Ermənilərin reinteqrasiya etmək səylərini sabotaj etməyin! - İcma

Ermənistanın Baş naziri Nikol Paşinyan, hökumətin 2023-cü il avqustun 24-də keçirilmiş iclasında, Üçtərəfli Bəyanatın qaçqın və məcburi köçkünlərin qayıdışı ilə bağlı müddəasının guya Azərbaycan tərəfindən icra edilməməsi barədə iddia səsləndirmiş və Azərbaycanı ermənilərə qarşı etnik təmizləmə niyyətində olmaqda ittiham etmişdir.

Musavat.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilir.

Qeyd edilir ki, öz ərazisindən və vaxtilə işğal etdiyi Azərbaycan ərazilərindən azərbaycanlıların hamısını qovmuş, bədnam mono-etnik siyasət yürüdən Ermənistanın Azərbaycanı etnik təmizləmədə ittiham etməsi ikrah hissi doğurur. Ermənistanın humanitar məsələlərdən və insan hüquqlarından danışmağa heç bir mənəvi haqqı yoxdur:

"Konkret olaraq, qayıdış hüququ ilə bağlı qeyd edək ki, işğalçı Ermənistan ordusu 2020-ci ildə məğlub edilib Azərbaycan ərazilərindən çıxarılana qədər, Ermənistan 30 il ərzində azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasına imkan verməmişdir. Bundan əlavə, Ermənistan öz ərazisindən qovduğu azərbaycanlıların qayıtmalarına hələ də imkan vermir.

Həmçinin, Azərbaycanın Qarabağ iqtisadi rayonunun Xankəndi, Xocalı, Kərkicahan, Meşəli, Qaradağlı kimi yaşayış məskənlərindən qovulmuş azərbaycanlı məcburi köçkünlər hələ də öz evlərinə qayıda bilmirlər.

Azərbaycan isə 2020-ci il müharibəsindən dərhal sonra ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə təhlükəsiz şəkildə qayıtmasına imkan yaradıb və hazırda onları re-inteqrasiya etməyə çalışır. Bundan əlavə, Qarabağ bölgəsindən kənar Azərbaycan ərazilərində ermənilər tam hüquqlu Azərbaycan vətəndaşı kimi yaşamaqdadır.

Vurğulamaq istərdik ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasına şərait yaratmaq Ermənistanın beynəlxalq hüquqdan və Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliyidir.

Biz Ermənistan hökumətindən beynəlxalq hüquqa zidd siyasətinə son verməyi, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə əməldə hörmət etməyi, Azərbaycan hökumətinin Qarabağ regionunda yaşayan erməniləri reinteqrasiya etmək səylərini sabotaj etməyi dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasına şərait yaratmağı tələb edirik".

Musavat.com

24.08.2023 16:30
971