“ASALA”nın yenidən dirçəlməsi ilə bağlı məlumatlar var
Azərbaycanın Qarabağ üzərində öz suverenliyini tam bərpa etməsi beynəlxalq erməniliyin xüsusilə terrorçu kəsimində böyük qəzəb yaradıb, antitürk isteriyasını gücləndirib. Artıq xaricdəki diplomatlara qarşı yeni təhlükə barədə xəbərdarlıqlar edilib. Yəni ölkəmizə və onun müttəfiqlərinə qarşı erməni terrorizminin yeni dalğası baş qaldıra bilər. ABŞ-nin Los-Anceles şəhərində Türkiyə və Azərbaycan diplomatlarına qarşı həyata keçirilən erməni təxribatı bunun xəbərçisi sayılmalıdır.
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a müsahibəsində gözlənilən təhdidlər barədə sualları cavablandırıb:
- Tarixdən də bəllidir ki, erməni terrorçuları hər məğlubiyyətdən, yaxud onları narahat edən ciddi hadisədən sonra nəinki Azərbaycanda, Türkiyədə də terror aktları törədiblər. Son hadisələr göstərir ki, bu təhlükə yenidən özünü büruzə verə bilər. Sizcə, təhlükə özünü hansı formada göstərəcək?
- Ermənilər hər zaman məğlubiyyətə uğrayıblar. Hətta faciəyə məruz qaldıqlarını demək olar. Normal sülh münasibətləri yaratmaq əvəzinə, bunun qisasını almaq üçün milli dirçəlişi terrorda görüblər. Ermənilər üçün terror milli dirçəliş deməkdir. 1915-ci il hadisələrindən sonra Tələt paşa 1921-ci il martın 15-də Berlində Daşnaksütun partiyasının təşkil etdiyi Nemezis əməliyyatı çərçivəsində Soqomon Teyliryan adlı erməni terrorçusu tərəfindən qətlə yetirilib. 1920-ci ildən sonra cümhuriyyət yaradıcılarına qarşı Tiflis və digər yerlərdə sui-qəsdlər törədiblər. 70-ci illərdə isə ermənilər dünyanın müxtəlif ölkələrində təxminən 30 türk diplomatını qətlə yetiriblər. İndiki vəziyyətdə Qarabağda ağır məğlubiyyətdən sonra rəzil günə düşdükdən sonra onların terrora əl atmaması qeyri-mümkündür. Bu, onların xislətidir. Üstəlik, kilsənin, erməni diasporunun apardığı həm ideoloji iş, həm də maliyyə dəstəyi terrora yönəldiləcək. Artıq fəaliyyətini xeyli zəiflətmiş “ASALA”nın yenidən dirçəlməsi ilə bağlı məlumatlar var. Həm Azərbaycanda, həm də xaricdə yaşayan azərbaycanlılara qarşı terror törədilə bilər. Qarabağda bəzi terrorçular hələ də gizlənə bilər. Onların da terror törətmə ehtimalı var. 44 günlük Vətən müharibəsindən sonra bunun şahidi olduq. Eyni zamanda xaricdə fəaliyyət göstərən diplomatlarımıza qarşı da terror cəhdləri ola bilər. Hesab edirəm ki, xüsusi xidmət orqanları bu istiqamətdə əməliyyat şəraitinə ciddi nəzarət edib, preventiv informasiyalar alıb, bunun qarşısını alacaqlar.
- Terror aktları öncədən düşünülmüş və planlaşdırılmış şəkildə həyata keçirilir, ya qəfil panika ilə qan tökmək qərarı verilir?
- Hər iki variant mümkündür. Məsələn, Xankəndidə snayper atəşi açıldı. Bu, isterika əlaməti idi. 1915-ci il hadisələrindən 60 il sonra türk diplomatlarına qarşı serial qətllər törətdilər. Həm uzunmüddətli plan qurula bilər, həm də isterik vəziyyətdə qərar verilə bilər. Erməni ideologiyası dəyişmir.
- Nə baş verə bilər ki, ideologiya dəyişsin?
- Lokal antiterror tədbirləri, keçmiş xunta rəhbərlərinin saxlanaraq Bakıya gətirilməsi tam məğlubiyyət deməkdir. Onlar artıq Türkiyə və Azərbaycana qarşı ərazi iddialarının mənasız olduğunu anladılar. Çar imperiyası, SSRİ dövründə onlara şans verilirdisə, indi belə şans da yoxdur. Azərbaycan müstəqil, güclü dövlətdir. Türkiyə isə daha güclü, üstəlik NATO üzvü olan dövlətdir. Ermənilər bundan sonra harada iddia qaldıra bilərlər? Gürcüstanda Cavaxetiyada və başqa yerlərdə. Qeyd etmək lazımdır ki, kilsə ideologiyası dəyişmir. Kilsə xadimləri məsələləri dini müstəvidə deyil, milli müstəvidə həll edirlər. Minillər öncə yaratdıqları ideya birdən-birə yox ola bilməz. Hərçənd, buna qarşı çıxan ermənilər var. Hətta Paşinyan da Ağrı dağının emblemə qoyulmasının əleyhinə olduğunu ifadə edib. Təəssüf ki, bu açıqlamalara diqqət edilmir. Əksinə, bu, birliyin atributu hesab edilir.
