Ermənilər Azərbaycan pasportu üçün müraciətə başladılar! Miqrasiya Xidmətinin ilk iş günü - XANKƏNDİdən tarixi video və fotolar!

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa həmin şəxslərin hüquqi statusunun müəyyən olunması ilə bağlı verilən müvafiq tapşırıqlar çərçivəsində Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyətə başlayıblar.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumat yayıb.

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ilkin qeydiyyatına dair müraciətlərinin yerində qəbul edilməsi və bununla əlaqədar maarifləndirmə tədbirlərinin yerində təşkili, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları isə sakinlərin sosial-humanitar ehtiyaclarının müəyyənləşdirilməsi ilə bağlı fəaliyyət göstərirlər.

Reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyat üçün müraciətlərin qəbulu Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən Xankəndi şəhərində yerləşən keçmiş “polis” binasında aparılır.

Həmçinin ilkin qeydiyyata dair müraciətlərin qəbulu və qeydiyyata alınma prosesi Dövlət Miqrasiya Xidməti tərəfindən bu məqsədlə yaradılmış xüsusi portal (reintegration.gov.az) vasitəsilə elektron həyata keçirilir.

Dövlət orqanları əməkdaşlarının bölgədə fəaliyyəti Qarabağda yaşayan erməni sakinlərin yerli cəmiyyətə reinteqrasiyasının daha sürətli həyata keçirilməsinə, həmçinin sosial-humanitar ehtiyaclarının qarşılanmasında səmərəliliyin artırılmasına imkan yaradacaq.

@@TVmusavat/69968@@

01.10.2023 16:05
5449