Ermənilərin “geri qayıtması” məsələsi GÜNDƏMDƏ - SENSASİON AÇIQLAMA

Politoloq: “Yenidən eyni səhvləri etməməliyik”

Son dövrlər ermənilərin Qarabağa qayıtması ilə bağlı müzakirələr aparılsa da, bu məsələ ilə bağlı səngimə müşahidə edilir. Azərbaycan hakimiyyəti ölkə vətəndaşlığını qəbul etmək istəyən Qarabağ erməniləri üçün qapıların açıq olduğunu bəyan edib. Azərbaycan qanunlarını qəbul edən və xalqımıza qarşı cinayətlərdə iştirak etməmiş ermənilər sərbəst şəkildə geri qayıda bilərlər. 

Hökumət hətta erməni sakinlərin qeydiyyata alınması üçün portal da yaratdı. Bununla belə, Avropanın bir çox təşkilatları ermənilərin Qarabağa qayıdışı üçün Azərbaycana cidd-cəhdlə təzyiqlər edir, erməni kilsəsi davamlı olaraq revanşizmlə bağlı bəyanatlar verirlər. Sosial şəbəkələrin erməni seqmentində ermənilərin Qarabağa, Xankəndinə qayıdışı üçün petisiya hazırlanması ilə bağlı çağırışlar edilir. Bir müddət əvvəl isə Ermənistan müxalifəti Vazgen Manukyanın başçılığı ilə Milli Komitə formalaşdırılıb. Vazgen Manukyan Qarabağa ermənilərin qayıtmasının BMT mandatı və beynəlxalq missiya tərkibində həyata keçirilməsini şərt kimi irəli sürüb. Hətta Ermənistan müxalifəti və iqtidarın da ermənilərin Qarabağa qayıtması üçün yekdil mövqeyə malik olduğu deyilir.

“Moskva və Bakı arasında Rusiya sülhməramlılarının Qarabağda qalması və ora erməni əhalisinin qaytarılması məsələsi ilə bağlı yeni müzakirələr planlaşdırılır”. Bu barədə fevralın 14-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. “Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı növbəti Rusiya-Azərbaycan təmaslarına hazırlıq davam edir. Bizim bu sahədə dialoqumuz müntəzəm və konstruktiv xarakter daşıyır. Müzakirə olunan məsələlər arasında erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmaqla Qarabağa qaytarılması, birgə patrulların təşkili, mədəni, tarixi və dini irs abidələrinin mühafizəsi yer alır”, - diplomat əlavə edib.

Ermənilərin geri qayıtması mümkündürmü? Revanşist erməni qüvvələr bundan necəsə yararlana biləcəklərmi?  

Qarabağın dağlıq hissəsi terror yuvasına çevrilməkdədir" - ZAUR MƏMMƏDOV

Zaur Məmmədov

Politoloq Zaur Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, onların geri qayıtmasının Azərbaycan üçün elə bir ciddi problemi yoxdur: “Amma müəyyən şərtlər var ki, kaş ki onunla bağlı dövlətimiz müəyyən addımlar atsın. Birincisi, Azərbaycanın şəxsiyyət vəsiqəsi haqqında qanunvericilik dəyişilməlidir. Bizim şəxsiyyət vəsiqəmizdə milliyyət yazılmır. Yalnız azərbaycanlı yazılır. Milliyyət deyilsə, ermənilər bura gələndən sonra şəxsiyyət vəsiqələrində azərbaycanlı yazılacaq. Onda bilinməyəcək ki, bunlar azərbaycanlıdır, yoxsa ermənidir. Yaxşı olardı ki, qanunvericilikdə dəyişiklik olsun, erməni olduqları bilinsin. Sabah mən də öz torpağıma qayıdacam, onlar da qayıdacaqlar və mən bilməyəcəyəm ki, bunlar kimdir. Qalib gəlsək də, zaman-zaman onların xisləti üzə çıxır. Biz bilməliyik ki, bunların milliyyəti nədir. Bundan sonra onların yaşaması üçün şəraitin yaradılması problem deyil. Əgər o, Azərbaycan vətəndaşlığını qəbul edibsə, yaşamasına etiraz yoxdur. Amma müəyyən şərtlər olmalıdır. Onlar bizim konstitusiyanı qəbul edəcəklərmi? Azərbaycan Respublikasının Konstitusiyasına görə, dövlət dindən ayrıdır. Bizim konstitusiyamızda dövlətin əsas dini göstərilməyib. Rəsmi dinimiz bilinmir, islamdır, yoxsa xristiandır və s. Ermənilər öz dinlərinə, kilsələrinə bağlı bir millətdir. Bunlar sabah gələcəklər, deyəcəklər ki, biz azsaylı xristian xalqıyıq. Bizim dinimizi mütləq qeyd edin. Biz öz xristian kimliyimizi qoruyub saxlayacağıq və bundan istifadə edərək qutsal dəyərlərimizi pozacaq, öz ayinlərini icra edəcəklər, yoxsa bunu hansı formada edəcəklər. Azərbaycanda bütün dinlər azaddır. Amma bunlara xüsusi bir imtiyaz vermək mümkün deyil. Əgər onlara xüsusi imtiyaz verilərsə, onda digər dindən olanlar da imtiyaz istəyəcəklər”. 

