Erməni keşişləri əsgər aparacaqlar - Paşinyanın partiyasından şok təklif

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, baş nazir Nikol Paşinyanın siyasi müttəfiqləri ölkənin sərhədindəki Tavuş rayonunda iki həftədir davam edən etirazlara başçılıq edən arxiyepiskopu sərt tənqid atəşinə tutublar.

Arxiyepiskop Baqrat Qalstanyan Erməni Kilsəsinin yerli ruhani rəhbəridir. O aprelin 20-dən dörd kəndin Azərbaycana qaytarılmasına etiraz edən Tavuş rayonu sakinlərinə başçılıq edir.

O və tərəfdarları kəndlərin qaytarılmasının və müvafiq delimitasiya işləri aparılmasının qarşısını almaq məqsədi ilə Azərbaycanla həmsərhəd kənddə çadır düşərgəsi yaradıblar.

Qalstanyan da bütün Erməni Kilsəsi kimi Paşinyan hökumətinə müxalif mövqe tutur. Etirazçıları habelə Ermənistan müxalifəti, xüsusilə də Daşnaksutyun partiyası dəstəkləyir.

Misli görünməmiş söz hücumu

Azatutyun yazır ki, Milli Məclisinin aprelin 30-da keçirilən sessiyasında Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatlar Qalstanyanı ağır ifadələrlə tənqid ediblər.

İqtidar deputatları keşişi Rusiya casusu olmaqda, Azərbaycanla daha bir müharibəni qızışdırmaqda ittiham ediblər. Onlardan bəziləri 52 yaşlı arxiyepiskopu zorla hərbi xidmətə çağırmağı təklif ediblər.

Azatutyun qeyd edir ki, bəzi deputatlar bilərəkdən onun haqqında danışarkən kilsə titulları işlətmədən, sadəcə “Baqrat ağa” ifadəsindən istifadə ediblər.

Hakim partiyadan deputat Emma Palyan deyib:

“Bəzi siyasi qüvvələr, keşişlər başqa ölkələrin maraqlarına xidmət edirlər və Ermənistanı daha bir müharibəyə sürükləmək istəyirlər. Onlar bu təlimatları xaricdən alırlar”.

Arxiyepiskop üçün hərbi forma

Azatutyun yazır ki, Paşinyanın başqa partiyadaşları və iqtidar mediası da Qalstanyanı və bütövlükdə müxalifəti və Kilsəni xarici qüvvəyə, belə görünür “Rusiyaya işləməkdə” ittiham ediblər, amma bunun üçün heç bir sübut-dəlil göstərməyiblər.

Ermənistan Milli Məclisi müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Koçaryan Ermənistanın dövlət sərhəd xidmətinə yeni hərbi birlik yaratmağı və hökumətə qarşı çıxan keşişləri həmin birliyə səfərbər etməyi təklif edib.

Qalstanyan mayın 1-də ona yönəlik ittihamları rədd edib və bildirib ki, “böhtançıları” məhkəməyə verəcək.

Müxalifət liderləri keşişə qarşı misli görünməmiş söz hücumunu pisləyiblər və Qalstanyanı müdafiə ediblər.

Eçmiadzində mənzillənmiş Erməni Kilsəsi də arxiyepiskopu müdafiə edib və kəndlərin Azərbaycana verilməsi planını pisləyib.

Azatutyun xatırladır ki, Paşinyan hökumət ilə Katolikos II Qaregin arasında münasibətlər son dərəcə gərgindir.

 

Aprelin 19-da Yerevan və Bakı sərhədin Qazax-Tavuş sektorunun bəzi hissələrinin dəqiqləşdirilməsi barədə ilkin razılaşma əldə olunduğunu bildiriblər.

Bəyanatda deyilirdi ki, iki ölkə arasında dövlət sərhədinin müəyyənləşdirilməsi prosesi Azərbaycan və Ermənistan arasında Sovet İttifaqının çökməsi anında mövcud olmuş sərhəd xətti əsasında aparılır.

Azatutyun yazır ki, Ermənistan tərəfi bu razılaşmaya uyğun olaraq hərbi qüvvələrini Azərbaycana qaytarılacaq Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri ərazisindən geri çəkməlidir.

Bu da vurğulanır ki, bu razılaşmaya Ermənistanın həmsərhəd Berkaber kəndinin qarşısındakı ərazi və Gürcüstan-Ermənistan dövlətlərarası magistralının Ermənistanın Voskepar kəndinə bitişik hissəsi daxil deyil. Sözü gedən birinci ərazi Azərbaycanın, ikincisi isə Ermənistanın nəzarətindədir.

Ermənistan hökumətinin verdiyi son məlumata görə sərhəd xətti üzərində 35 dirək artıq vurulub.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.//AzadlıqRadiosu

 

02.05.2024 12:33
1261