Cənubi Qafqazda hərbi-siyasi situasiya qəlizləşməkdə davam edir. Ermənistanın ardıcıl təxribatları silahlı toqquşma ehtimalını artırır. Düzdür, Paşinyan hakimiyyəti hər imkanda sülh müqaviləsinin imzalanmasının vacibliyini də vurğulayır. Ancaq rəsmi İrəvan öz avantürist davranışları ilə tədricən Ermənistanı sülh prosesindən uzaqlaşdırır. Və bu, son vaxtlar müharibə təhlükəsini maksimum həddə qədər aktuallaşdırıb.
Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda sülh prosesinin əngəllənməsi cəhdlərinin arxasında Rusiya faktoru da mövcuddur. Belə ki, Kreml hazırda əlindən çıxmaqda olan vasitəçilik missiyasından birmənalı şəkildə sülh prosesini pozmaq məqsədilə istifadə edir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçiləri tərəfindən “Tez-tələsik sülh sazişi imzalamaq yolverilməzdir. Bu gələcəkdə yeni savaşa yol aça bilər” anlamı daşiyan açıqlama vermələri də bunu təsdiqləyir.
Maraqlıdır ki, Kremlin bu açıqlamasına məhz okeanın o tayından dərhal reaksiya verilib. Belə ki, Ağ Evdən verilən açıqlamada Azərbaycan və Ermənistan arasında sülh sazişinin yaxın vaxtlarda imzalanmasının tamamilə mümkün olduğu vurğulanıb. Eyni zamanda, ABŞ rəsmi dairələri sülh prosesində birbaşa tərəf olmayan ölkələrin pessimist şərhlərinin tamamilə yersiz olduğu da bildiriblər. Və bu, birmənalı şəkildə Kremlin məlum əngəlləyici mövqeyinə eyham xarakteri daşıyır.
ABŞ və Qərbin Rusiyadan fərqli olaraq, Cənubi Qafqazdakı sülh prosesinə daha pozitiv yanaşdığını Ermənistanın təxribatlarına verilən ehtiyatlı reaksiyalardan da müəyyən etmək olar. Çünki həmin reaksiyalarda Ermənistana dəstəkdən daha çox, məhdud narahatlıq notları ifadə olunur. Və bu da öz növbəsində Paşinyan hakimiyyətinin avantürist davranışlarının Qərbdə əvvəlki kimi dəstəklənmədiyini göstərir.
Digər tərəfdən, Azərbaycanın Qarabağ regionundakı erməni separatçı-terrorçuların təxribatları da ABŞ və Qərb tərəfindən susqunluqla qarşılanır. Yəni, erməni separatçı-terrorçular sülh prosesini pozmaq üçün müxtəlif əngəlləyici aksiyalar icad etsələr də, Qərbdən heç bir dəstək ala bilmirlər. “Qarabağın blokadası” ilə bağlı iddialar isə elə bir ciddi reaksiya doğurmur. Və bu, öz gələcək talelerini artıq tədricən təxmin etməyə başlayan erməni separatçı-terrorçularda dərin məyusluq yaradır.
Maraqlıdır ki, erməni separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan da situasiyanın qəliz olduğunu etiraf edib. O, bildirib ki, Qarabağ erməniləri “sona qədər mübarizə” etməlidirlər. Ancaq Araik Arutyunyanın regionda baş verənlərlə bağlı indiyə qədər müəyyən reaksiyalara baxmayaraq, heç bir ümidverici nəticələrin olmadığını da bildirməsi mövcud situasiyanın mümkün inkişaf istiqamətlərini təxmin etməyə imkan verir.
Məsələ ondadır ki, baş erməni separatçı-terrorçu beynəlxalq siyasi dairələrin Xankəndini rəsmi Bakı qarşısında təkbaşına buraxıldığını da dilə gətirib. Onun bu açıqlaması vəziyyətin erməni terrorçular üçün artıq çıxılmaz olduğunu göstərir. Üstəlik, Araik Arutyunyanın öz terrorçuları ilə planlaşdırdığı “avroyürüş” avantürasının da iflasa uğraması onlar üçün yolun sonuna o qədər də çox qalmadığını göstərir.
Nə qədər qəribə də olsa, Rusiya və rus sülhməramlılar erməni separatçı-terrorçuların son ümid yeri sayılırdı. Ancaq Kremlin siyasi qərarı ilə rus sülhməramlıların erməni terrorçuların “avroyürüş”ünü müşayiətdən imtina etməsi Rusiyaya bağlı “ümid qapısı”nın da artıq qapandığı anlamına gəlir. Eyni zamanda, rus sülhməramlıların öz yazılı imtina qərarlarını məhz üçtərəfli anlaşmalarla belə bir səlahiyyətlərinin olmadığını qabartmaları erməni terrorçulara olduqca ciddi mesajdır.
Əlbəttə ki, Kreml qətiyyən belə bir mesaj vermək istəməzdi. Ancaq Rusiya rəsmi Bakının prinsipial və beynəlxalq hüquq normalarına dayanan mövqeyi qarşısında acizdir. Kreml rəsmi Bakının razılığı olmadan Azərbaycanın Qarabağ regionunda hər hansı addım ata bilməz. Rus sülhməramlıların yazılı “avtoyürüş” cavabı erməni separatçı-terrorçulara Qarabağın əsl sahibinin Azərbaycan olduğunu növbəti dəfə xatırlatdı. Və onlar üçün bu reallıqla barışmaqdan başqa heç bir çıxış yolu artıq mövcud deyil.
Məsələ ondadır ki, indi Araik Arutyunyan və onun terrorçuları dəstəsinin seçim variantları o qədər də çox deyil. Onlar üçün ən məqbul variant isə rəsmi Bakının bütün şərtlərini qəbul etməkdən ibarətdir. Çünki bu halda, problemin radikal metodlarla həll edilməsinə elə bir ehtiyac qalmayacaq. Və erməni separatçı-terrorçular bu halda, törətdikləri hərbi cinayətlərlə bağlı amnistiyaya ümid bəsləmək şansı da qazana bilərlər.
Əks halda, səbri tükənməkdə olan rəsmi Bakının Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarını bərpa etmək üçün hərbi nizamlanma variantına əl atmaq məcburiyyətində qalacaq. Ancaq Azərbaycan ordusu antiterror əməliyyatlarına başlayarsa, erməni separatçı-terrorçulara heç kim dəstək verə bilməyəcək. Antiterror əməliyyatları gözlənilmədən başlayacaq və qısa müddətdə də sona çatacaq.
Araik Arutyunyan və onun terrorçuları vaxtilə Ermənistanın Azərbaycan qarşısında təkbaşına buraxılmasının mövcud nəticələrini indi daha çox diqqətə almalıdır. Əks halda, onlar hətta təslim olmağa belə, imkan tapmaya bilərlər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu