Bu gün Ermənistandan ixrac olunan malların təxminən 90 faizi Rusiyaya gedir.
Musavat.com xəbər verir ki, bunu iqtisadçı ekspert Aqasi Tavadyan “Ermənistan xəbərləri” – NEWS.am-ın müxbiri ilə söhbətində deyib.
O, ixracın yerli istehsal hesabına artmadığını bildirib: “Son zamanlar Birləşmiş Ərəbə Əmirliklərinə ixracımız Rusiyadan daha çox artıb. Amma bu diversifikasiya deyil, çünki bu, əsasən qızılın Rusiyadan BƏƏ-yə təkrar ixracıdır. 2024-cü ilin ilk 4 ayında Ermənistana təxminən 4 milyard dollar dəyərində qızıl idxal edilib. Bunların təxminən 55 faizi Əmirliklərə, 45 faizi Çin və Honq Konqa reixrac edilib.
Rusiya mayın 1-də qızıl bazarını liberallaşdırdığı üçün bu axın artıq dayanıb və ya azalır və başqa yollar axtarır. Bu proses iqtisadi asılılıq yaradır və hazırda real ixracımız azalır”.
Tavadyan qeyd edib ki, 2024-cü ilin ilk 4 ayında qızıl ixracı Ermənistanın ümumi ixracının 76 faizini təşkil edib: “Rusiyaya avadanlıqların təkrar ixracı təxminən ümumi ixracın 8 faizini təşkil edir. Faktiki olaraq, ixracda bizim olan heç nə qalmayıb. Bütün kənd təsərrüfatı məhsullarının ixracı azalır, elektrik enerjisinin istehsalı və ixracı azalıb ki, bu da iqtisadiyyatın real mənzərəsini göstərir”.
Musavat.com