Noyabrın 28-də İrəvanda mifik “artsax parlamenti”nin nəzərdə tutulan iclası baş tutmayıb. Böyük ehtimalla Nikol Paşinyan hökuməti Azərbaycanın məsələyə həssaslığını nəzərə alaraq buna imkan verməyib. Ancaq belə görünür ki, “Qarabağ məsələsinin hələ bitmədiyini” iddia edən separatçı elementlər və radikal-revanşistlər təxribatlardan əl çəkmək niyyətində deyillər.
“Yaxın günlərdə qeyri-standart vəziyyətə və bəzi texniki problemlərə görə mütləq parlamentin (qondarma-red.) sessiyasını çağıracağıq. Sessiya yubanır, amma tezliklə mütləq baş tutacaq”.
Bunu mifik “artsax parlamenti”nin uydurma “Ədalət fraksiyası”nın üzvü Metaxe Akopyan bildirib.
“Artsax parlamenti buraxılmayıb, bizim bütün gündəliyimiz artsax məsələsinin qapanmamasına xidmət edəcək. Ermənistanda bəzi insanlar artsax məsələsinin bağlandığına inandırmağa çalışırlar, lakin şüurlu insanlar başa düşürlər ki, bu məsələ qanunun gücü hesabına heç də bağlanmayıb. Biz öz fəaliyyətimizlə hər şeyi etməliyik ki, biz olmasaq da heç olmasa bizdən sonrakı nəsillər artsaxa qayıtmaq imkanı olsun”, - Akopyan sayıqlayıb.
Saxta deputata görə, “artsax parlamenti” beynəlxalq platformalarda “artsax məsələsi”ni necə gündəmə gətirmək barədə siyasi qərar verməlidir.
Xatırladaq ki, özlərini deputat sayan separatçı-kriminalların yığışmaq istədikləri gün (noyabrın 28-i) həm Ermənistan prezidenti, həm də parlamentin spikeri bir daha bəyan ediblər ki, ölkədə “artsax institutlarına” ehtiyac yoxdur, çünki Qarabağ problemi artıq mövcud deyil. Separatçılar isə dirəşməyə davam edir.
Görəsən onlara bu cəsarəti verən kimdir? Rusiyanın da məsələdə barmağı varmı? Paşinyan iqtidarı sülh prosesinə zərbə vuracaq bu avantüristləri cilovlaya biləcəkmi? Şübhə yox ki, sülh sənədinin imzalanma ehtimalı artdıqca belə təxribatlar çoxalacaq.
Bəs separatçı ünsürlərin bu cür “fəaliyyəti” və bəyanatlarının arxasında hansı məqsədlər dayanır? Bakı buna əhəmiyyət verməlidir?
Oktay Qasımov
Politoloq Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, həm Ermənistanda, həm müxtəlif dövlətlərin nümayəndələrinin dilindən Qarabağ məsələsinin hələ bitmədiyi ilə bağlı açıqlamalar ara-sıra səslənir. Bu, Azərbaycana təzyiq etmək üçün bəzi dövlətlərin, xüsusilə də Qərbin əlində təzyiq vasitəsi kimi saxlamağa çalışmaq cəhdidir: “Həm Amerika Konqresinin bəzi üzvləri, həm Fransanın bəzi rəsmi şəxsləri, o cümlədən Qərbdəki müəyyən siyasətçilər bu termindən istifadə edərək belə fikirlər söyləyirlər. Amma həqiqət bundan ibarətdir ki, Qarabağ məsələsi artıq bitib. Ən önəmli məsələ ondan ibarətdir ki, artıq Azərbaycanın daxilində onun təhlükəsizliyinə təhdid yaradacaq hər hansı separatçı factor yoxdur, bu factor ortadan qaldırılıb. Digər tərəfdən 28 sentyabrda qondarma separatçı qurum əslində heç bir qanuni əsas təşkil eləməsə də özünü buraxdığını elan edib. Hərçənd belə qondarma qurumun yaranmasının özü qanunsuz idi. Belə ki, 1988-ci ildən 1991-ci ilin sonuna qədər Qarabağ ərazisində separatçıların qəbul etdiyi bütün qərarlar həm Azərbaycanın o zamankı Ali Soveti-Milli Məclisi, o cümlədən SSRİ dövlət qurumları tərəfindən ləğv olunub və onlar heç bir hüquqi əhəmiyyət daşımırdı. Amma bütün bunlarla bərabər bütün hallarda 28 sentyabr 2023-cü ildə separatçı qondarma rejimin rəhbərinin imzaladığı ”sərəncam" da bir daha Qarabağ məsələsinin bitdiyini ortaya qoydu. Heç təsadüfi deyil ki, Ermənistanın bütün rəsmi şəxsləri, prezidenti, baş naziri, parlament sədri və digərləri Qarabağ məsələsinin bitdiyini dəfələrlə qeyd ediblər".
O ki qaldı keçmiş qondarma rejimin qondarma “parlament üzvlərinin”hansısa təşəbbüslə çıxış etmələrinə politoloq qeyd etdi ki, onların bu cür hoqqabazlıqlarının bizim üçün əhəmiyyəti yoxdur və narahatlıq doğurmur: “Ermənistanda həmin separatçıların arxasında duran qüvvələr var. Onlar revanşist Qarabağ klanıdır. Bu klanın başında dayananlar separatçılardan istifadə edərək guya Qarabağ məsələsinin bitmədiyi ilə bağlı rəy formalaşdırmağa çalışırlar. Separatçıların Ermənistanda toplanması və bu cür fikirlər irəli sürmələri yalnız Rusiyadakı hansısa qüvvələrlə bağlı deyil, onları bu istiqamətdə daha çox təhrik edən Qərb strukturlarıdır. Onlar belə rəy yaratmağa çalışırlar ki, guya keçmiş qondarma rejim hələ də yaşamaqdadır və ”parlamenti" fəaliyyət göstərir. Bundan Azərbaycana qarşı təzyiq mexanizmi kimi istifadə etməyə çalışırlar. Ermənistan hakimiyyəti də maraqlı ola bilər ki, separatçıların hansısa formada özlərinin guya mövcudluğunu saxladığı görüntüsü yaransın və bu da Ermənistana danışıqlar prosesində hansısa əlavə guya ki, bəhanələr versin. Ancaq ermənilərin və onların dəstəkçilərinin nə etmələrinə baxmayaraq, əsas məsələ budur ki, Azərbaycan Qarabağ məsələsini həll edib".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”