Ermənilərdən yeni sərsəmləmə - Qarabağa vətəndaş kimi qayıtmaq istəmirlər

Azərbaycan dövlətinin humanizminə Ermənistandan anormal davranış; ölkəmizin ərazisində yaşamaq haqqına yalnız qanunlarımıza əməl edənlər sahiblənə bilər; ekspertlərdən maraqlı açıqlamalar

Ötən ilin 19-20 sentyabrında Azərbaycan Xankəndi və digər ərazilərdə lokal antiterror tədbirləri həyata keçirərək, xarici havadarlarının dəstəyi ilə burada 30 il ərzində separatizmlə, terrorla məşğul olan qanunsuz rejimi zərərsizləşdirdi.

Cəmi bir gün çəkən əməliyyat tədbirləri nəticəsində ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olundu və prosesin gedişində Xankəndi, Ağdərə, Xocalı, Xocavəndin bir hissəsində, Əsgəranda yaşayan ermənilər könüllü olaraq Qarabağı tərk etməyə başladılar. Azərbaycan həm onda bildirmişdi, həm də bu gün bəyan edir ki, dinc şəkildə, vətəndaş olaraq Qarabağda yaşamaq istəyən ermənilərin toxunulmazlığına təminat verilir. Prinsipial mövqe bundan ibarətdir ki, mülki sakinlər istədikləri zaman Azərbaycan vətəndaşlığını qəbul edib bura gələ bilərlər. Hətta bunun üçün portal da yaradılıb. Yəni Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən şəxs qanunvericiliyə uyğun şəkildə portala müraciət edə bilər. Məsələ burasındadır ki, Ermənistan Azərbaycanın bu humanist addımının qarşılığında portala daxil olmağı yasaqlayıb və Qarabağa qayıtmaq istəyən ermənilər bloklanmış portala daxil olmaqdan məhrumdurlar.

Xatırladaq ki, rəsmi Bakı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı planını hələ ötən il açıqlayıb. Bu barədə Azərbaycan Prezident Adminstrasiyası da məlumat yaymışdı. Bildirilirdi ki, erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir. Sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb oluna bilər. Həmçinin Qarabağda bələdiyyələr formalaşdırılır, sakinlərin vətəndaşlıq məsələləri Azərbaycan qanunvericiliyinə uyğun olaraq, müvafiq prosedurlar əsasında həyata keçirilir, tərk-silah və tərxis prosesi başa çatdırılır, bütün silahlar sakinlərdən yığılır, dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi təmin olunur, həmçinin erməni dilinin istifadəsinə imkan yaradılır. Çoxsaylı məsələlərdən bəhs olunurdu. Ancaq Azərbaycan ərazilərinə konstitusiya ilə iddiasını hələ də saxlayan Ermənistan normal münasibətlərin bərqərar olmasını istəmir, bununla bağlı ayrı-ayrı paytaxtların da qarışdırıcılıq niyyətləri ortadadır.

Fakt budur ki, ermənilərə indi də xarici havadarları, separat, terror, revanş meylli qüvvələr Azərbaycan vətəndaşı olaraq Qarabağa dönməyə imkan vermirlər. Artıq onların yeni sərsəmləmələri də peyda olub. “Qarabağ erməniləri Azərbaycan vətəndaşı kimi qayıda bilməzlər, bu, sadəcə olaraq, mümkün deyil”. Bunu Qarabağın işğal altında olduğu illərdə bölgədə qurulan oyuncaq qurumun “parlament”inin “spikeri” olmuş Artur Tovmasyan jurnalistlərlə söhbətində bildirib. Onun sözlərinə görə, Qarabağ ermənilərinin geri qayıtması üçün beynəlxalq təminatlar lazımdır. Tovmasyanın fikrincə, qarşıda iki yol var: biri “böyük vətənpərvərlik” yolu, digəri isə mövcud reallıqları nəzərə almaqdır. “Düşünürəm ki, kimsəyə zərər verməmək üçün indiki reallıqları rəhbər tutmalıyıq”, - Artur Tovmasyan bildirib.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bugünlərdə Qarabağ ermənilərinin regionu könüllü tərk etdiyini təsdiqləmişdi. Amma özünəməxsus şəkildə. “Təəssüf ki, Qarabağ ermənilərinin əksəriyyəti regionu tərk edib. Bu, ağır, lakin könüllü seçim olub”, - deyən nazir müavini qeyd etmişdi ki, Qarabağda vəziyyət köklü şəkildə dəyişdiyindən, Rusiya sülhməramlılarının orada qalma şərtləri yalnız Azərbaycan tərəfi ilə müzakirə olunur: “Qeyd etmək lazımdır ki, tərəfdaşlarla dialoqumuz konstruktiv xarakter daşıyır. Biz bütün məsələləri tərəflərin məqbul saydığı şəkildə həll edirik”.

