Erməni müxalifətinə gözlənilməz zərbə - üsyançı keşiş qaçmağa hazırlaşır?

Ermənistanda radikal-revanşist müxalifətin qabağa verdiyi keşiş Baqratyanın hakimiyyət əleyhinə siyasi təlxəkliyi davam edir. Müxalifət faktiki son “patronları”nı atır. Çünki etiraz hərəkatının bundan kütləvi olmayacağı artıq aydındır. 

Başqa yandan, hakimiyyət öz monolitliyini tam şəkildə qoruyur və öz gücünə, legitimliyinə əmindir. Bunu baş nazir Nikol Paşinyanın Baqrat Qaçlstanyan haqdakı sözləri də təsdiqləyir. O, ölkədə təxribat törətməyə cəhd edən radikal qruplaşmalara yeni mesajlar göndərib və bildirib ki, hakimiyyətdən əsla getmək fikri yoxdur. 

“Ölkədə anarxiya, xaos yaratmaq, sabitliyi pozmaq istəyənlərin bütün cəhdləri hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınır”, - deyə Paşinyan vurğulayıb və keşiş Baqrata məxsusi mesaj göndərib: “Onun-bunun əlaltısı, meydanlarda şoumenlik edən hansısa bir keşiş ətrafına özü kimiləri də toplayaraq Ermənistanın xarici işlər naziri ilə görüş tələb edir, onu istefaya çağırır. Bu arsız, sırtıq özünü nə hesab edir?” 

Bu arada (iyunun 1-də) Rusiya prezidenti Vladimir Putin və bu ölkənin baş naziri Mixail Mişusitinin Paşinyana telefon açaraq onun ad gününü təbrik etməsi Rusiyaya bağlı radikal-revanşist düşərgədə az qala şok effekti yaradıb. Putin bununla nə demək istəyir? Yəni Rusiya Nikolun hakimiyyətdən zor gücünə getməsinin tərəfdarı deyil? Putinin bu jestini Kremlin Paşinyan hökumətinə “kart-blanşı” saymaq olarmı? Neçə vaxtdır Qərb bu hökumətin radikal-revanşistlərə qarşı sərt tədbirlərinə göz yumur. Bu yandan da Rusiyanın belə açıq loyallığı hakimiyyəti müxalifətə qarşı həlledici hücuma keçməyə sövq edə bilərmi? Nikol Paşinyanı hədələməyə davam edən keşiş Baqratı nə gözləyir - həbs, yoxsa ölkədən vətəndaşı olduğu Kanadaya qaçmaq?

Bəhruz Məhərrəmov: Prezident yeni dövr üzrə prioritetlərimizi müəyyən etdi

Bəhruz Məhərrəmov: “Azərbaycanla hesablaşmaq şərtdir”

Deputat Bəhruz Məhərrəmov Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin erməni cəmiyyətini nisbətən oyatdığını qeyd etdi: “Ermənistanda proseslərin gedişi göstərir ki, müxalifət hətta revanşistlərin sui-istifadə edə biləcəkləri situasiyalarda belə lazımi sosial baza formalaşdıra bilmir. Keşiş Qalstanyanın Qazağın 4 kəndinin Azərbaycana qaytarılması fonunda başlatdığı aksiyaların faktiki olaraq heç bir ciddi nəticələrə səbəb olmaması da bunu bir daha sübut edir. 

Sirr deyil ki, bütövlükdə erməni cəmiyyəti zərərli miflərin təsiri altında formalaşmış insanlardan ibarətdir. Dünyada ilk insanın erməni olmasına inananlardan tutmuş, bütövlükdə Qafqazın Ermənistanın qədim əraziləri olmasına istinad edərək qonşularına ərazi iddialarından əl çəkməyənlərə qədər kütlələrin əksəriyyətinin təşkil etdiyi erməni toplumunun revanşist meyilli Baqrat Qalstanyana dəstək verməməsi göstərir ki, Azərbaycanın qələbəsi bu cəmiyyəti nisbətən oyadıb. Artıq ermənilər başa düşür ki, ən azı İlham Əliyev hakimiyyəti və bütövlükdə Heydər Əliyev kursunun iqtidarda olacağı dövrdə Azərbaycanla hesablaşmaq şərtdir. Əks halda, nəticələr Vətən müharibəsindən də, antiterror tədbirlərindən də pis ola bilər. Məhz bu qorxu mahiyyətcə revanşist olan erməni toplumunu Azərbaycana ərazi iddialarında ehtiva olunan Qalstanyan hərəkatına qoşulmağa imkan vermədi. Paşinyan isə artıq Azərbaycanla münasibətlərdə təcrübəyə sahib bir siyasətçi kimi, bu reallığı doğru qiymətləndirərək təşəbbüsləri ələ aldı və fırıldaqçı keşişi ifşa etdi. Heç şübhəsiz ki, proseslərin bu cür davam etməsi Qalstanyanın artıq tarixin arxivinə yollanacağından xəbər verir. Bu prosesdə ən maraqlı məqamlardan biri də, şübhəsiz ki, Rusiyanın sərgilədiyi mövqedir. Moskva inkar etsə belə, Qalstanyan hərəkatında şimal qonşumuza bağlı olan Köçəryan-Sərkisyan cinayətkar cütlüyünün mövcudluğu prosesdə dolayısı ilə Rusiyanın da izinin olduğunu deməyə əsas verirdi. Rusiyanın Qərbə üz tutmuş Paşinyanı cəzalandırmaq cəhdi anlaşılandır. Eyni zamanda Azərbaycanla anlaşmalara meyilli görünməsi fonunda Paşinyanı Qərbin də cəzalandırmaq niyyəti fonunda Rusiyanın erməni baş naziri Moskva ilə normallaşma sürəcinə təşviq etməsi niyyəti də aydındır və Paşinyana təbrik zəngləri də bu aspektdə məna yükünə malikdir. Lakin son 5 ildə yaşananlar fonunda Ermənistan-Rusiya münasibətlərinin normal məcraya düşməsi, xüsusən Qərbin Ermənistanda gücləndiyi bir şəraitdə ağlabatan görünmür".

