Ermənilərin “reintegration.gov.az” portalına müraciət sayı niyə azdır? - Deputat DETALLARI açıqladı

Hikmət Babaoğlu: “Psixoloji baryeri keçib müraciət edə bilmirlər”

Azərbaycan dövləti reinteqrasiya istiqamətində davamlı addımlar atır. Artıq antiterror tədbirlərindən sonra icma nümayəndələri ilə 3 görüş reallaşıb – Yevlaxda və Xocalıda. Həmçinin Azərbaycan prosesi sürətləndirmək üçün dövlət səviyyəsində İşçi Qrupu yaradıb. Eyni zamanda, Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasını təmin etmək məqsədilə “reintegration.gov.az” portalı istifadəyə verilib.

Musavat.com xəbər verir ki, portaldan Qarabağ bölgəsində yaşayan erməni sakinləri ilə yanaşı, Ermənistan ərazisinə gedən erməni sakinlərinin də istifadəsinə şərait yaradılıb.

Rəsmi qurumların verdiyi son açıqlamada qeyd edilir ki, “reintegration.gov.az”a 15 nəfər sakin könüllü şəkildə zəruri olan bütün məlumatları təqdim edərək Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Bu günə qədər isə 100-ə yaxın erməninin Azərbaycan vətəndaşlığını qəbul etmək üçün müraciət etdiyi bildirilir.

Bəs müraciətlərin belə az olmasının səbəbi nədir? Ümumiyyətlə, yaxın perspektivdə bu istiqamətdə nələr gözlənilir?

HİKMET.jpeg (29 KB)

Milli Məclisin deputatı Hikmət Babaoğlu mövzu ilə bağlı Musavat.com-a deyib ki, Azərbaycan hüquqi, demokratik dövlətdir və bütün bu prosesləri şəffaf aparır:

“Xüsusən də, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etmələri və yaxud etməmələri üçün açıq hüquqi müstəvi təqdim olunub. Bütün dünyanın gözünün qarşısında Dövlət Miqrasiya Xidmətinin xüsusi səhifəsinə müraciət etməklə vətəndaşlıq almaq istəyən və almaq hüququ olan erməni əsilli azərbaycanlılar bu portal vasitəsilə müraciət edə bilərlər. Fikrimcə, hüquqi prosesin bu cür şəffaf aparılması həm beynəlxalq təşkilatların, xüsusən insan hüquqları üzrə ixtisaslaşmış ictimai təşkilatların, həm də Avropa Şurasının monitorinq, yaxud nəzarət imkanlarını saxlayır. Bununla da hər kəs açıq, şəffaf şəkildə bu prosesi izləyə bilər ki, gələcəkdə Azərbaycana qarşı kiminsə hüquqlarının tapdalanması ilə, yaxud məhdudlaşdırılması ilə bağlı heç bir arqument əllərində olmasın. Biz hazırda bu mərhələdəyik. İkinci məsələ ondan ibarətdir ki, Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşlığını seçib-seçməmək imkanları verilib. Amma məsələ bundadır ki, hər bir hüquqi hadisəyə münasibətin də əslində sosial-psixoloji əsasları var. Qarabağda yaşayan ermənilər uzun illər boyu Azərbaycana qarşı etnik nifrət, düşmənçilik əsasında tərbiyə olunublar. İslamofob, türkofob əsaslarda tərbiyə olunublar. Ona görə onlar özləri üçün beyinlərində yaratdıqları psixoloji baryeri keçib müraciət edə bilmirlər. Düşünürəm ki, bu günə kimi portal vasitəsilə müraciət edənlərin sayının az olmasının səbəbi budur”.

Bununla belə, deputat əlavə edib ki, rəsmi Bakı ən ali səviyyədə əfvlə bağlı da rəsmi mövqe bildirib:

“Dövlət vətəndaşlığa sərbəst qəbulla bağlı da bütün rəsmi hüquqi imkanlar yaradıb. Seçib-seçməmək şübhəsiz ki, onların öz hüquqlarıdır. Amma Azərbaycan axıra qədər bu prosesi davam edəcək. Azərbaycan vətəndaşlığını seçənlər üçün də digər bütün vətəndaşlar kimi hüquq və təhlükəsizlik təminatı verəcək”.

Afaq Mirayiq,
Musavat.com

30.10.2023 15:36
2615