Ermənistanda özlərinə “Səlibçilər” adını qoyan dəstənin üzvləri Laçın dəhlizi yaxınlığına gətirilən yük maşınlarının yerləşdiyi Kornidzor şəhərinə çatıblar.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, dəstənin “komandiri” Sərkis saylarının 150-yə yaxın olduğunu söyləyib.
“Burada mühit sakitdir. Gəlin bir az dincələk və sülhməramlılarla danışıqlara başlayaq. Nəticə olmasa, biz yolu güclə açmalı olacağıq, lakin bu, ən ekstremal variantdır”, - deyə Poqosyan əlavə edib.
Xatırladaq ki, bu ilin avqustun 8-də “Səlibçilər” dəstəsinin üzvləri Ermənistan hökumətinin binası yaxınlığında etiraz aksiyası təşkil ediblər. Onlar Kornidzorda dayanmış yük maşınlarının Qarabağa çatdırılması üçün Nazirlər Kabinetinə 18:00-a qədər vaxt verdiklərini, əks halda güc tətbiq edəcəklərini söyləyiblər.
Hökumətdən heç bir cavab almayan erməni təxribatçılar gecə Kornidzor şəhərinə yola düşüblər.
Musavat.com