Elçin Mirzəbəyli: Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir  mərhələnin başlanğıcıdır - AZƏRTAC

 

Elçin Mirzəbəyli: “Baqratın Kanadaya qaça biləcəyi inandırıcı görünmür”

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli Baqratın Ermənistanı tərk edəcəyinə inanmır: “Keşiş Baqratın ətrafında başladılan "yeni revanş" hərəkatının iflasa uğrayacağı öncədən bəlli idi və prosesin ilk günlərində baş verənlərin imitasiya xarakteri daşıya biləcəyi barədə “Yeni Müsavat”a açıqladığım ehtimalları yenidən xatırlatmaq istəyirəm. Ermənistanın 44 günlük müharibədəki rüsvayçı məğlubiyyəti, lokal antiterror əməliyyatı və daha sonra baş verənlər də nəzərə alınmaqla revanşçı şüarlarla Nikol Paşinyanı yola salmağın mümkünsüzlüyü kimi reallıq hamının görə biləcəyi bir müstəvidə ortalıqda idi... “Baqrat hərəkatı” isə bu mövzuda bir araya gətirilə biləcək neqativ enerjinin əhəmiyyətli hissəsinin “havaya buxarlanmasına” zəmin yaratdı. Yəni nəticədə Ermənistanın ictimai rəyində kilsə faktorunu tədricən sıradan çıxaran Nikol Paşinyan növbəti addımlarını atmaq üçün üstünlük qazandı. Bundan sonra Ermənistan konstitusiyasında kilsə ilə bağlı müddəanı ləğv etmək heç bir çətinlik yaratmayacaq və Eçmiədzin kilsəsi, başda katalikos Qaregin olmaqla, bu prosesə maneə yarada bilməyəcəklər. Mövcud mənzərə onu deməyə əsas verir ki, Baqrat Qalstanyan Makarios ola bilməyəcək. Əslində keşiş Baqratın qeyri-ciddiliyi, onun Ermənistanın baş nazirliyinə iddialarını irəli sürdüyü zamandan daha açıq şəkildə görünürdü. Əvvəla, “Vətəndaş müqaviləsi” partiyasının parlamentdəki üstünlüyü buna imkan vermirdi. Paşinyanın tərəfdarlarının keşişə dəstək verə biləcəklərini gözləmək isə ən yaxşı halda axmaqlıq idi. Digər tərəfdən, Baqratın Kanada vətəndaşı olması, həmçinin onun baş nazirliyə namizədliyinin 5 il ərzində yalnız Ermənistanın vətəndaşı olması ilə bağlı tələbə cavab verməməsi bu iddiaların perspektivini öncədən şübhə altına alırdı. Bununla yanaşı, aksiyaların başlandığı ilk gündən, separatçıların və müharibə canilərinin nəzarətində olan media resursları istisna olmaqla, Baqratın “aksiya”larına ciddi informasiya dəstəyinin verildiyi də nəzərə çarpmırdı. Rusiyanın bu prosesdə tamamilə neytral, yaxud müşahidəçi mövqeyində dayanması, ara-sıra verilən açıqlamalarla hadisələrin inkişafında maraqlı olmadığını büruzə verməsi proseslərin Moskva tərəfindən başladıldığı barədə iddiaları da şübhə altına alırdı. Digər tərəfdən, Ermənistan cəmiyyətini “iliyinə”dək tanıyan Rusiya xüsusi xidmət orqanlarının kilsənin iştirakı ilə hakimiyyət dəyişikliyinin mümkünsüzlüyü barədə dəqiq informasiyaya malik olmadığı barədə düşünməyin özünü belə gülünc sayıram. Hazırda nəzərə çarpan mənzərə ondan ibarətdir ki, “Baqrat hərəkatı”nın necə və kimlər tərəfindən başladılmasından asılı olmayaraq, bu proses Ermənistanda hakimiyyət dəyişikliyi ilə nəticələnməyəcək. Baqratın isə Kanadaya qaça biləcəyi inandırıcı görünmür. Həbs isə ola da, olmaya da bilər. Hər şey Baqratın onun üçün müəyyənləşdiriləcək missiyanı necə icra edəcəyindən asılıdır. Hakimiyyət çox güman ki, Baqratdan kilsəyə və müxalifətə qarşı faydalanmağa çalışacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

04.06.2024 08:37
1890