Erməni kilsəsi sülh sazişinə qarşı - keşişlər revanşa hazırlaşır

Paşinyan “revanş” kəlməsini cəmiyyətin lüğətindən çıxarmağa çalışsa da, yenə qisas çağırışları var; bu dəfə Erməni Apostol Kilsəsinin arxiyepiskopu silaha sarılmağa dəvət edir

Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması ilə bağlı çeşidli təxminlər səslənir. Siyasətçilər, avropalı “vasitəçilər”, ekspertlər və xüsusilə də Ermənistanın baş naziri Nikol Paşinyanla yaxın ətrafı sülh anlaşmasının ilin sonunadək imzalanacağını istisna etmədiklərini deyirlər. Fəqət, sülh sənədlə və ya anlaşma ilə yox, sazişi reallaşdıran dövlətlərin rəsmi ərkanı və öhdəliklərə tam əməl etməsi ilə bərqərar olur.

Ermənistan sülhə hazırdırmı və ya imzalayacağı sənədin şərtlərinə əməl edəcəkmi? Bunu demək çətindir. Çünki İkinci Qarabağ müharibəsində kapitulyasiya edən, Xankəndidəki separatçı xuntanın mövcudluğuna son qoyulması faktı ilə razılaşmaq məcburiyyətində qalan Ermənistan bütün bunlara rəğmən, sürətlə silahlanmağa başlayıb. Paralel olaraq erməni cəmiyyətində revanşizm və qisasçılıq meylləri zəifləmək əvəzinə, daha da artır.

İrəvanda çıxan “Fakt” qəzeti isə yazır ki, hərçənd, Nikol Paşinyan hakimiyyəti “revanş” kəlməsinin cəmiyyətin lüğətindən çıxarılmasına çalışır. Hakimiyyətdəki Mülki Müqavilə Partiyasının funksionerlərindən biri deyib ki, “Azərbaycanla imzalanacaq sülh müqaviləsi biz tərəfdən revanşın, qisasın olmayacağını ehtiva edir. Əgər revanş olacaqsa, hansı sülh müqaviləsindən danışa bilərik. Əgər Ermənistan revanşa hazırlaşdığını bəyan edərsə, bu, ölkəmizin sonuna aparacaq yol olacaq”. Ermənilərin dediklərinə görə, rəsmi Bakı İrəvandan tələb edib ki, revanşizmlə bağlı çağırışlara son qoyulsun, qisasçılığı təbliğ edərək yeni müharibə istəyənlərin “cavabı verilsin”. Yəni rəsmi İrəvan bütün bunlarla bağlı dövlət səviyyəsində addımlar atmalıdır.

“Bəli, mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə qədər belə yaşayacam”. Bunu isə Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan kilsədə çıxışında deyib. Arxiyepiskop xütbəsində qeyd edib ki, revanşizm erməniləri nə mənəvi, nə əxlaqi, nə də fiziki mənada qarət etmək məqsədi daşımır. “Bu, daim diz çöküb sürünmək deyil, əksinə, ayağa qalxıb Rəbbimizin hüzurunda durmaq və ona "yer üzündə Sənin işini görmək üçün imanımı artır" demək üçündür. Və düşünməliyik ki, bununla biz yer üzündə Tanrının işini, ədalətin, həqiqətin və xilasın bərpasını edirik. Bəli, bu, qisas yoludur. Evinizi bərpa etməyin başqa hansı yolu var?", - deyə erməni din xadimi sual edib. Baqrat Qalstanyan  çıxışında qeyd edib ki, bir neçə il əvvəl "artsax"da hamı xoşbəxt yaşayırdı, yaşlı-kiçik ziyarətə gedirdi. Bizim üçün bu, qazanılmış bir şirinlik idi və belə də olmalıdır", - deyə erməni din xadimi qeyd edib.

Göründüyü kimi, erməni kilsəsi hər zaman olduğu kimi, radikal millətçiliyini və faşizmin təbliğatını davam etdirir. Son zamanlar erməni din xadimlərinin davranışlarını nəzərdən keçirərkən görərik ki, erməni kilsəsi Ermənistanın qonşuları ilə sülh sazişi imzalanmasını istəmir və dini zəmində xalqlararası qarşıdurmanın yaranmasına çalışır. Qarabağ münaqişəsinin davam etdiyi otuz il ərzində də erməni kilsəsinin mövqeyi daima bu münaqişəni dinlərin toqquşması, xristianların sıxışdırılması və dini zəmində münaqişənin daha da dərinləşdirilməsindən ibarət olub. Erməni din xadimləri hesab edir ki, xristian sivilizasiyasının belə güclü bir vaxtında Azərbaycan qələbə əldə etməməli idi. Ona görə də hər fürsətdə yenə də dini siyasi vasitə kimi istifadə etməklə Azərbaycanı siyasi şantaja məruz qoymağa çalışırlar.

