Erməni jurnalistdən ETİRAF: “Bu gün əsl İrəvandan heç nə qalmayıb” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Xaçatur Abovyan: “İrəvan min başlı iblis, insan yeyən qaladır” adlı veriliş efirə gedib.

Musavat.com xəbər verir ki, verilişdə qədim İrəvan şəhərinə ermənilərin hər zaman nifrətlə yanaşmasından, onu dağıtmasından və yerində erməni şəhəri qurmasından bəhs olunur, həmçinin bu saxta əməllər jurnalist Lusiya Arakelyanın “İrəvan qalası” məqaləsində açıq şəkildə ifşa edilməsinə yer verilib.

O, müxtəlif dövrlərdə İrəvanda olan səyyahlardan misallar gətirərək İrəvanda cəmi bir neçə erməninin sənətkarlıq köşkü olduğunu yazıb və bu şəhərin azərbaycanlı əhalidən ibarət olduğunu mənbələrə istinadən qeyd edib.

Müəllif məqaləsində yazıçı Xaçatur Abovyanın “İrəvan min başlı iblis, insan yeyən qaladır!” fikirlərindən sitatlar verib, hazırda əsl İrəvandan heç nə qalmadığını etiraf edib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

30.01.2024 23:07
1006