Erməni terror təşkilatlarının fəaliyyət coğrafiyası o qədər genişdir ki, hətta onlar okeanın o tayında, Amerika Birləşmiş Ştatlarında da “ad” çıxarıblar. Bu cinayətkar dəstələrdən biri də Kaliforniya ştatında “Erməni gücü” adı altında fəaliyyət göstərir.
“Erməni gücü” kriminal qruplaşması 1980-ci ildən fəaliyyət göstərməyə başlayıb. Əsas üzvləri Ermənistan, Livan, İran və keçmiş SSRİ-nin şəhərlərindən olan ermənilərdir. İlk vaxtlar kiçik bir cinayətkar qrup kimi formalaşan dəstə sonralar böyük kriminal qruplaşmaya çevrilib.
“Erməni gücü”nün əsas fəaliyyət istiqaməti narkotik vasitələrin dövriyyəyə buraxılmasından, sifarişli və qarət məqsədilə qətl törətməkdən, zorlamadan, insan alverindən, adam oğurluğundan, hədə-qorxu yolu ilə soyğunçuluqdan, qeyri-qanuni qumar oyunlarından, reketlikdən ibarətdir. Bunlarla yanaşı, qruplaşmanın üzvləri böyük pulların əldə olunması üçün digər cinayətlərdə də yüksək “peşəkarlıq” göstərirlər.
Şəxsi məlumatların oğurlanması ilə bank hesablarından külli miqdarda pulların çıxarılması, çirkli pulların yuyulması, saxta sənədlərlə yerli sakinlərin sosial yardımlarının mənimsənilməsi, sığorta maxinasiyaları və digər dələduzluq yolu ilə mənimsəmə əməlləri də “Erməni gücü”nün fəaliyyət dairəsinə daxildir.
“Erməni gücü”nə güc verən amillərdən biri də bu kriminal dəstənin dünyanın ayrı-ayrı ölkələrində fəaliyyət göstərən kriminal qruplaşmaları ilə tərəfdaşlığıdır. Zəncirvari əməliyyatlarda qarşılıqlı “işbirliyi” planlaşdıraraq onlar cinayətlərin əhatə dairəsini daha da genişləndirirlər.
Amerika polisi və ABŞ Federal Təhlükəsizlik Bürosu uzun illərdir ki, “Erməni gücü” qruplaşması ilə mübarizə aparır. Təkcə 2011-ci ildə ABŞ-ın müvafiq qurumları dəstənin 94 nəfəri haqqında cinayət işi qaldırıb. Digər keçirilən bir əməliyyat zamanı daha 74 erməni cani məhkəmənin hökmü ilə dəmir barmaqlıqlar arasına göndərilib.
2014-cü ildə dəstənin fəal üzvlərindən biri olan Andranik Aloyan 75-dən artıq bank müştərisinin fərdi və maliyyə hesablarını əldə edərək pullarını mənimsəməkdə ittiham olunaraq həbs edilib. Mənimsənilən pulların ümumi məbləği 25 milyon dollara yaxın olub.
Kriminal qrupun digər fəallarından biri Yerkanyanın cinayət əməllərinə isə Los-Anceles məhkəməsi cəza tətbiq etməkdə çətinlik çəkib. Ayrı-ayrı cinayət epizodlarına görə, Yerkanyanın cəza müddəti 100 ilə bərabər olub. Məhkəmə bu erməni canini 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Maraqlı faktlardan biri ABŞ Federal Təhlükəsizlik Bürosunun apardığı istintaq zamanı ortaya çıxan rəqəmlərdir. Belə ki, “Erməni gücü” kriminal qruplaşmasının üzvləri iki il ərzində təkcə bank dələduzluğu ilə Amerika vətəndaşlarına ümumilikdə 200 milyon dollardan artıq ziyan vurub. Bəli, bu məbləğ yalnız bank dələduzluğundan əldə olunub.
“Erməni gücü”nü zənginləşdirən sahələrdən biri də insan alveri və qeyri-qanuni fahişəxanaların saxlanılmasıdır. Bu sahədə ad çıxaran ermənilər saysız-hesabsız qadınları müxtəlif yollarla aldadaraq cinsi istismara məruz qoyurlar və bu yolla kifayət qədər böyük məbləğlər qazanırlar.
Sözsüz ki, “Erməni gücü” dəstəsinin kriminal yollarında problemləri də az olmayıb. Xüsusilə Latın Amerikasındakı kriminal dəstələrlə yaranan münaqişələr ermənilərə baha başa gəlib. 2000-ci ildə “Erməni gücü”nün əsas yaradıcılarından biri Armen Petrosyan Latın Amerikasının kriminal mafiyası tərəfindən güllələnib. Özlərinə güvənən ermənilər Amerikada bu cür qisaslarla tez-tez üzləşiblər.
Fəaliyyət göstərdiyi illər ərzində dəstənin daxilində də konfliktlər yaşanıb. İş və pul bölgüsü zamanı yaranan mübahisələr dəstədaxili qruplaşmalara səbəb olub ki, bu da növbəti cinayətlərin törənməsinə zəmin yaradıb.
Həbslər, qətllər, digər ciddi problemlər “Erməni gücü” kriminal qruplaşmasının sıralarını heç də seyrəltməyib. Terrora, cinayətə meylli olan erməni gənclər cinayətkar dəstənin sırasına daxil olaraq “Erməni gücü”nün “vakansiyalarını” doldurmağa davam etməkdədirlər.
Daha maraqlı faktlardan biri isə “Erməni gücü”nün rəhbərləri ilə Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sərkisyanla yaxın dost münasibətlərində olmalarıdır. Sabiqlər həm hakimiyyətdə olanda, həm də indi Amerikaya səfər edəndə bu cinayətkarlarla görüşlərini heç də gizli saxlamırlar. Bu faktın özü də bir daha sübut edir ki, Ermənistan terrora dəstək verməyə meyllidir və bir çox hallarda terror aktların keçirilməsində iştirakçı tərəfdir.
Sözsüz ki, dünya zaman-zaman erməni terroruna son qoyacaq. Artıq erməni terroru zəncirinin bir bəndi Azərbaycan tərəfindən məhv edilib və bu cür tədbirlər davamlı olacaq.
İlham Cəmiloğlu, Musavat.com