“Ermənilər sülh və əmin-amanlıq istəyir. Bəli, Qarabağı unutmur, amma daha döyüşmək istəmirlər. Onların arasında həm hazırkı hakimiyyətin tərəfdarları, həm də əleyhdarları var. İnsanlar artıq sevdiklərini müharibədə itirmək istəmir, ona görə də sülh tərəfdarıdırlar. İnternetdə yox, real həyatda soydaşlarımızla hər gün eyni mikroavtobuslarda, müxtəlif bölgələrdə ünsiyyət quranda görürəm ki, demək olar ki, hamısı sülh istəyir”. Erməni siyasi analitik Tevos Arşakyan belə deyib. “İrəvanda Azərbaycanla sülh barədə müəyyən sorğular keçirilir. Bu sorğularda sülhün əleyhinə səs verənlər arasında diaspor nümayəndələri də var. Orada əhval-ruhiyyə həmişə döyüşə yönəlikdir. Bəs 44 günlük müharibə zamanı bu bizə kömək etdimi? Neçə diaspor nümayəndəsi Ermənistana, Qarabağa döyüşmək üçün gəldi? İndi Ermənistandan minlərlə kilometr aralıda təhlükəsiz olduqları üçün hökumətin sülh proqramına qarşı çıxırlar? Elə isə gəl, özün döyüş, bizi niyə yeni müharibəyə çağırırsan? Sorğu zamanı əldə edilən rəqəmlər özlüyündə heç nə ifadə etmir. Bu rəqəmlər - daha doğrusu, onlara sponsorluq edənlər, arxasında duranlar yeni mitinqlər, etirazlar yaratmaq üçün sadəcə olaraq, bizi çaşdırmağa çalışırlar. Sponsorlar dedikdə, təbii ki, illərdir qanımızı içən keçmiş Qarabağ klanını nəzərdə tuturam. Axı ən əsası odur ki, yeni müharibə olsa belə, ölkəni tərk edib Moskva, Krasnodar, Paris və Los-Ancelesdə gizlənənlər, Levon Köçəryan və ya Mikael Minasyan yox, sadə insanlar döyüşüb həlak olacaqlar. Deməli, sülh istəmirsiniz? Onda əlinizə silah alın və "marş" sərhədə", - o bildirib.

Akif Nağı: “Vaşinqton səhvini başa düşdü”

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a qeyd etdi ki, ermənilərin heç zaman məntiqli, düşünülmüş siyasəti olmayıb. Partiya sədri bildirdi ki, kilsə həmişə onları yanlış istiqamətə, uçuruma aparıb: “1988-ci ilin əvvəllərində də kilsə proseslərə rəhbərlik edirdi. O zaman cavab vermişdilər ki, Qarabağda döyüşə bilərik və Bakıda ermənilərdən girov kimi istifadə edə bilərik. Görünür ki, hələ də dərs çıxarmayıblar və xalqı fəlakətə çağırırlar. Paşinyan iqtidarı isə anlayır ki, sülhün alternativi yoxdur, növbəti müharibə böyük qırğınlar deməkdir. Sadəcə, keşişləri ortaya salmaqla ictimai rəy formalaşdırıb Azərbaycana qarşı addımlar atılmasını istəyən xarici qüvvələr var. Ancaq onları qızışdıranlar bilməlidirlər ki, heç bir nəticəsi olmayacaq. Misal üçün, Fransa rəhbərliyi Ermənistandan artıq ermənilik edir”.

Partiya sədri prezidentin çağırışına qoşuldu -Fuad Əliyev qeydiyyatdan keçdi

Fuad Əliyev

Prezidentliyə namizədliyi irəli sürülən “Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi Fuad Əliyev isə qəzetimizə söylədi ki, Ermənistanda revanşist çağırışlar az eşidilir. Onun sözlərinə görə, cəmiyyət, xüsusən yeni nəsil keşişlərin, qisasa dəvət edən qüvvələrin fikirlərinə əhəmiyyət vermirlər. F.Əliyev bildirdi ki, Paşinyan hakimiyyəti cəmiyyəti mərhələli şəkildə sülhə hazırlayır: “Qarabağda separatizm bitdi, "artsax" ideyası gömüldü, İrəvanda xalq ayağa qalxmadı, Qarabağ ermənilərinin liderləri həbs olundu, yenə də nə xalqdan, nə müxalifətdən tərpəniş oldu, Xankəndi onlar üçün “alınmaz qala” idi, bu şəhəri terrorçulardan təmizlədik, tam nəzarətimizdədir, yenə də üsyan yoxdur. Deməli, Ermənistanda bu vəziyyətlə barışıblar və sülh istəyirlər. Müharibədən sonra keçirilən növbədənkənar seçkidə Paşinyana xalqın yenidən şans verməsi də o demək idi ki, ermənilər ona sülh mandatı verir. Xalq demək istədi ki, bu məğlubiyyətə baxmayaraq, biz Nikolun bizi sülhə aparacağına inanırıq. Ona görə də bu gün hansısa kilsə xadimi, hansısa daşnakçı ictimai rəyə təsir edə bilmir".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

20.12.2023 13:25
914