Dünən axşam saatlarında Kirants icma zalında toplantı keçirilib. Qubernatorluq işçiləri bir neçə saat ərzində bir qrup sakinlə təzminat məsələlərini müzakirə ediblər. Söhbət ilk növbədə sərhədin demarkasiyası nəticəsində evlərini itirən kirantslılardan, eləcə də körpünün təhvil verilməsi ilə bağlı evləri sərhəddə qalan ev sahiblərdən gedir.
Bu barədə "Hraparak" məlumat yayıb.
Bildirilib ki, hökumət həmin insanlara yeni evlər tikməklə kompensasiya vermək niyyətindədir və onlar artıq kəndin “sovxoz” məhəlləsində tikinti işlərinə başlayıblar.
"Bir aya necə ev tikəcəklərini söyləmək çətindir. Məsələ burasındadır ki, Azərbaycana keçən iki evin sahiblərinə möhlət verilib: onlar iyunun 24-dək evlərini boşaltsınlar. Yəni iyunun sonunda azərbaycanlılar Kirants ərazisində görünəcəklər", - sakinlər bildiriblər.//Publika.az