Erməni qadın Musavat.com-a danışdı-SENSASİON AÇIQLAMALAR, xəstə iddialar: “İndi deyirsiniz ki, İrəvan da sizindir?” - VİDEO

Bu müsahibə sırf təsadüf nəticəsində alındı. Beynəlxalq Qarabağ Təşkilatı və İğdır Azərbaycan Evinin təşkilatçılığı ilə “Zəngəzurun dünəni və bu günü” mövzusunda konfransında iştirak etmək üçün Türkiyənin Van şəhərinə səfər etmişdik. Heyət üzvlərimizlə bərabər yemək yeyərkən bir xanım yaxınlaşdı və erməni olduğunu bildirdi. Çox şeylərdən danışdı, bəzən “sülhpərvər” biçimində, bəzən də...Hətta mübahisəli anlar da yaşandı...Ayrılıb aşağı mərtəbədəki yoldaşlarının yanına döndü.

O anda qərar verdim ki, heyət üzvlərimizi gözlətmək bahasına olsa da, həmin erməni qadınla Musavat.com üçün üzbəüz müsahibə edək. Yaxınlaşdıq, iki yoldaşı ilə bərabər əyləşmişdi, müsahibə təklifimizi dərhal qəbul etdi, tərəddüdsüz. Türkiyəyə sərbəst şəkildə gəlib-gedir, türk dilində də pis danışmır. Lakin ziddiyyətlərlə “zəngin” birisi...Hesab edir ki, Qarabağın kimə məxsus olmasının heç bir əhəmiyyəti yoxdur. Gah Azərbaycana, azərbaycanlılara “sevgi”sindən danışdı, gah da...Oğlu Ağdərədə hərbi xidmətdə olubmuş, bunu da o dövr üçün “normal”sayır. Hesab edir ki, baş verənlərə görə nə Azərbaycan, nə Ermənistanın günahı yoxdur, bütün bunları edənlər “dərin dövlət”miş...

Ermənistandakı azərbaycanlı qonşularından, tanışlarından da danışdı, qəribsəyibmiş. Azərbaycanlılar içərisində böyüdüyünü deyən, onların insanlığından danışan həmsöhbətim hətta əvvəlki qonşularının öz evlərinə dönməsini istəyir, konkret adlar çəkir. (Yəqin ki, izləyicilərimizdən kimlərsə tanıyacaqlar bu qadını) Həmçinin Qarabağdan köçən ermənilərin səhv etdiyini bildirir. Qərbi Azərbaycanın varlığını isə qəbul etmir, “indi deyirsiniz İrəvan da sizindir?”-deyə, adamı şaşırdacaq qədər absurd sual verir bəndənizə? Heyətimizin üzvlərindən biri Tofiq Cəmil yaxınlaşıb “İrəvan: işğal olunmuş tarix” kitabını erməni qadına bağışlayır. Etiraz etmir, məmnuniyyətlə götürür. Əlində İrəvan həqiqətləri, dilində xəstə, absurd, saxta erməni iddiaları...Hətta söhbətimizin sonluğunda əsaslı arqumentlərimizin qarşısında aciz qalıb, ağladı da...Baş verənlərə görə həm də siz erməni qadınlar günahkarsınız, uşaqlarınızın qulağına “türk sizin düşməninizdir”-pıçıldadığınız üçün”-deyəndə sözü qalmadı...Beləliklə, həmsöhbətimiz Ermənistan vətəndaşı, 1965-ci ildə Vedibasarda anadan olmuş Qayane Gevorkyandır.

Elşad Paşasoy,
Musavat.com

23.10.2023 19:00
7023