Bakıdan və İrəvandan gələn bəyanatlar bu gün danışıqlar masası arxasında söhbətin getdiyi məqamların məzmununu müəyyən qədər ortaya qoyur.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq Karen Bekaryan deyib.
Onun iddiasına görə, imzalanması təklif olunan kiçildilmiş sülh müqaviləsinin məzmunu ilə Ermənistanın maraqlarının real gündəliyi arasında aşkar uçurum var. Ermənistan rəhbərliyi sənədin danışıqlar məntiqinə zidd olan razılaşdırılmış hissəsinin dərhal imzalanmasını təklif edir. Bekaryan vurğulayıb ki, tarixdə heç vaxt belə hal olmayıb ki, tərəflər danışıqlar apararkən məzmuna deyil, razılaşdırılmış təkliflərin sayına əsaslansınlar və onların imzalanmasında israrlı olsunlar.
“Sənəddə hərbi əsirlərin, girovların və digər məhbusların (erməni terrorçularının-red.) geri qaytarılmasını təmin edən heç bir element yoxdur”, -deyə revanşist ekspert bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin cavab bəyanatlarından irəli gələrək, tərəflərin razılaşdırılmadığı prinsiplər barədə nəticə çıxarmaq olar.
“Razılaşdırılmamış məqamlara Azərbaycan tərəfinin təkid etdiyi Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsi də daxildir. Başqa bir məqam, görünür, Minsk qrupunun ləğvi məsələsidir. Üçüncü məqam, görünür, Azərbaycan ssenarisi üzrə kommunikasiyaların açılması məsələsidir. Görünür, daha bir, dördüncü, razılaşdırılmamış məqam da var, nəzərə alsaq ki, Paşinyan əvvəlcə 17 bənddən 13-nün razılaşdırıldığını bəyan edib, sonra hamı 16 bənddən 13-dən danışmağa başlayıb. O zaman pərdəarxası daha bir bənd qalıb”,-deyə Bekaryan qeyd edib.
Musavat.com