror təşkilatları öz üzərilərinə götürüblər.

1973-cü il yanvarın 27-də ABŞ-ın Santa Barbara şəhərində Türkiyənin Los-Ancelesdəki səfiri Mehmet Baydar və konsul Bahadır Demirin erməni əsilli Qurgen Mıgırdiç Yanıkyan tərəfindən öldürülmələri ermənilər tərəfindən türk diplomatlara qarşı həyata keçirilən ilk sui-qəsd olub.

Sonralar Türkiyənin Parisdəki səfiri İsmail Erez (1975), Vatikandakı səfiri Taha Carım (1977), Sidneydəki baş konsulu Şarık Aynak (1980), Los-Ancelesdəki baş konsulu Kemal Arıkan (1982), Bostondakı baş konsulu Orxan Gündüz (1982) və Belqraddakı səfiri Qalip Balkar (1983) da erməni terror təşkilatlarının qurbanı olublar.

modern.az_son-dakika-ermenistan.jpg (72 KB)

Bundan əlavə, erməni terrorçuları tərəfindən həyata keçirilən sui-qəsdlər zamanı 1991-ci və 1994-cü illərdə Türkiyənin Yunanıstandakı səfirliyinin əməkdaşları Çetin Görgü və Ömer Haluk Sipahioğlu, 1993-cü ildə Türkiyənin İraqdakı səfirliyinin attaşesi Çağlar Yücel, 2004-cü ildə Türkiyənin Mosuldakı baş konsulluğunun attaşeləri Nihat Akbaş, Bilal Urgen, Adem Çiçek, Bülent Kıranşal və Süleyman Karahasanoğlu, 2013-cü ildə Türkiyənin Somalidəki səfirliyinin əməkdaşı Sinan Yılmaz və bu il Türkiyənin Ərbildəki baş konsulluğunun əməkdaşı Osman Köse qətlə yetiriliblər.

Bu sui-qəsdlərin əksəriyyəti ASALA və JCAG terror təşkilatları tərəfindən törədilib.

Bundan əlavə, 1983-cü il iyulun 15-də ASALA terror təşkilatı tərəfindən “Türk Hava Yolları”nın Parisin Orli aeroportundakı ofisinin qarşısına yerləşdirilən partlayıcı maddənin işə düşməsi nəticəsində ikisi Türkiyə, dördü Fransa, biri ABŞ və biri İsveç vətəndaşı olmaqla səkkiz nəfər həlak olub, 28-i türk olmaqla 55 nəfər yaralanıb.

Ümumiyyətlə, erməni terror təşkilatlarının 1970-ci ildən indiyədək xaricdə yaşayan türklərə qarşı etdikləri sui-qəsdlər nəticəsində 31-i diplomat və onların ailə üzvləri olmaqla, ümumilikdə 58 Türkiyə vətəndaşı qətlə yetirilib.

Azərbaycan erməni terrorundan 100 illiklərlə əziyyət çəkib. 8 sentyabr 1984-cü ildə Bakı şəhərində 106 saylı sərnişin avtobusu erməni terrorçusu Henrix Vartanov tərəfindən partladılıb. Hadisə zamanı iki uşaq anası olan Surxalizadə Fatma həlak olub,  üç nəfər yaralanıb.

Partlayışın təşkilatçısı olan Henrix Vartanov psixi xəstə kimi qəbul edilib və həbsdən azad edilərək məcburi psixi müalicəyə göndərilib. 

1989-cu ildə Xankəndi şəhərində azərbaycanlılar yaşayan Şuşa şəhərini Ağdam yolu ilə bağlayan Xəlfəliçay üzərindəki körpü partladılıb.  Cinayəti törətmiş Abramyan Artur Artaşesoviç həbs olunub və 1992-ci il aprelin 29-da 15 il müddətinə azadlıqdan məhrum edilib.  

1990-cı ilin 11 iyulunda Tərtərdən Kəlbəcərə sərnişin aparan avtobusu partladılıb və xalq təsərrüfatı malları daşıyan maşın karvanına qarşı ermənilər tərəfindən terror aksiyası keçirilib. Nəticədə 1 qadın, 7 kişi qətlə yetirilib, 23 nəfər isə ağır yaralanıb.  İstintaq zamanı müəyyən edilibki, terror aksiyasını Xankəndi şəhər sakinləri Napaleon ləqəbli Ayriyan Arkadi Abramoviç və Babayan Samvel Andronikoviç törədiblər. 

Onlar 1990-cı il dekabrın 15-də Əsgəran rayonunun Cəmilli və Kosalar kəndi arasında 3 nəfər azəbaycanlı kəndlisini qətlə yetiriblər. Hər 2 cinayətkar həbs olunub, 1992-ci il iyunun 19-da ölüm hökmünə məhkum ediliblər.  S. Babayan 1992-ci ilin iyulunda azərbaycanlı girov və əsirlərlə dəyişdirilib. 

