Ermənilər əsir əsgərlərimizi incidir

Onların başına bir iş gələrsə, bunun məsuliyyətini “Qırmızı Xaç” daşımalı olacaq

Əlverişsiz hava şəraiti üzündən Ermənistan tərəfə keçən əsgərlər - 19 yaşlı Aqşin Bəbirov və 20 yaşlı Hüseyn Axundov artıq 7 aydır orada qanunsuz saxlanılır. Yada salaq ki, Azərbaycan və Ermənistan arasındakı razılığa əsasən yolu azaraq qarşı tərəfə keçən şəxslər uzağı iki günə qaytarılmalı olduğu halda (Azərbaycan Vətən savaşından sonra 10-a yaxın erməni hərbçisini geri verib) Ermənistanda əsgərlərimizə qarşı saxta ittihamlarla cinayət işi açılıb, məhkəmə şousu düzənlənib və Hüseyn Axundov 20 il, Aqşin Bəbirov isə 11,5 il müddətinə azadlıqdan məhrum edilib.

Bir neçə gün əvvəl Aqşinlə danışan anası Dürdanə Bəbirova övladı ilə bağlı bədbin fikirlər söyləyib: “Danışığı heç xoşuma gəlmədi. Aqşin heç vaxt belə danışmamışdı. Səsindən belə bildim ki, danışmaq istəmir. "Özüm üçün bir problem yaratsam, narahat olma" dedi. Elə hey sağollaşır, sanki danışmaq istəmirdi. İşgəncələrə məruz qalıblar. Bir-iki kəlmə zorla danışdı. Düşmən evində nə çəkdiyini dilə gətirdi, səbrinin daşdığını açıqladı".

Anaların qəlbi həssas, intuisiyaları güclü olur. Xüsusən də belə məsələlərdə. Böyük ehtimalla içəridə hər iki hərbçimizi incidirlər. Xüsusən də get-gedə şiddətlənən “etnik təmizləmə” ağlaşması fonunda bu ehtimal artır. O da istisna deyil ki, əsgərlərimiz erməni məhbuslarla, hətta residivistlərlə bir kamerada saxlanılır. Hərçənd bu, insan haqlarına, humanitar konvensiyaya ziddir. Amma ermənilər çoxdan Cenevrə Konvensiyası, beynəlxalq hüquq, “Qırmızı Xaç” saya salmırlır.

Bəs Azərbaycan dövləti hərbçilərimizin təhlükəsizliyi və hüquqlarının qorunmasına nəzarəti necə gücləndirə bilər? Aqşin Bəbirovun üstüörtülü mesajı nəyə işarədir? Onların erməni məhbuslarla bir kamerada saxlanması mümkünmü? Azərbaycan Beynəlxalq İnsan Haqları Məhkəməsinə müraciət edəcəkmi?

Məlumdur ki, Bakıda sərhədi qanunsuz keçmiş erməni hərbçilər var. Yaxın vaxtlarda onların azərbaycanlı əsgərlərlə mübadiləsi mümkünmü?

Mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a danışıb: “19 və 20 yaşında olan gənc əsgərlərimiz Aqşin Bəbirov və Hüseyn Axundovun pis hava şəraitində yolu azaraq, Ermənistan ərazisinə keçməsi və onların o ərazidə həbs edilməsi ilə bağlı məsələ artıq 7-8 aydır ki, gündəmdən düşmür. Yolu azaraq sərhədi keçən istər hərbçi, istərsə də mülki şəxslərin dərhal  geri qaytarılması təcrübəsi var. Azərbaycan dəfələrlə bu təcrübədən istifadə edib və onları geri qaytarıb.

Lakin çox təəssüf ki, Ermənistan özünün mənfur və çirkin siyasətini gənc əsgərlərin üzərində yeritmək, bu məsələnin siyasiləşməsinin qarşısını almaq üçün dərhal tələsik məhkəmə şousu  düzəldərək, Aqşinə 11  il yarım, Hüseynə isə 20 il həbs cəzası verməklə, guya onların bu ölkəyə bilərəkdən keçməsi, silah-sursat, qaçaqmalçı kimi ittihamlarla cəza tətbiq etməsinə nail oldu. Aqşinin anası Dürdanə xanımın övladı ilə danışığı mətbuatda gedərkən, hüquq müdafiəçiləri olaraq dərhal narahat olmağa başladıq. Çünki danışıqdan hiss olunurdu ki, Aqşin artıq pessimist ruhdadır, ona qarşı zorakılıq, digər qanunsuz hərəkətlər olub ki, bunu anasına çatdırmağa çalışır.

Ermənistan hər iki hərbçinin Azərbaycanda saxlanılan terrorçularla əvəzləşdirilməsinə çalışır. Onsuz da Ermənistan məsələyə ədalətli yanaşma nümayiş etdirəsi deyil. Hansısa formada bu iki şəxsi gələcəkdə alver predmetinə çevriməklə, məqsədlərinə nail olmağa çalışır.

Təbii ki, bu məsələdə Cenevrə Konvensiyasının tələbləri kobud şəkildə pozulur. Əsir və itkin düşənlərə qarşı davranış qaydaları və məhkumlarla davranış qaydaları beynəlxalq hüquqla qorunan məsələdir. Əgər iki dövlət arasında müharibə vəziyyəti varsa, bu məsələyə nəzarət Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzərində olur. Lakin BQXK öz vəzifəsinin öhdəsndən kifayət qədər gəlirmi, bu gəncləri dəqiq nəzarətində saxlayıbmı? Bu suallar çox narahatlıq doğurur. Hesab edirəm ki, əgər bizim əsgərlərimizin başına bir iş gəlmiş olarsa, bunun bütün məsuliyyəti BQXK-nın üzərində olacaq. Təbii ki, Azərbaycan onların təhlükəsizliyi ilə bağlı 3-cü ölkə ilə danışıqlar aparır, onlarla bağlı narahatlıq ikinci, üçüncü, ölkələrə, beynəlxalq təşkilatlara çatdırılır".

Çingiz Qənizadə: Azərbaycan Ordusu Vətənin hər qarış torpağını qorumağa  qadirdir - AZƏRTAC

Çingiz Qənizadə qeyd edib ki, əsir düşmüş hərbçilərin mübadiləsi mümkündür: “Əlbəttə ki, onların gələcəkdə mübadiləsi mümkündür, yalnız Ermənistanın buna istəyi olarsa.

Amma bütün hallarda biz bu gənc  əsgərlərimizin taleyindən çox narahatıq və bir daha qeyd edirəm ki, onların başına bir iş gələrsə, bunun məsuliyyətini BQXK daşımalı olacaq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

25.10.2023 08:40
2263