Politoloq əlavə edib ki, ermənilər Azərbaycana gəlsələr, onların da vətəndaş kimi seçib-seçilmək hüququ olacaq: “Əlbəttə, biz buna etiraz etmirik. Amma Azərbaycanda müəyyən vəzifələr var ki, onların ora buraxılmasına əngəllər olmalıdır. Misal üçün, Dövlət Təhlükəsizlik Xidməti, kəşfiyyat xidməti. Əgər onların vətəndaş kimi hüququ varsa, bütün vəzifələrdən yararlana bilərlər. Amma dövlətin təhlükəsizliyi, xarici siyasətində ermənilərin təmsil olunması doğru deyil. Nə qədər olmaya, onların qanında ermənilik var. Bizim dövlətimizin informasiya təhlükəsizliyi, milli təhlükəsizliyi təhlükə altında qala bilər. Deyəcək ki, mən vətəndaşam, burada işləmək istəyirəm, mənim də hüququm var. Sovet dövründə Azərbaycanın yüz minlərlə arxiv sənədi yandırıldı, yox edildi. Daha sonra mən heç vaxt istəməzdim ki, ermənilər Azərbaycanın elm və təhsili ilə bağlı tədqiqat aparsınlar, Azərbaycanın tarixi, dilindən dərs desinlər. İngilislərlə fransızlar 100 illik müharibə etdilər, hələ də bir-birilərinə qarşı kin qalıb. Dünyanın ən inkişaf etmiş ölkələrində belə münasibət qalıbsa, kim təminat verə bilər ki, 100 il keçəcək, ermənilər içindəki kini unudacaqlar. Bunlar nəzərə alınmalıdır. Sonra bunlar başlayacaqlar hər il 24 apreldə öz uydurma soyqırımlarının ilini keçirməyə. Onlar da deyəcəklər ki, siz Xocalı soyqırımının anım gününü keçirirsiniz, biz də edirik. Ona hansı şərtlərlə biz yanaşacağıq, ona icazə veriləcəkmi. Əgər biz buna icazə versək, deməli, Türkiyə ilə münasibətləri kəsməliyik. Yəni vətəndaş kimi hüquqlarından istifadə etsinlər, yaşasınlar, işləsinlər, oxusunlar, sahibkarlıqla məşğul olsunlar, özəl sektorda olsunlar. Azərbaycanda 30 mindən çox erməni yaşayır. Məgər biz onlara bir söz demişik? Amma bundan sonra ehtiyatlı olmalıyıq. İşimizi ehtiyatlı tutmalıyıq ki, 30-40 ildən sonra onlar yenə bizim sistemə, kəşfiyyat orqanlarımıza, təhsil, elmimizə daxil olmağa çalışacaqlar. Biz 100 il əvvəlki adamlara oxşamalı deyilik. 100 il əvvəl, cümhuriyyət dövründəki adamlar inandılar, buna görə başımızısa nələr gəlmədi ki, torpaqlarımız alındı, faciələr yaşadıq. Yenidən eyni səhvləri etməməliyik”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

20.02.2024 08:46
2244