“Azərbaycan Respublikasının qanunvericiliyinə görə, işğaldan azad olunmuş ərazilərdə ermənilərə məxsus heç nə yoxdur. Nə torpaq, nə də ev onların mülkiyyəti hesab olunur”.
“Yeni Müsavat”ın məlumatına görə, bunu Axar.az-a vəkil Əkrəm Həsənov Qarabağdan köçən ermənilərin mülkiyyət hüquqlarından danışarkən deyib.
Onun sözlərinə görə, ermənilərin vaxtilə Qarabağda sahib olduğu bu əmlaklar müstəqil Azərbaycan Respublikasının qanunvericiliyi ilə əldə edilmədiyi üçün mülkiyyət hüquqları tanınmır: “Ermənilər torpaq mülkiyyətinə malik deyillər. Çünki SSRİ dövründə torpağa mülkiyyət hüququ, ümumiyyətlə, yox idi. Torpağa mülkiyyət hüququ müstəqillik dövründə verilib. Deməli, heç bir erməni iddia edə bilməz ki, hansısa torpaq sahəsini alıb. Yalnız kimsə SSRİ-dən qalma sənədlə Xankəndi kimi şəhərdə mənzil sahibi olubsa və bunu sübut edə bilsə, onun mülkiyyət hüququ tanınacaq. Amma ehtimal etmirəm ki, belələri çoxdur. Onlar yəqin ki, bu sənədləri çoxdan tullayıblar. Əvəzində əllərində qondarma qurumun sənədləri var. Onu da biz heç bir beynəlxalq hüquqa görə tanımalı deyilik. Vətəndaşımız olmayan erməni SSRİ-dən qalma sənədlə mənzilə sahib olubsa, onun mülkiyyət hüququnu tanımalıyıq. Azərbaycanda çox insan var ki, vətəndaşımız deyil, başqa ölkənin nümayəndəsidir, lakin burada evi var”.
Vəkilin sözlərinə görə, ermənilər illər sonra istədiyi vaxt geri dönüb, vətəndaşlıq tələb edə bilməz: “Onları heç bir halda Azərbaycan vətəndaşı kimi tanımaq öhdəliyimiz yoxdur. Yəni ermənilər digər millətlər kimi Azərbaycan vətəndaşlığına qəbul olunmaq üçün müraciət edə bilər. Amma vətəndaşlıqla bağlı qərar Azərbaycanın özünün səlahiyyətindədir. Kimə istəsə verəcək, kimə istəməsə yox. Hətta Gürcüstanda, yaxud digər bölgədə yaşayan azərbaycanlılara vətəndaşlıq vermirik. Elə isə niyə ermənilərə vətəndaşlıq verməliyik? Yəni verməyə də bilərik. Xüsusən də bizim ərazini öz istəkləri ilə tərk ediblərsə, bizim onlara vətəndaşlıq vermək öhdəliyimiz yoxdur. İndi bu məsələ siyasidir. Vətəndaşlıq verilsə də, bu, siyasi qərarla olacaq. Beynəlxalq hüquq isə bunu bizə məcbur etmir və zorla kiməsə vətəndaşlıq verməyimiz tələb oluna bilməz. Xüsusilə üstündən müddət keçəndən sonra kimsə gəlib vətəndaşlıq tələb edə bilməz. Nəzərə alın ki, onların çoxu Ermənistan vətəndaşıdır, əksəriyyətində Ermənistanın ümumvətəndaşlıq pasportu var. Çünki onlar bu pasportlarla xaricə səfər edirdilər”.
