Rəsul Mirhəşimli: “Hər dəfə dini obyektlərdə gizlənib, Azərbaycan hərbçilərinə atəş açırlar”
Erməni din xadimləri Qarabağın dağlıq hissəsini axırıncı tərk edənlər arasında olub. Oktyabrın 1-də Xankəndidəki kafedral erməni kilsəsində sonuncu liturgiya mərasimi keçirilib. Ermənistanın Eçmiədzin şəhərində yerləşən erməni Apostol kilsəsindən Panorama.am-a belə bildirilib. Məlumata görə, artıq Qarabağdakı bütün erməni ruhanilər, o cümlədən Kəlbəcər rayonu ərazisində Rusiya “sülhməramlı”larının nəzarətində olan qədim Azərbaycan türklərinin xristian dövrünə aid Xudavəng monastır kompleksinin qondarma keşişləri də Ermənistana gediblər.
Bununla belə, Qarabağı tərk etdikləri zaman öz riyakarlıqlarından və böhtanlarından əl çəkməyiblər. Onlar dünya təşkilatlarına müraciət ediblər ki, Qarabağa missiya göndərilsin. Buna səbəb kimi bir bəhanə də uydurublar. Ermənistan mediasının yazdığına görə, Azərbaycanın Kəlbəcər rayonunun Çərəktar kəndi yaxınlığında yerləşən monastırı guya Azərbaycan əsgərlərinin atəşə tutması ilə bağlı videogörüntü yayıb. Bununla bağlı erməni kilsəsi beynəlxalq strukturlardan müvafiq cavab tələb edib və qeyd edib ki, o, “Bakının Qarabağda erməni dini və mədəni irsini məhv etməyə yönəlmiş siyasətini pisləyir”. Halbuki bu videolardan da görünür ki, bu zaman Azərbaycan əsgərləri monastır tərəfə atəş açır, ancaq dini tikilinin özünə deyil, atəş gələn tərəfə cavab verilir. Onu da qeyd etmək lazımdır ki, bu günə qədər monastır tam qorunmayıb, ancaq xarabalıqda qalıb. Yəni Azərbaycan hərbçilərinin onsuz da xaraba vəziyyətdə olan monastırı dağıtmaq niyyəti olmayıb. Çox güman ki, bu istiqamətdə silahlı separatçılar məskunlaşıb və o istiqamətdən Azərbaycan hərbçiləri atəşə tutulub.
Yeri gəlmişkən, erməni kilsəsi hər zaman Azərbaycana qarşı yalan üstündə qurulmuş çox böyük təbliğatlar aparıb. Bundan əvvəl də dünyaya Azərbaycanda erməni kilsələrinin dağıdılması barədə yalan məlumatlar yaymışdılar. Əksinə, 44 günlük müharibədən sonra biz şahidi olduq ki, ermənilər məscidlərimizi, dini abidələrimizi tamamilə dağıdıb, xarabaya çeviriblər. Ümumiyyətlə, Azərbaycanın maddi, mədəniyyət və dini abidələrinin dağıdılması, talan edilməsi və mənimsənilməsi onilliklər ərzində Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsidir. Və bu gün bizə böhtan atan həmin separatçı rejimin məscidlərimizdə donuz saxladıqları görüntülərini də xüsusi qeyd etmək lazımdır.
Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, 2020-ci ilin 44 günlük savaşından sonra Rusiyanın vasitəçiliyi ilə gəlinmiş razılığa əsasən Kəlbəcərdəki Xudavəng məbədində erməni keşişlər fəaliyyətini davam etdirirdi. Onlara tolerant yanaşılıb, ölkəmizdə fəaliyyət göstərmələri üçün hər bir şərait yaradılıb. Bununla da sübut edilir ki, Azərbaycanda irqindən, milliyyətindən asılı olmayaraq hər kəsə eyni, tolerant münasibət göstərilir.
Rəsul Mirhəşimli
İlahiyyatçı, araşdırmaçı jurnalist Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycan Ordusu Qarabağda lokal antiterror əməliyyatlarını hərbi qaydalar və beynəlxalq normalara uyğun şəkildə keçirib: “Bu əməliyyatların hədəfi Qarabağda yerləşən erməni terror dəstələri olub. Azərbaycan heç bir halda mülki və dini obyektləri, dinc sakinləri hədəf almayıb. Antiterror əməliyyatları başlamazdan əvvəl də Qarabağdakı mülki erməni əhaliyə çağırışlar edilib, hərbi obyektlərdən kənar durmaları bildirilib. Lakin hər dəfə olduğu kimi, erməni xisləti özünün uydurma yalanlarına davam edir. Hələ 44 günlük Vətən müharibəsi zamanı ermənilər eyni cür yalanlarla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışıb. Azərbaycan Ordusunun guya Şuşada kilsəni vurması barədə yalanları uydurub tirajlayırdılar. Bu yalanlar terrorçu düşüncənin məhsuludur. Həm haqsızdırlar, həm də yalan və iftiraları ilə Azərbaycanı hədəf seçirlər. Ənənəvi olaraq, dünyaya "yazıq erməni" obrazı ilə görünmək istəyirlər".
İlahiyyatçı əlavə edib ki, hərbi əməliyyatlar keçirilən ərazilərdə dəfələrlə belə hallar baş verib ki, erməni terrorçuları dini obyektlərə sığınıb, həmin ərazidən Azərbaycan hərbçilərinə atəş açıblar: “Atəş hədəflərini susdurmaq üçün dünyanın hər yerində ordular eyni cür davranır. Məqsəd atəş nöqtəsini susdurmaqdır. Azərbaycanın bütün ərazilərində olduğu kimi, Qarabağdakı dini abidələr ölkəmizin maddi-mənəvi irsidir. Azərbaycan da bu irsi ölkə mədəniyyətinin sərvəti olaraq qoruyur. Təəssüf ki, bir çox hallarda beynəlxalq təşkilatlar heç bir sübut görmədən erməni yalanlarına inanır. Heç olmazsa, bəzi beynəlxalq təşkilatlar son hadisələrdən sonra obyektiv olsunlar, ermənilərin yalanlarına inanmaq əvəzinə, özlərində güc tapıb, faktları yerində dəyərləndirə bilsinlər”.
Yazını hazırladı: Afaq MİRAYİQ