Ermənilər Amaras monastırını da “erməniləşdiriblər”

Ceyhun Məmmədov: “Artıq erməni saxtakarlığının sonu olmalıdır, çünki...”

Azərbaycan Silahlı Qüvvələrinin Xocavənddə yerləşən qədim alban Amaras monastırının nəzarətinə keçirdiyi bildirilir. Bunu erməni siyasətçi Mesrop Arakelyan bildirib. Qeyd etmək yerinə düşər ki, sadə və aydın memarlıq obrazı olan Amaras monastır kompleksi Qafqaz Albaniyasının - Azərbaycanın xristian memarlığının dəyərli abidələrindən sayılır. Ermənilər uzun illərdir ki, Azərbaycana məxsus bir çox memarlıq abidələri kimi bu abidəyə də sahib çıxmağa çalışıblar.

Məlumat üçün deyək ki, Qafqaz Albaniyasının yepiskopluq mərkəzi olmuş Amaras şəhərinin xarabalıqları eyniadlı çayın sağ sahilində Cütcü kəndi ərazisində qalmaqdadır. Tarixi məlumatlara görə, IV əsrdə Amarasda ilk xristian məbədi tikilib və burada Alban yepiskoplarından biri dəfn edildiyindən ziyarətgaha çevrilib. Həmin qəbir indi Amaras kompleksindəki kilsənin altarı altındakı sərdabədə qalıb. Bu sərdabəni 1970-ci ildə Azərbaycan arxeoloqları aşkar edib. Amaras monastır kompleksi IX əsrdə tikilmiş və sonrakı yüzillərdə dəfələrlə təmir və əlavələr edilib. Bu kompleks indiki görkəmini XIX əsrdə alıb. Amaras monastırı düzbucaq planlı olub küncləri dairəvi bürclərlə möhkəmləndirilib. Onun həyətini dövrələyən qala divarları boyunca hücrələr, yaşayış və təsərrüfat otaqları tikilib. Monastırın təsərrüfat hissəsi əlavə otaq sırası ilə kilsə həyətindən ayrılıb. Monastırın qala divarlarına əlavə möhkəmlik verən bu otaq və yerləşgələr qaba daşlardan, arxivoltları isə yaxşı yonulmuş daşlardan tikilib. Monastırın həyətinə giriş qapısı cənub divarın qərb qurtaracağındadır. Kompleksin baş tikilisi olan kilsə həyətin ortasında ucalır. Kilsənin giriş qapısı qərb tərəfdədir. Amaras kilsəsinin ikienişli dam örtüyünün qərb ucunda altı sütunlu zəng rotondası qoyulub. Kilsənin bütün fasadları yaxşı yonulmuş daş lövhələrlə üzlənib.

Yeri gəlmişkən, uzun illərdir işğal altında olan Azərbaycan ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb. Təbii ki, bu, onların dini, mədəni və tarixi dəyərlərə olan nifrətindən irəli gəlir. Fakt kimi işğal altında olan torpaqlarımızdakı məscidlərdən ermənilərin tövlə kimi istifadə etməsini də deyə bilərik. Bəzi abidələrin isə tamamilə görünüşlərinin dəyişdirilməsinin şahidi olmuşuq. Buna misal olaraq ermənilərin işğal altında saxladıqları Şuşa şəhərində yerləşən tarixi Yuxarı Gövhər Ağa məscidinin rekonstruksiyası adı ilə məscidin görünüşünü dəyişdirməsini göstərə bilərik.

Bəs görəsən, Amaras məbədinin əvvəlki tarixi simasını qaytarmaq mümkün olacaqmı? Nəzərə alsaq ki, ermənilərin dünyada olduqca güclü dəstəyi var, YUNESKO və digər bu kimi təşkilatlardan böyük dəstək alırlar. Hətta lavaşı belə “erməni lavaşı” adı ilə özününküləşdirməyə çalışırlar. Lavaş isə ona görə “ermənilərin” sayılıb ki, 2014-cü ildə UNESKO “erməni lavaşı”nın bişirilməsi və yeyilməsi ənənəsini bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil etmək qərarına gəlib.

Ceyhun Məmmədov - YouTube

Ceyhun Məmmədov 

Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Yeni Müsavat”a dedi ki, ermənilərin oğurladığı kifayət qədər mənbələr, tarixi faktlar var: “Ermənilər uzun illər Amaras kilsəsinin tarixini saxtalaşdırmağa çalışıblar. Amma tarixdən də məlum olduğu kimi, kilsə ən qədim alban kilsələrindən biridir. Qarabağda mövcud olan ən məşhur, ən qədim tarixi kilsələrdən biridir. Ermənilərlə bunun heç bir əlaqəsi yoxdur. Bunu artıq erməni siyasətçilər, ekspertləri də bildirirlər. Nəinki Amaras, eyni zamanda Azərbaycan ərazisində olan bir çox kilsələr ermənilər tərəfindən erməniləşdirməyə məruz qalıblar. Ermənilər Qafqaz Albaniyasının tarixinə uzun illərdir sahib çıxmağa çalışırlar. Artıq Azərbaycan bununla bağlı müvafiq addımları atır və atacaq. Çünki bəzi beynəlxalq təşkilatlar da Azərbaycan tarixinin saxtalaşdırılmasında erməniləri dəstəkləyir və onlara kömək etməyə çalışırlar. Amma bütün bunlara baxmayaraq tarixi faktlar və sübutlar əsasında biz buna nail olacağıq. Artıq erməni saxtalaşdırmasının da bir sonu olmalıdır. Dünya Birliyi də Ermənistana təzyiqləri artırmalıdır. Bu millət xəstə millətdir, hər şeyi saxtalaşdırmaqla məşğuldur. Bu qəbuledilməzdir”.

Qeyd edək ki, işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən yüzlərlə tarixi abidə, onlarla muzey, məscid və mədəni irs nümunələri vandalizm obyektinə çevirib. XIX əsrə aid Ağdam məscidi dağıdılıb talan edilməklə yanaşı, donuz və mal-qara saxlanılması üçün tövlə kimi istifadə edilib və təhqir obyektinə çevrilib. Rəsmi məlumata görə, işğal altındakı Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.

Hazırladı: Afaq MİRAYİQ

22.09.2023 13:11
1423