“Böyük beynəlxalq oyunçular üçün Ermənistanda kimin hakimiyyətdə olacağının önəmi yoxdur”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq Stepan Danielyan deyib.
Onun sözlərinə görə, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanı heç kim ciddi qəbul etmir və ümumiyyətlə, heç kim onu xatırlamır.
“Bu gün dünyada çox ciddi proseslər gedir, ona görə də dünya güclərinin əsas mövzusu Nikol Paşinyandan uzaqdır. Bu gün əsas güc mərkəzləri arasında gələcək dünya düzəni məsələsi həll olunur. Bunun üçün koalisiyalar qurulur, əsas strateji kommunikasiyalar müəyyənləşdirilir və s”, - deyə Danielyan qeyd edib.
Onun fikrincə, bu prosesləri nəzərə alaraq beynəlxalq güc mərkəzləri Ermənistan lideri məsələsinə ümumi kontekstdə baxırlar. Yəni Ermənistan bu böyük oyunda sövdələşmənin hissəsi hesab olunur.
“Deyilənlər o demək deyil ki, Ermənistan bu hadisələrə heç bir şəkildə təsir göstərə bilməz. Məsələn, Azərbaycan da kiçik ölkədir, lakin düzgün qurulmuş siyasət sayəsində bütün güc mərkəzləri ilə eyni vaxtda oynayır.
Hakimiyyətin indiki siyasəti məhz Sünik üzərində nəzarətimizi itirməyə gətirib çıxarır. Bu gün yeganə sual regiona kimin nəzarət edəcəyidir - amerikalılar, ruslar, yoxsa Azərbaycanın birbaşa nəzarəti olacaq. Böyük sual İranın bu və ya digər ssenaridə özünü necə aparacağıdır. Bu hökumətin siyasəti hadisələrin məhz belə inkişafına gətirib çıxarır”, - deyə Stepan Danielyan qeyd edib.
Musavat.com