Ermənilər Azərbaycana məxsus daha bir musiqini oğurlayıb.
Musavat.com xəbər verir ki, ermənilər dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasını öz musiqiləri kimi təqdim ediblər.
Hətta həmin musiqi erməni pianoçu Hayk Melikyan tərəfindən Paris Operasında ifa olunub. Musiqinin adını “Vaqarşapet rəqsi” qoyublar.
Ermənilər iddia edir ki, bu musiqini 1947-ci ildə Arno Babacanyan yazıb. Qeyd edək ki, 2019-cu ildə də Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının musiqisinin bir hissəsi erməni bəstəkarı Arno Babacanyan tərəfindən mənimsənilmişdi. O zaman da “Vaqarşapet rəqsi” kimi təqdim edilmişdi.
Ermənilər zaman-zaman, XVII-XVIII əsrlərdə, daha sonra ruslar tərəfindən XIX əsrin əvvəllərində Cənubi Qafqaza köçürüləndən sonra Azərbaycan xalqının mədəni irsinə göz dikib, onu mənimsəməyə və özününküləşdirməyə çalışıblar. Ermənilər bu əməllərini XX əsrin əvvəllərində və sovet dövründə də davam etdirib, xüsusən də dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığına göz dikərək, onun müxtəlif əsərlərindən parçaları, hətta bütöv əsərini oğurlamağa cəhd göstərib.
Ötən il isə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin (COPAT) hesabatında qeyd edilib ki, görkəmli Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Zərif gülüşlüm” adlı musiqi əsərinin ermənilər tərəfindən oğurlanması və erməni mahnısı kimi “Youtube” kanalında yayılması, həmçinin Azərbaycanın Xalq artisti, bəstəkar Eldar Mansurovun “Bayatılar”, “O gələndə”, “Bir payız gecəsi”, “Yarı səndə, yarı məndə” və “Gecələr keçir” əsərlərinin müxtəlif erməni ifaçıları tərəfindən mənimsənilməsi və “Youtube” kanalında, digər internet şəbəkələrində yayılması faktları ilə bağlı agentlik tərəfindən arayışlar hazırlanıb və KİV-də yayılıb.
Bəstəkar Eldar Mansurov mövzu ilə bağlı Musavat.com-a bildirdi ki, ermənilərin bizim musiqilərimizi oğurlaması ilk hal deyil:
“Sovet vaxtından onlar bizim milli dəyərlərimizə göz dikiblər. Təkcə mahnılarımızı deyil, milli xörəyimizi, tariximizi belə mənimsəmək istəyirlər. Onların oğru olduğunu hamı bilir. Biz - təkcə bəstəkarlar toplaşıb bəyanat, yaxud müraciət etməklə bununla mübarizə apara, qarşısını ala bilmərik, görürsünüz, Avropa onlara tərəfdir. Milli-mənəvi dəyərlərimizin qorunması üçün dövlət səviyyəsində mübarizə aparılmalıdır. Bu, yalnız Bəstəkarlar İttifaqının, Yazıçılar Birliyinin işi deyil. Dünyada Bəstəkarlar İttifaqı yoxdur, bu, yalnız bizdədir. Ona görə də bununla bağlı aidiyyəti dövlət qurumları müdaxilə etməlidir”.
Afaq Mirayiq,
Musavat.com