10 avqust 1990-cı ildə “Tbilisi-Ağdam" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olub, 30 nəfər yaralanıb.  Cinayətin təşkilatçıları A. Avanesyan və M. Tatevosyan cinayət məsuliyyətinə cəlb olunublar. 1992-ci ilin mayında A. Avanesyan ölüm cəzasına məhkum edilib.  M. Tatevosov isə 15 il azadlıqdan məhrum edilib.

İstintaq zamanı məlum olub ki,  cinayətkarlar 1991-ci ilin iyulun 17-də Ağdam-Tbilisi marşurutu ilə hərəkət edən sərnişin avtobusunu da partlatmağı planlaşdırmış, lakin özlərindən asılı olmayan səbəblərdən aksiyanı həyata keçirə bilməmişlər. M. Tatevosov 1992-ci ilin may ayında Tərtər rayonunda azərbaycanlı girovlarla dəyişdirilib. 

uz-foto-asala.jpg (96 KB)

8 sentyabr 1991-ci ildə "Qarabağ" təşkilatından olan erməni terrorçuları Ağdam Xocavənd yolunda avtobusu qumbaraatandan atəşə tutublar. Terror aktı nəticəsində 4 azərbaycanlı həlak olub, 20-si yaralanıb. Terrorun Xaçaturyan Volodi, Yeremyan Saro, Çalyan Saşa, Arustamyan Armo tərəfindən törədildiyi sübuta yetirilib.  

1991-ci il 20 noyabr tarixində Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, erməni hərbi dəstələri tərəfindən Azərbaycanın hərbi helikopteri vurulub. Qarakənd faciəsi adlanan bu terror aktında həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

1992-ci ilin 28 yanvarında  Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülki vertolyot erməni terrorçuları tərəfindən vurulub, əksəriyyəti qadın və uşaq olan 41 nəfər sərnişin və 3 ekipaj üzvü həlak olub.  

1994-cü il mart ayının 19-da saat 13:00 radələrində Bakı metrosunun “20 Yanvar” stansiyasında terror aktı törədilib.

Baş vaqona qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb. Terror aktının icraçısı partlayış zamanı ölüb. Həmin hadisə zamanı 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Həlak olanlar arasında Azərbaycanın xalq artisti Rafiq Babayev də olub.

İstintaq və məhkəmə yolu ilə sübut edilib ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanıb, separatçı "Sadval" təşkilatının üzvləri tərəfindən həyata keçirilib. "20 Yanvar" metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilib.

Yenə həmin il – 1994-cü il iyulun 3-də Bakı metrosunun “28 May” və “Gənclik” stansiyalarının arasında qatarda partlayış törədilib. Bu hadisədə 13 nəfər həlak olub, 42 nəfər yaralanıb. Azərbaycanın hüquq-mühafizə orqanları bu hadisəni də Ermənistanın xüsusi xidmət orqanlarının təşkil etdiyini müəyyənləşdirib.

Bakı Metropolitenində ən böyük insan itkisi isə 1995-ci il oktyabrın 28-də baş verib. Həmin gün metronun “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 adam həlak olub, 270 nəfər isə xəsarət alıb.

Bu terrorlar günümüzədək davam edir. Hələ ötən il Livandakı səfirliyimiz qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxs diplomatik nümayəndəliyin inzibati binasının ətrafındakı hasara zərər vurub, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıb.

Ötən ilin avqustun 4-də bir neçə şəxs Londonda Azərbaycan səfirliyinə hücum etmişdi. Onlar səfirliyin yerləşdiyi binada Azərbaycan bayrağını çıxarıb yerinə dini şüar yazılmış bayraq taxıblar, divarlara, pəncərələrə ərəb dilində şüar yazıb və səsləndirmişdilər. Sentyabrın 18-də isə Azərbaycanın Fransadakı səfirliyinin inzibati binasına radikal erməni qrup üzvlərinin hücum edərək səfirliyə zorla daxil olmağa cəhd etmişdilər, əllərindəki əşyalarla binaya və ətraf əraziyə maddi ziyan vurmuşdular.

Oktyabrın 10-dan 11-nə keçən gecə  isə Vaşinqtonda Azərbaycanın ABŞ-dakı səfirliyinin xidməti avtomobili atəşə tutulub.

Terror zəiflərin, acizlərin silahıdır. Ermənilər isə babalarından qalan bu vərdişdən əl çəkmək istəmirlər. Qısaca desək, onlar “dəmir yumruq”suz yaşaya bilmirlər. 

Şahanə Rəhimli
Musavat.com

02.09.2024 14:00
748