İlham İsmayıl: “İstər kilsə, istərsə də Qarabağı tərk edən ermənilərə ayrılan pulların terrorçuluğa yönəldilməsi gözləniləndir, çünki...”
- Qarabağı tərk edən ermənilər üçün mümkün olan hər şərait yaradılır. Amma beynəlxalq humanitar missiya çərçivəsində müəyyən dövlətlər, məsələn, ABŞ, İtaliya ermənilərə maddi yardım ayırır. Necə hesab edirsiniz, bu vəsait dolayı yolla terrorçuluğa yönəldilə bilərmi?
- Tamamilə mümkündür. Bu gün istər kilsə, istərsə də Qarabağı tərk edən ermənilərə ayrılan pulların terrorçuluğa yönəldilməsi gözləniləndir, çünki hələ SSRİ dövründə, hətta öncəki illərdə imkanlı ermənilər gizli şəkildə Hayastan fonduna pul köçürürdülər. Erməni terrorçuları Türkiyədə bu fonda pul köçürmək istəməyən erməniləri belə qətlə yetiriblər.
- Keçmiş xunta rəhbərlərinin saxlanaraq Bakıya gətirilməsi erməni lobbisini ayağa qaldırıb. Terrorçuluq fəaliyyətindən əlavə, onlar nələr edə bilərlər?
- Erməni mətbuatına fikir verirəm, sözügedən şəxslərin tutulması ilə bağlı heç bir kampaniya aparılmır. Görünən odur ki, Paşinyan hakimiyyətinin onlara münasibəti mənfi idi. Saakyan, Qukasyan Paşinyanın rəqiblərinin - Köçəryanın, Sarksyanın adamları idi. Perspektivdə müəyyən kampaniyalar aparıla bilər. Lakin indiki mərhələdə bunu etmək əvəzinə, Fransa, Avropa Parlamentinin Azərbaycana qarşı sanksiya tətbiq etməsinə çalışırlar. Qatı anti-Azərbaycan mövqeyində olan Fransa istər Makronun, istərsə də xarici işlər naziri Kolonnanın simasında görünən odur ki, bunun heç bir xeyri yoxdur. Sanksiya məsələsi gündəmdə deyil. Tutulanların azad olunması əvəzinə, Azərbaycanı beynəlxalq qınaq hədəfinə çevirmək üçün çalışırlar. Avropa Parlamenti saxlananları siyasilər adlandırır. Halbuki, onlar hərbi və başqa cinayətlərə görə həbs olunublar. Qərəzli, dini və etnik baxımdan yanaşırlar. Hüquqi tərəfdən yanaşsalar, görərlər ki, Arayik Arutyunyan Gəncəyə raket atılması əmrini verdiyinə görə saxlanıb. Bako Saakyan və digərləri isə serial cinayətlər törədiblər.
- Köçəryan və Sarkisyanın adını çəkdiniz. Onlar necə, vəziyyətdən istifadə edib terror aktlarının təşkilində iştirak edə bilərlərmi?
- Köçəryan və Sarkisyan bunu Arayik kimi açıq formada etməyəcək. Onlar buna əl atsalar, gizli şəkildə Livandakı, Fransadakı, hətta Ermənistandakı terrora meylli şəxslərdən istifadə edəcəklər. Yada salaq ki, Bakıda metro stansiyalarında törədilən terror aktında başqa millətin nümayəndəsindən istifadə ediblər. Yəni, terror üçün müxtəlif variantlardan istifadə oluna bilər.
- Erməni lobbisi, erməni milyarderləri də terrora maliyyə dəstəyi verməyə davam edəcəklər...
- Bu gün konqresmenlərdən tutmuş jurnalistlərə qədər, hətta Samanta Pauerlə də ciddi əlaqələr qura bildikləri üçün deyə bilərik ki, terror üçün pul ayırmaq onlar üçün çətin deyil. Təbii ki, bu gizli şəkildə olacaq. Bütün erməni milyarderləri buna potensial maliyyə dəstəyi verənlərdir. Onlardan biri Rusiya erməniləri ittifaqının prezidenti Ara Abramyandır. Argentinada yaşayan Eduardo Eurnekiyan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Luis Moreno Okamponu pulla ələ aldı və o 2 aydan çox Azərbaycana qarşı cinayət işləri qaldırmaqla məşğul oldu. Bir sözlə, ermənilərin terror üçün maliyyə imkanları heç zaman tükənməyib.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”