Əsabəli Mustafayev
Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev hesab edir ki, ermənilərin bir qismi işğaldan öncəki illərdə də Qarabağda yaşadığı üçün onların mülkiyyət hüququ var. “Yeni Müsavat”a açıqlamasında vəkil qeyd etdi ki, hüquqi müstəvidə elə hərəkət etmək lazımdır ki, mülkiyyət hüququn pozulması halı aşkarlanmasın və bu məsələdə problem yaranmasın: “Ermənilər Qarabağı könüllü tərk etsələr də, mülkiyyət hüququ qalır. İstənilən halda ermənilər beynəlxalq məhkəmələr vasitəsilə bu məsələ ilə bağlı tələb irəli sürə bilərlər. Əmlak üzərində mülkiyyət hüququnun olması faktdır. Bu mülkiyyəti müəyyən dövr üçün qorumaq lazımdır. Məsələn, evlərin elektron portalını yaratmaq olar. Qayıtmaq istəməyənlərlə bağlı narahat olmağa dəyməz. Azərbaycanda alıcı tapmaq olar. Portal vasitəsilə satış həyata keçirmək olar. Hətta beynəlxalq şirkət cəlb edib evləri auksiona çıxarmaq olar. Əldə olunan məbləği ev sahibinin adına açılan hesaba qoymaq olar. İstənilən halda mülkiyyət hüququnu pozmaq olmaz. Bu kimi məsələlərə emosional yox, beynəlxalq hüquq müstəvisində yanaşmaq lazımdır. Əks halda, ermənilər evin dəyərindən də artıq ziyan dəydiyini iddia edə, beynəlxalq məhkəmələrə müraciət edə, böyük məbləğdə kompensasiya tələb edə bilərlər. Azərbaycan insan hüquqlarını, xüsusilə Qarabağı könüllü tərk edən insanların mülkiyyət hüququnu qorumağa hazırdır”.
O ki qaldı vətəndaşlıq məsələsinə, Ə.Mustafayev bildirdi ki, bu barədə rəsmi elan verilib: “Azərbaycan vətəndaşılığı almaq istəyənlər dövlətimizin qurumlarına müraciət edə bilərlər. Əməllərində Azərbaycan dövlətçiliyinə, xalqa qarşı hər hansı cinayət əməli olmayan ermənilərə vətəndaşlıq verilir. Cinayət törətdiyinə görə vətəndaşlıq ala bilməyən ermənilər bunu beynəlxalq məhkəmələrdə mübahisələndirmək istəsələr, nəticə uğurlu olmayacaq”.
Musa Quliyev
Millət vəkili Musa Quliyev “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “Dövlət ermənilərin mülkiyyət hüququnun qorunmasına təminat verir. Həm evlər, həm də evlərdəki əşyalar müvafiq qüvvələr tərəfindən qorunur. Əsas məsələ ermənilərin geri qayıtması üçün şərtlərə əməl edilməsidir. Ermənistan sülh müqaviləsinin imzalanmasını uzatdıqca Qarabağda vaxtilə yaşayan ermənilərin əmlakları ilə bağlı hüquqları da məhdudlaşdırıla bilər. Ermənistan tərəfi ermənilərin hüquqlarından danışarkən adekvat addımlar atmalıdır. Azərbaycan əmlakları müəyyən vaxta qədər qoruya bilər. Qərbi Azərbaycan və Qarabağdan məcbur qovulan azərbaycanlılar məskunlaşdırılmalıdır. Qarabağda çox sayda qanunsuz məskunlaşan insan var idi. Onların əksəriyyəti işğalçılara dəstək verib, hərbi cinayət törədib. Təbii ki, onları Qarabağa buraxmayacağıq. İstənilən halda Ermənistan bu məsələyə yekun vurulmasında maraqlı olmalıdır. Sülh müqaviləsinin imzalanması ilə bölgədə gərginlik azala bilər. Nəzərə almaq lazımdır ki, Qərbdə bir çox dövlət fəallaşıb, gərginliyin davam etməsində maraqlıdır. Ermənistan başa düşməlidir ki, Fransa, ABŞ uzaqdadır, Azərbaycan və Türkiyə isə yaxında. Bizimlə əməkdaşlıq etməlidir”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”