Erməni kilsəsi Paşinyanı “daxili partlayış”la qorxutdi: İrəvan Qərbin məxfi “sentyabr planı”ndan geri çəkilir

Kreml Rusiya-Ermənistan iqtisadi-ticari münasibətlərinin səhnəarxasında daha effektiv, həm də pozitiv şərtlər daxilində inkişaf etdiyinə eyham vurur... Rəsmi İrəvan yalnız xarici faktorlardan deyil, həm də regionda maraqları olan xarici ölkələrin kəşfiyyatlarına bağlı daxili silahlı qruplaşmalardan da çəkinir...

Ermənistan “xaotik siyasi hədəflər” modelindən uzaqlaşmaqda açıq-aşkar çərinlik çəkir. Rəsmi İrəvan nə qədər cəhd göstərsə də, Ermənistan üçün təhlükəsiz sığınacaq tapmaq şansından hələ də uzaq qalıb. Ən əsasısa, Paşinyan hakimiyyəti “xaotik siyasi hədəflərə” yönəlik manevrlərini qəlizləşdirdikcə, Ermənistanın düşdüyü “geopolitik bataqlıq” daha da dərinləşir. Və bu baxımdan, rəsmi İrəvanın bütün planları son nəticədə Ermənistana qarşı bumeranq effekti verir.

Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti qarşıya qoyulan hər hansı hədəfə çatmaq potensialına sahib deyil. Belə ki, erməni siyasi sisteminin yeganə “uğuru” hazırda yalnız beynəlxalq məkanda uydurma məlumatların yayılmasından uzağa getmir. Halbuki, son dövrlərdə elə bu istiqamətdə atılan addımlarda müəyyən problemlər yaranmağa başlayıb. Və müasir informasiya texnologiyalarının inkişaf səviyyəsi hazırda erməni “yalan maşını”nın əsas düşmənidir.

ktmt-ermeni-rus.jpeg (115 KB)

Maraqlıdır ki, rəsmi İrəvan sentyabr ayını bütövlükdə boşa vermək məcburiyyətində qaldı. Halbuki avqust ayında baş nazir Nikol Paşinyan Ermənistanın gələcək taleyini müəyyən edəcək önəmli siyasi qərarlar verəcəyini birmənalı şəkildə vəd etmişdi. Hətta onun dolayısı eyhamlarla tərəfdaşlarına əsas məzmununu çatdırdığı bəzi siyasi qərarlar erməni baş nazirin qapalı toplantıya çağırdığı bəzi Ermənistan məmurlarını şoka da salmışdı. Və bu baxımdan, qısa müddətli perspektivdə baş nazir Nikol Paşinyanın Ermənistanın geopolitik balans siyasətindən imtina edərək, qlobal güclər arasında konkret tərəfə çevriləcəyi gözlənilirdi.

Ancaq bu gözləntilər özünü qətiyyən doğrultmadı. Belə ki, rəsmi İrəvanın KTMT-dan və Avrasiya İqtisadi İttifaqından çıxmağa hazırlaşdığı ehtimal olunurdu. Paşinyan hakimiyyətinin həm də Rusiya ilə hərbi-siyasi müttəfiqliyi pozmaq niyyətində olduğu da vurğulanırdı. Üstəlik, bu təhlükəli qərarların ABŞ və Qərbin Paşinyan hakimiyyətinə təlimatları ilə qaçılmaz olduğu da iddia edilirdi. Və bu baxımdan, Ermənistanın nəhayət ki, Rusiya ilə münasibətləri tamamilə qoparacağı gözlənilirdi.

Halbuki, Rusiya tərəfinin bütün bunlara tamamilə tolerant yanaşması da müəyyən şübhələr doğurmamış deyildi. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova olduqca müəmmalı şəkildə Kremllə rəsmi İrəvan arasında münasibətlərin üzdə göründüyü qədər böhranlı olmadığını birmənalı şəkildə etiraf etmişdi. Və buna əlavə olaraq, Rusiya-Ermənistan iqtisadi-ticari münasibətlərinin səhnəarxasında daha effektiv, həm də pozitiv şərtlər daxilində inkişaf etdiyini də eyham vurmuşdu.

08d7627d-c37a-4027-b621-d957c3ed31d5.jpg (105 KB)

Təbii ki, Kreml təmsilçisinin bu eyhamları Rusiyanın Paşinyan hakimiyyətinə xəbərdarlıq mesajı verməyə çalışdığını da göstərirdi. Yəni, Kreml rəsmi İrəvanı Ermənistanın Rusiyanı Qərbin sanksiyalarından yayındırması barədə faktları ifşa edəcəyi ilə təhdid edirdi. Çünki əgər, rəsmi İrəvan Qərbin təlimatları ilə Rusiyanın patronajlığı altındakı qurumları tərk etsəydi, bu, həm də Ermənistan üzərindən sanksiyaların pozulması prosesini də tamamilə dayandırmış olacaqdı.

