Erməni işğalını pisləyib işğalçı rusa azarkeşlik edənlər - Putinin çıxışındakı o bir CÜMLƏ...

Putinin Federal Məclisə dünənki müraciəti az öncə amerikalı jurnalistə verdiyi müsahibədən mahiyyətcə fərqlənmədi. Kreml rəhbəri yenə dünyaya, beynəlxalq hüquqa meydan oxudu. Bəlli paytaxtları nüvə silahı ilə qorxutmağa çalışdı. Guya başqalarında həmin silahdan yoxdur.

Eyni zamanda, Ukraynadakı işğalçı müharibəyə görə Rusiyanın üzləşdiyi və getdikcə ağırlaşmaqda olan sosial-iqtisadi, demoqrafik vəziyyəti maskalamağa cəhd elədi. Daha durub deyə bilməzdi ki, “xüsusi hərbi əməliyyat” hələ çox çəkəcək, “kəmərləri” bir az da sıxın.

Görünən budur ki, qonşu dövlətə qarşı təcavüzə görə Kreml sahibi hələ ki, zərrəcə peşmançılıq hissi duymur. Fəqət, uzun çıxışında o, Rusiyanın artıq müharibədən təntidiyi, bu üzdən narahatlıq keçirdiyi də kifayət qədər sezilirdi. Putinin əsəbi ritorikası əslində ən çox bununla bağlı idi. Rus çarı tələsir.

Diqqət edin, Rusiya siyasiləri də ermənilər kimi yad ərazi işğalını “ərazi azad etmə”, “vətən savaşı” kimi təqdim edirlər. Putin də eyni şeyi təkrarladı. Amma sənin istəyinlə deyil ki. Gərək dünya da işğalla barışa. Erməni işğalı ilə kimsə barışdımı? Xeyr. Heç Qərb də barışmadı - erməninin bunca havadarı ola-ola. Ukrayna xalqının da ən böyük avantajı, ən qoxulu silahı budur - təcavüzə heç vaxt boyun əyməmək...

Gələk Azərbaycana. Əlbəttə, erməni işğalını pisləyib rus işğalını hər hansı formada təqdir etmək məntiqdən, insafdan kənar olmaqla bahəm, dərin ağlın göstəricisi sayılmaz. Zira, işğalçının, başkəsənin pisi-yaxşısı, doğması-yadı olmaz. Adı üstündə.

Amma əminik, Rusiyanın burdakı “5-ci kolon”çularının, rusdan çox rus olmaq istəyənlərin, Putin heyranlarının Moskvanın qələbəsi üçün gözləri hələ çox yol çəkəcək. Çünki hansı motivlə olur-olsun, heç bir-təcavüzkarın cəzasız qalmasına, rahatca uğur qazanıb özünü komfortda hiss eləməsinə şans, lüks tanımaq olmaz. Moskvaya da tanınmayacaq və velikorus təfəkkürlülərin “Pirr qələbəsi” burnundan gətiriləcək. Yoxsa onun və digərlərinin ağzında “şirə” qala bilər.

Necə ki, Ermənistan gec də olsa dərsini aldı, inanırıq ki, Rusiya da ilahi ədalətin diktəsi ilə payını alacaq - özünü nə qədər supergüc hesab eləsə də. Əslində alır da. XXI əsrdə bütün dünyaya qarşı vuruşmaq mümkünsüz. İllah da dünya sənin əsl niyyətini artıq anlamağa başlayıbsa.

Putinin işğalçı siyasətinə qarşı isə ən birinci “sadə rusun” özü, “rus mujiki” çıxmalıdır, nəinki ona “molodes” deyib çəpik çalmalıdır. Çıxmırsa, demək babalı öz boynuna, o zaman Rusiya əhalisi bədəninə də hazır olmalıdır. Ayrı yol yox...

Qayıdaq yenə Azərbaycana. Burda oturub təcavüzkar Rusiyaya azarkeşlik etmək şübhəsiz, sağlam düşüncənin təzahürü deyil. Bəşər tarixinin ən qartımış, ən qəddar imperiyasının, “xalqlar həbsxanası”nın taleyinə görə hansısa azərbaycanlının dərd çəkməsi isə ümumiyyətlə heç bir dəftər-kitaba sığmır.

Bu məqamda Azərbaycan Prezidentinin iki gün öncə söylədiyi bir fikri sonuncuların yadına salmaq yerinə düşər: “30 illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Və biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Həmin ölkələrin hər biri Azərbaycanı öz yolundan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdilər. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək”.