Rusiya Ermənistana köçmüş erməniləri himayə etməklə, vaxtaşırı onlara yardımlar çatdırmaqla əlindəki “kart”dan fürsət düşəndə istifadə etməyə çalışır. Təsadüfi deyil ki, Qarabağdakı hərbi kontingentin missiyasını başa vurmasına il yarımdan bir az artıq vaxt qaldığı dönəmdə Rusiya bu mövzuda fəallıq nümayiş etdirir. Kreml öz hərbi mövcudluğunun davamını heç şübhəsiz ki, Qarabağda ermənilərin yaşaması halında görür. Ancaq ermənilər öz xoşları ilə bölgəni tərk ediblərsə, bunu hətta Paşinyan da təsdiqləyibsə, Azərbaycan onları məcburən qaytara bilməz. Reallığı anlamaq elə də çətin deyil. Beynəlxalq hüquq da bunu deyir: Azərbaycan ərazisində yaşamaq haqqına yalnız qanunlarımıza əməl edənlər sahiblənə bilər. Bəs ermənilər son davranışları ilə nə demək istəyir? Onlar başa düşmək istəmirlərmi ki, geri qayıtmaları yalnız vətəndaş kimi mümkündür, başqa heç bir variantda Qarabağda yaşamaları üçün hüquqi əsas yoxdur?

AbzasMedia - Qafar Çaxmaqlı: "Erməni dilini bilmək ermənilərlə işləmək üçün  vacibdir"

 Qafar Çaxmaqlı 

Ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, erməni əhalinin Qarabağa geri dönüşü ilə bağlı Ermənistanın ortaya qoyduğu bir siyasət yoxdur: “Qarabağı könüllü surətdə tərk edən əhali ölkənin müxtəlif yerlərində məskunlaşdırılıb. Bir hissəsi isə - təxminən 30 min nəfər - Rusiya və başqa yerlərə köç ediblər. Ermənistan cəmiyyəti Qarabağ ermənilərinin geri dönüşündə Rusiya sülhməramlılarının təhlükəsizliklə bağlı verəcəyi qarantiyaya inanmır və beynəlxalq qarantiya istəyir. Bu istiqamətdə separatçıların da, Ermənistan dövlətinin də istəkləri var. Onlar Azərbaycan vətəndaşlığını qəbul etməyəcəklərini və Kosovo albanları kimi hansısa status alandan sonra Qarabağa geri dönmənin mümkün olduğunu irəli sürürlər. Əlbəttə, belə təhrikçi hərəkət və siyasətdə Qərb dövlət dairələrinin rolu var və Azərbaycanı buna məcbur etmək planı işə salınıb. Bu səbəbdən də Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını qəbul edib, burada yaşama istəkləri yoxdur”. Q.Çaxmaqlı qeyd etdi ki, Ermənistanla Azərbaycan arasında sülh danışıqları prinsiplərində Qarabağ məsələsi, oradan köçən qaçqınlar məsələsi yoxdur və bu, heç vaxt müzakirə predmeti olmayacaq: “Əgər ermənilərin müəyyən hissəsi Azərbaycan vətəndaşlığını qəbul edib geri dönmək qərarı versə, onlar mütləq filtrasiyadan keçməlidir. Vaxtilə burada yaşayan erməni əhalinin Azərbaycana qarşı cinayətlərdə iştirakı araşdırılmalıdır. Hesab edirəm ki, çox az erməni tapmaq olar ki, 30 il boyunca separatizmin, savaşın, cinayətlərin iştirakçısı olmasın. Erməni əhalinin böyük əksəriyyəti bu cinayətlərin aşkar edilməsindən çəkinir və ona görə də Qarabağa geri gəlmək fikri yoxdur. Ermənilərin və onların havadarlarının bundan sonra da geri dönüşün beynəlxalq təminatı variantı üzərində duracaqları bəllidir. Azərbaycana müəyyən təzyiq mexanizmləri də işə düşə bilər. Amma bizim əlimizdə də Ermənistana azərbaycanlı əhalinin geri dönüşü ilə bağlı arqumentlər olmalıdır”.