Belə situasiyada Paşinyan hakimiyyəti ilə Kremlin “gizli oyunlar”ını məxfi saxlamağın elə bir ciddi əhəmiyyəti də qalmayacaqdı. Və bu baxımdan, Kreml rəsmi İrəvanın “sanksiya cinayətləri”ni açıqlamaqla, Ermənistanı Qərbin qarşısında və beynəlxalq məkanda çətin vəziyyətə salmaq şansından istifadə etməsi daha məntiqli görünürdü. Və Qərb nə qədər bütün bunlardan xəbərdar olsa da, Ermənistanın ifşa edilməsində deyil, Rusiyaya sanksiyalardan yayınmağa yardım prosesinin bloklanmasında maraqlıdır.

Göründüyü kimi, Kreml Paşinyan hakimiyyətini ən zəif yerindən təhdid etməyi bacarmışdı. Digər tərəfdən, avqustun sonları, sentyabrın əvvəllərində Ermənistanda dövlət çevrilişinə hazırlaşan bir cinayətkar qruplaşmanın zərərsizləşdirildiyi barədə məlumatlar da qətiyyən təsadüfi xarakter daşımırdı. Rusiya rəsmi İrəvana özünün Ermənistanda dövlət çevrilişi etmək potensialını və resurslarını anlatmağa çalışırdı. Üstəlik, Kremlin xəbərdarlıq mesajı elə səhnəarxası düşərgələri ön plana çıxarırdı ki, Paşinyan hakimiyyəti hələlik onlara qarşı müqavimət şansına sahib deyil.

qarabag-klani-ermeni-terror-yuvasi.JPG (83 KB)

Ona görə də, Paşinyan hakimiyyəti ABŞ və Qərbin Rusiya ilə münasibətləri tamamilə korlamaq təlimatını icra etməyə cəsarət göstərə bilmədi. Yalnız baş nazir Nikol Paşinyan və parlamentin spikeri Alen Simonyan bir xarici ölkə kəşfiyyatının Ermınistanda dövlət çevrilişi hazırladığını bəyan etməklə kifayətlənməli oldular. Və eyni zamanda, Ermənistanda 20 min ədəd silahın Paşinyan hakimiyyətinə qarşı olan qruplaşmaların əlində olduğunu vurğulamaqla, situasiyanın təhlükəli məzmun daşıdığını qabartdılar.

Belə anlaşılır ki, Paşinyan hakimiyyət yalnız xarici faktorlardan deyil, həm də regionda maraqları olan xarici ölkələrin kəşfiyyatlarına bağlı daxili qruplaşmalardan da ciddi şəkildə ehtiyatlanır. Onların sırasına Qarabağ klanı, Azərbaycanın Qarabağ bölgəsini könüllü tərk edərək, Ermənistana yerləşmiş əhali kateqoriyası (onların bir çoxunun silahlı olduğu da iddia edilir) və erməni qriqoryan kilsəsi də daxildir. Xüsusilə də, erməni kilsəsi Paşinyan hakimiyyəti ilə düşmənşilik mövqeyini dərinləşdirməkdə davam edir. Və rəsmi İrəvanın erməni kilsəsinə aid mülkiyyətin dövlətin ixtiyarına verilməsinə yönəlik cəhdləri də hələlik real nəticələrdən uzaqdır.

Ona görə də, baş nazir Nikol Paşinyan və onun yaxın ətrafının hazırda həm sülh danışıqlarına, həm də delimitasiya prosesinə kəskin müqavimət göstərən erməni kilsəsinin tədbirini tərk etməkdən başqa heç nəyə gücü çatmır. Erməni kilsəsinin rəhbərliyinə daxil olan bəzi keşişlərin həmin tədbirdə Paşinyan hakimiyyətini Ermənistan dövlətçiliyini riskə atdığını iddia etməsindən sonra əslində, başqa çıxış yolu da qalmamışdı. Və erməni kilsəsi ilə düşmənçiliyi artıq təhlükəli mərhələyə yaxınlaşan Paşinyan hakimiyyəti belə iddialara yalnız tədbiri tərk etməklə, reaksiya vermək məcburiyyətində qalmış oldu.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

01.10.2024 18:35
1139