Erməni kilsəsi sülh əleyhinə... - keşiş Srbazan qana susayıb

Vətən müharibəsi erməni xalqını ağıllandırır ki, mifik yox, real Ermənistan qurulması üçün yol barışıq sənədidir - bunu bir də revanşistlər anlasa...

Keşiş Baqrat Srbazan sülh əleyhinə dövriyyəyə buraxılan fiqurdur. Qana susamış kilsə yenə “artsax” xülyası ilə səhnəyə çıxır. Lakin erməni cəmiyyəti İrəvanın Respublika meydanına toplaşmır, azsaylı aksiya iştirakçıları isə revanşizm əhval-ruhiyyəsinin daşıyıcılarıdır. 

Artıq mitinqlər səngiyir və sülh, insanlıq əleyhinə çıxan qüvvələr növbəti fiasko ilə üz-üzədirlər. Bu, Vətən müharibəsinin nəticələridir. Erməni xalqı evlərə tabut getməsini daha istəmir. Onlar yeni müharibənin növbəti ağır məğlubiyyət olacağını anlayırlar. Axı kimə lazımdır yeni savaş? Bu, daha neçə min erməni əsgərinin cəsədə çevrilməsi deməkdir. Ona görə də “artsax” və “Böyük Ermənistan” kimi nağıllarla yenidən meydanlara çıxanlar sülh prosesinə əngəl ola bilmədilər. Çünki baş nazir Nikol Paşinyan kilsənin, II Qareginin, keşiş Baqratdan fərqli olaraq xalqa açıq şəkildə bəyan etdi ki, mifik Ermənistan yox, real Ermənistan lazımdır. 

Bu fikrin açması odur ki, sərhədlər dəqiqləşməli, Ermənistanın harada başlayıb, harada bitdiyi məlum olmalıdır. O baxımdan sülh əleyhinə gedən kilsə və onun Tavuş üzrə arxiyepiskopu Baqrat Qalstanyanın başladığı hərəkat iflasa uğradı. Keşişin pafoslu səslənən “Vətən uğrunda Tavuş” hərəkatı rüsvayçılıqla finişə çatmaqdadır. 

 

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, keşişlə görüşən müxalifət nümayəndələri Baqrat Qalstanyanı xərcləməyə qərar veriblər: “Müxalifət liderləri bilirlər ki, əgər onlar Nikol Paşinyanı devirə bilmədilərsə, keşişdə də bu alınmayacaq, sadəcə, indi özləri irəli çıxa bilmədiklərinə görə din xadimini irəli veriblər. Din xadiminin hakimiyyət arzusu Ermənistanı orta əsrlərə sürükləyir. Keşiş katolikosu pis vəziyyətdə qoyacaq. Katolikos sözdə siyasətə qarışmadıığını bildirir, ancaq əgər o, nümayəndəsinə baş naziri devrimək üçün xeyir-dua versə, hökumətlə qarşıdurmaya gedəcək. Belə olan halda Nikol Paşinyan kilsənin maliyyəsini azaldacaq”.

Göründüyü kimi, sülh düşmənlərinin uduzması qaçılmazdır. Bundan sonra rəsmi İrəvan Bakı ilə sülh danışıqlarını daha güclənmiş bir əllə inkişaf etdirəcəklər. Ötən həftə erməni nazir Mirzoyanın sülh açıqlaması, Kopenhangendə Paşinyanın eyni fikirləri səsləndirməsi, spiker Simonyanın Cenevrədə azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşü təsdiq edir ki, ikitərəfli danışıqlar sürətlənir və sülh, insanlıq əleyhinə çıxan kilsə, keçmiş “Qarabağ klanı”, separatçılar siyasi meyitə çevrilirlər.

Amma son iki əsrdə Ermənistan və Azərbaycan arasında yaşanmış qarşıdurmalarda separatçı, ekstremist, bir çox hallarda terrorçu təmayüllərə yön verən erməni kilsəsi yenə də özünün məkrli niyyətindən əl çəkmir. Libasları kimi əməlləri də qara olan hay keşişləri Cənubi Qafqazda sülhün bərqərar olmasına, sabitliyin formalaşmasına qarşı çıxır, sülh prosesinə mane olmaqdan ötrü cəmiyyətdə revanşizmi körükləyir, xalqı qisasçılığa çağırırlar. Dinin xoşməramlı, sülhyaradıcı missiyasını arxa plana atan erməni kilsəsinin revanşist mövqeyi, müharibə çağırışları nəinki etiqad azadlığı ilə, ümumən, bəşəri dəyərlərlə də bir araya sığmır. 

Bir müddət əvvəl Qriqorian hayların Livanda yerləşən “Böyük Kilikiya Evi”nin katolikosu I Aramın da Azərbaycan əleyhinə qisasçılığa, müharibəyə çağırış xarakterli açıqlamaları məhz bu kontekstdə qiymətləndirilməlidir. I Aram “Dağlıq Qarabağı” Ermənistana birləşdirməyə, bununla da “vahid erməni dövləti” yaratmağa çağırışlar edirdi. Bu gedişata rəy bildirən siyasi şərhçi Asif Nərimanlı deyir ki, keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi Paşinyanın 2018-ci il ssenarisinin təkrarı olan hərəkatda əsas detal kilsənin indiyə qədər arxa planda yön verdiyi Ermənistan siyasətində aktiv oyunçuya çevrilməsidir. Onun fikrincə, kilsə və Paşinyan arasında qarşıdurma yeni deyil, lakin erməni keşişləri siyasətə açıq müdaxiləyə məcbur edən səbəblər var.

Onun sözlərinə görə, Paşinyanın “erməni miflərini” dağıtmaq siyasəti kilsənin ideoloji mövcudluğunu da sual altına alır və görünür, keşişlər təsir imkanlarını qorumaq naminə hərəkətə keçməyə qərar verib: “Ermənistan ictimaiyyəti 44 günlük müharibədən sonra bütün "etiraz planları"na laqeyd münasibət sərgiləyib. Hazırda baş verənlər mövcud müxalifətin simasında hakimiyyətə qarşı müqaviməti genişləndirməyin mümkün olmadığını anlayan kilsənin prosesləri ələ almaq gedişidir. Və prosesin məhz Tavuşdan başlanması, “Vətən üçün Tavuş hərəkatı” adlandırılması da təsadüfi deyil. Rəsmi İrəvan Qarabağla bağlı daxili ittihamlara “məqsəd Ermənistanın qorunmasıdır” tezisi ilə cavab verirdi. Kilsə-müxalifət Qazağın kəndlərinin qaytarılmasını bu tezisin yalan olduğunu isbatlamaq fürsəti olaraq gördülər və belə təqdim edirlər ki, Qarabağdan sonra növbə Ermənistana çatıb, bunun qarşısını almaq üçün Paşinyan getməlidir".

Hazırladı: Emil SALAMOĞLU

21.05.2024 11:40
1271