Məhəmməd Əsədullazadə: “Azərbaycan Brüsselin vasitəçiliyindən...”

 Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə bu fikirdədir ki, Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda Qarabağ ermənilərinin geri qayıtması müzakirə olunmur: “Heç rəsmi İrəvan da bunda maraqlı deyil. Azərbaycanın da əsas tələbi qərbi azərbaycanlıların geri qayıtması prosesidir. Ona görə də Nikol Paşinyan Qarabağdan könüllü köçən ermənilərə Ermənistan vətəndaşlığı verilməsini elan edib. Təbii ki, Qərbin müəyyən mərkəzləri və Rusiyaya bağlı separatçı tör-töküntülər Qarabağ ermənilərinin geri qayıtmasını qaldırır. Azərbaycan da yalnız vətəndaş almaq istəyənlərə icazə verir. Amma separatçı düşüncədə olanlar ermənilərin Azərbaycan vətəndaşlığını istisna edirsə, demək, burada Azərbaycana qarşı yenidən separatizm niyyəti var. Həmin qüvvələr çalışır ki, ermənilər qayıtsın və onlara yeni bir status verilsin. Yəni belə absurd fikirdədirlər”. M.Əsədullazadənin fikrincə, ümumiyyətlə, bu məsələ bağlanib: “Əlbəttə, İrəvanda bu kimi xəstə təxəyyüldə olanlar baş qaldıracaq. Hesab edirəm ki, ermənilərin vətəndaşlıq almadan qayıtması mümkün olmayacaq. Qeyd edim ki, Azərbaycan və Türkiyə regionda yeni bir siyasi nizam yaradıb. Azərbaycan regional gücdür. Ermənistanda revanşist və separatçı düşüncə yalnız Ermənistanın dalanda saxlanması ilə nəticələnəcək. Qarabağ ermənilər üçün qapadılıb. Bu məsələləri ortaya atmaqla Azərbaycana qarşı təzyiq etməyə çalışırlar. Bu da mümkün görünmür”.

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

 Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı da məsələyə prinsipial yanaşma ortaya qoyan ekspertlərimizdəndir: “Bunlar onsuz da artıq gediblər, amma xislətlərinə uyğun olaraq, Azərbaycan üçün nə qədər mümkündürsə, problem qoyub getmək istəyirlər. Erməni xəstəliyinin bir xüsusiyyəti də var ki, onlara yaxşılıq edənlərə pisliklə qarşılıq verib, tərk edirlər. Onların 200 il əvvəl etdiyimiz yaxşılıqlara bu cür cavab vermələrinə də normal baxmalıyıq. Qədim latın məsəli var ki, "abiens abi", “gedirsənsə, bəhanəsiz get” kimi tərcümə edə bilərik. Onlar bu qaydaya əməl edə bilmir, çıxdıqları yerdən murdarlıq edib, sonra gedirlər. Bu, onların milli xüsusiyyətləridir. Məsələnin siyasi tərəfinə gəldikdə isə, ermənilər bölgəni məqsədli şəkildə tərk ediblər. Birincisi, bu hadisədən Azərbaycana qarşı təbliğat vasitəsi kimi istifadə etmək istəyirlər. İkincisi, Azərbaycana təzyiq etmək məqsədi olan ölkələr üçün ənənəvi alət rolunu ifa etmək niyyətindədirlər. Hər iki halda milli maraqlar yox, gəlir əldə etmək istəkləri üstünlük təşkil edir. Qarabağdan qaçan bu “vəzifə” sahiblərinin açıqlamaları həmin məqsədə xidmət edir. Fikir verdinizsə, bu açıqlamada geri qayıtmaq variantı istisna edilir, reallıqla hesablaşmalı olduqları qabardılır. Ermənilər bu günə qədər uydurma “soyqırım” iddialarından pul qazanıblar, indi yeni bir qazanc mənbəyi üçün zəmin hazırlayırlar. “Niyyətin hara, mənzilin də ora” deyimi bunlara aiddir. Pisniyyətlərin gedib çatdığı yer də bəllidir. Onların bu niyyətləri ilə yollarına davam etməsinə mane olmayaq".

E.PAŞASOY,
Musavat.com

22.02.2024 13:20
2273