Erməni politoloqdan SƏRSƏM İDDİA - “Azərbaycan bu siyasətdən yararlanır”

“Ermənistan hakimiyyətinin seçdiyi xarici siyasət kursu yalnız Azərbaycanın xeyrinədir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli hərbi ekspert David Camalyan deyib.

Onun sözlərinə görə, bu gün Rusiya ilə yaxşı münasibətlərinə baxmayaraq, Bakı Qərblə heç vaxt əlaqələrini kəsməyəcək, Rusiya Federasiyasının Azərbaycana qarşı aşkar mənfi münasibətindən yayınaraq, yalnız iki qütb arasında manevr etməyə davam edəcək.

“Üstəlik, bütün bunlar həm də Ermənistanın baş naziri Nikol Paşinyanın yürütdüyü xətt sayəsində mümkün olur. Rusiya tərəfinin bir sıra təşəbbüsləri Ermənistan tərəfindən rədd edilib və ya boykot edilib. Bu isə Azərbaycanın maraqlarına uyğundur. Məsələn, Rusiya danışıqlar üçün platforma təqdim etdiyini açıqladı, Bakı dərhal razılıq verərək cavab verdi, lakin hələ ki, Ermənistan tərəfdən heç bir reaksiya yoxdur. Çox güman ki, olmayacaq. Bununla da Azərbaycan Rusiya platformasının Nikol Paşinyanın əli ilə iflasa uğramasını təmin edir”, - deyə Camalyan bildirib.

Erməni ekspertin fikrincə, Azərbaycana Rusiya tərəfinin təklif etdiyi balanslaşdırılmış dünya lazım deyil.

“Azərbaycan birtərəfli güzəştlərə və Ermənistanın son kapitulyasiyasına çalışır. Son 4 ildə biz məhz bu istiqamətdə irəliləyirik.

Qərbin atdığı addımlar yalnız Azərbaycanın mövqelərinin güclənməsinə gətirib çıxarıb. Məhz Qərbin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində Ermənistanın baş naziri Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Qərb tərəfindən Azərbaycana qarşı heç bir sanksiya tətbiq edilməyib. Azərbaycan Qərbdən bacardığı hər şeyi alıb və indi yeni güzəştlər əldə etmək üçün bütün mümkün resurslardan istifadə etməyə çalışır, - deyə Camalyan bildirib.

Musavat.com

02.08.2024 15:28
1220