GALLUP-un keçirdiyi sorğudan məlum olub ki, əhalinin 75 faizindən çoxu azərbaycanlılarla birgə yaşamaq istəmir; sosioloq: “Onun nəticələrinə etibar etməyin, çünki...”
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi sözsüz ki, böyük ölçüdə erməni cəmiyyətinin ona nə dərəcədə hazır olmasına bağlıdır. Bu isə ilk növbədə Nikol Paşinyan hakimiyyətinin problemidir. Bacaracaqmı? 2024-cü ildə bu suala cavab tapılacaq.
Bu arada Ermənistanda “Gallup International” şirkətinin keçirdiyi sorğudan məlum olub ki, sorğu iştirakçılarının 75,7%-i azərbaycanlılarla birgə yaşamağa hazır deyil. Bu barədə GALLUP Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan bildirib. Onun sözlərinə görə, respondentlərin 9,6%-i böyük ehtimalla azərbaycanlılarla birgə yaşamağa hazırdır, 6,2%-i mütləq hazırdır, 6,1%-i kifayət qədər hazır deyil, 2,4%-i isə bu suala cavab verməkdə çətinlik çəkib. Sorğu iştirakçıları hakimiyyət təmsilçilərinin saxta “erməni soyqırımı” qurbanlarının ad və soyadlarının dəqiqləşdirilməsinin zəruriliyi ilə bağlı bəyanatına da münasibət bildiriblər. Onların 53,9%-i bunun “erməni soyqırımı” faktını şübhə altına almaq məqsədi güdən türk proqramı olduğunu, 24,3%-i isə cavab verməkdə çətinlik çəkdiyini bildirib. 18,7% bunu ölənlərin real sayını dəqiqləşdirmək və qurbanların şəxsiyyətini müəyyən etmək üçün ədalətli istək adlandırıb, 3,1% isə digər səbəbləri qeyd edib.
Bəs belə sorğu-nəticələr Paşinyan hökumətinə Bakı ilə sülh müqaviləsi imzalamağa nə dərəcədə əngəl ola bilər? Belə çıxır, hakimiyyət erməni toplumunu sülhə hazırlaya bilməyib? Halbuki rəsmi İrəvan sülhə hazır olduqlarını bəyan edir. Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın Almatı şəhərində mayın 10-da görüşəcəklər. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “X”də yazıb. Daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq 2024-cü il mayın 10-da Almatıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılacaq. Göründüyü kimi, erməni cəmiyyətində əhval-ruhiyyə fərqlidir, bizimlə birgə yaşamağın əleyhinədirlər, hərçənd Azərbaycan xalqı da oxşar düşüncədədir, amma sinxron şəkildə hər iki ölkənin rəsmiləri sülh danışıqlarını davam etdirirlər.
Əhməd Qəşəmoğlu
Sosioloq Əhməd Qəşəmoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, GALLUP-un keçirdiyi sorğulara inanmır: “Çünki nüfuzlu təşkilatdır, amma bu məsələlərdən məlumatlıyam. Bu təşkilat Amerikadan təyyarə ilə adam gətirib Ermənistanda sorğu keçirmir. Onlar yerli adamlar vasitəsilə sorğu aparırlar, həmin şəxslər də təcrübəsiz ola bilərlər. Azərbaycanda da xeyli sorğular keçirilib, hansısa Amerika təşkilatının apardığı sorğu olub, amma buradakı adamların əli ilə edirlər. Bir sözlə, onun nəticələrinə etibar etməyin. Yəni təşkilatın adı xarici ola bilər, amma yerli mütəxəssisləri sorğulara cəlb edirlər. Onlar da ictimai rəyi istədiyi kimi təqdim edə bilər. Ona görə də onlar sorğunu təqdim edirlər, xarici təşkilat da öz nəticəsi kimi yayır. Bu, Rusiyada, Gürcüstanda, Azərbaycanda, hər yerdə belədir. GALLUP sorğu keçirmir, yerlərdəki adamlarla müqavilə bağlayır, sorğu keçirir”.
Samir Əsədli
Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin fikrincə, erməni xalqı müharibədən yorulub və indi ən çox ehtiyacı olan sülhdür. Onun sözlərinə görə, sorğunun nəticələri subyektivdir, ikincisi, birgəyaşayışdan söhbət gedir: “Biz normal qonşu kimi yanaşı yaşaya bilərik. Bu gün Azərbaycan cəmiyyəti də birgəyaşayışa hazır deyil. Əlbəttə, ölkəmizdə 30 mindən çox erməni olduğu bildirilir. Amma bütün hallarda xalqları sülhə hazırlamaq bir ilin işi deyil. Bunun üçün hər iki tərəf iş aparmalıdır. Ortada tökülən qanlar, qurbanlar var, ermənilər acı məğlubiyyətdən sonra bizə nifrət edirlər. Bu faktorları da nəzərə almaq lazımdır”. S.Əsədli, bununla belə, erməni xalqının sülh içində yaşamaq istəyində olduğunu düşünür: “Xalqları sülhə hazırlamaq üçün təkcə rəsmi şəxslərin görüşləri kifayət etmir. Bu məsələdə vətəndaş cəmiyyətləri, media, ziyalılar, din xadimləri də iştirak etməlidirlər. Əfsuslar olsun ki, erməni din xadimləri revanşa, qan tökülməsinə çağırır, nifrəti körükləyir. Erməni ziyalıları, siyasət adamları bu işdə addım atmalıdırlar. Hər halda, təkcə sülh müqaviləsi yox, əsl sülhün əldə olunması üçün uzun illər hər iki tərəf çox iş görməlidir”.
Emil SALAMOĞLU
“Yeni Müsavat”