Bu həmin yırtıcı Rusiyadır da. Nə dəyişib ki. Kimi aldadırıq? Bu həmin Rusiyadır ki, qanbir, dilbir slavyan xalqına namərdcəsinə hücum edib; 1995-də Kiyevə yazılı şəkildə verdiyi ərazi bütövlüyü qarantına tüpürərək, Ukraynanın altını üstünə çevirməklə məşğuldur. Ukraynalılara rəhm etməyən başqalarına nə baxar?

Bilirik, ABŞ başda olmaqla Qərb düşərgəsi də mələk deyil, bizə qarşı bir çox hallarda hətta Rusiyadan da ədalətsizdir (“907-ci düzəliş”, Avropa Parlamentinin, AŞ PA-nın, ABŞ və Fransa senatlarının qərəzli qərarları, Azərbaycan və Ukraynanın ərazi bütövlüyünə ikili yanaşma və s.) Amma və lakin...

Bu həmin Putindi ki, Qarabağda da Donbas ssenarisi hazırlayırdı. Rus pasportları paylamağa, qondarma “Rus icması” yaratmağa başlamışdılar. Kreml öz “desantı” Ruben Vardanyanı Qarabağa niyə göndərmişdi, bunu da hamı yaxşı bilir. Hətta İlham Əliyev səviyyəsində Moskvaya bəyan və etiraz edilmişdi.

SONRA.jpeg (73 KB)

Sonra. 1923-də DQMV adlı “saatlı bomba”nı Azərbaycana calayan Qərb deyildi, Rusiya idi. Xocalıda “sülhməramlı” kontingentin binası önündə Rusiya, Ermənistan və separatçıların əski parçasını yanbayan asıb dövlətimizə həqarət edən, separatçı-terrorçu rejimi son anadək, var gücü ilə qoruyan, silahlandıran, ərazimizə mina daşınmasına şərait yaradan da yenə Amerika, Avropa deyildi, şimal qonşumuz idi. Xocalı soyqırımında iştirak eləmiş 366-cı alay hansı orduya məxsus idi, hərbi caniləri hələ də kim gizlədir, bu da çoxdan məlum.

Nəhayət, 1920-ci ilin 28 apreli nə tez unuduldu? Cümhuriyyətin süqutundan cəmi 5-6 ay sonra Qərbi Zəngəzurun Ermənistana bağışlanmasını niyə yaddan çıxarırıq? Daha nə baş verməlidir ki, Putinin öz sələfləri kimi hərəkət etdiyinə, imperiya təfəkkürlü biri olduğuna şəkk-şübhə qalmasın? Adam açıqca özünü “rus torpaqlarını bir yerə yığan” 1-ci Pyotrun davamçısı elan edib, SSRİ-nin dağılmasını, yəni 14 xalqın müstəqil olmasını “böyük faciə” adlandırıb, indi də həmin mövqedədir...

Putin hələ də Paşinyanı bağışlamır ki, niyə o, Praqada Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan sənədə imza atıb. Çünki Qafqazla bağlı Moskvanın “parçala, hökm sür” planına zərbə vurub.

“Suveren, güclü Rusiya olmadan sabit dünya nizamı ola bilməz”. V. Putinin dünənki çıxışındandır.

Məgər qlobal nizamı hamıdan çox elə Rusiya pozmur? Nə demək “suveren, güclü Rusiya”? Onun sərhədləri hardan keçir və ya keçəcək – Polşadan, Finlandiyadan, yoxsa? Putin dəqiq deyə bilərmi ki, rusun torpaq iştahası konkret hansı ölkənin ərazisində bitəcək?

Yəni bu qədər çətindir anlamaq ki, Ukraynada istədiyinə çatan Rusiya ardınca SSRİ-nin hansısa şəkildə bərpası layihəsinə girişəcək və Azərbaycanın suverenliyi də təhlükə altına düşəcək? Rusiyətdə indi 5-6 azərbaycanlı çörək qazanacaq, nataşalarla əylənəcək deyə, müstəqilliyimizi təzədən itirməliyik?..

P.S. Rus-alman savaşı zamanı Berlində yaşamış bir yəhudinin məşhur etirafı: “Bir gün faşistlər yəhudi tanışımı aparmaq üçün onun evinə gəldilər. Səsimi çıxarmadım. Sonra yəhudi qonşumun dalınca gəldilər. Yenə sakit durdum. Axırda da mənim dalımca gəldilər. Ancaq artıq gec idi. Mənə kömək edəcək kimsə qalmamışdı”...

01.03.2024 13:18
2359