Erməni barmağını tətikdə saxlayan Qərb... - sülh olmasa, nə olacaq?

Analitiklərin proqnozuna görə, ABŞ və Fransa Ermənistana silah tədarükünü daha da artıracaq və yeni hərbi əməliyyatların baş verməsi mümkündür - detallar

Ermənistan Azərbaycanla sülh müqaviləsindən yayındıqca və sürətlə silahlandıqca tərəflər arasında etimad mühiti zəifləyir, paralel surətdə bölgədə yeni hərbi toqquşma ehtimalı artır. Çünki istənilən yarımçıq sülhün alternativi də müharibədir. Bu mənada Bakı və İrəvan əslində de-fakto müharibə vəziyyətindəki kimidir. Təəssüf ki, bölgədəki son gəlişmələr, Ermənistanın ABŞ başda olmaqla, Qərb havadarları tərəfindən yenə də maşa qismində istifadə olunması bu qənaəti gücləndirir. Yeri gəlmişkən, necə gündür ABŞ-ın Ermənistana silah daşıması məsələsi gündəmdədir. Söhbət ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17" hərbi yük təyyarəsi ilə Ermənistan üçün yeni nəsil silahların - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnikanın gətirilməsindən gedir. Qeyd olunur ki, ABŞ Ermənistanı silahlandırmaqla yanaşı, həm də onun ərazisindən istifadə etməklə İranda kəşfiyyat işləri aparır.

Əlbəttə ki, Amerikanın İrəvana bu cür “canı yananlığı” əsla sülh qoxusu vermir. Daimi sülhün əsas şərti isə çoxdan məlum. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bir neçə gün əvvəl Vaşinqtonda baş tutan danışıqlardan sonra bununla bağlı rəsmi Bakının mövqeyini bir daha açıqlayıb. Əmirbəyov bildirib ki, Ermənistan konstitusiyası dəyişdirilməyənə qədər sülh müqaviləsinin imzalanması mümkün deyil. “Bu sənəddə Azərbaycana qarşı ərazi iddiaları var. Hazırda bu, sülh prosesinin qarşısında duran yeganə maneədir. Əmin olmaq istəyirik ki, Ermənistanla sülh sazişi gələcəkdə onun revanşizmə qayıdışını və ya Azərbaycana qarşı ərazi iddialarını mümkünsüz edəcək. Ermənistanın sülh danışıqlarını, müqavilənin imzalanmasını öz hərbi potensialını gücləndirmə, tarixi yeni başlanğıc fürsətinə qarşı pozuculuq taktikası yürütmə fürsəti kimi baxması bizim üçün qəbuledilməzdir”, - xüsusi nümayəndə xəbərdarlıq edib. 

“İnanmıram ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlansın”.

Bunu isə “Moskva-Bakı”ya müsahibəsində rusiyalı ekspert Yevgeni Mixaylov deyib. “Cənubi Qafqazda vəziyyət gözlənilməz və çox təhlükəli olacaq. Bu hər şeyə təsir edəcək. Qərb regionda aqressiv antirusiya vektoru aşılayacaq. O, Rusiya ilə Azərbaycanı bir-birinə qarşı qoymaqda davam edəcək”, - politoloq vurğulayıb. Mixaylova görə, Qərb sülh müqaviləsi məsələsində manipulyasiya etməyə və bir növ Ermənistanın maraqlarını qorumağa çalışır: “Sülh müqaviləsi olmasa, Qərb Ermənistana silah tədarükünü artıracaq. Və yeni hərbi əməliyyatların baş verməsi mümkündür. Yaxın Şərqdə, İsraillə Fələstin arasında, İsraillə İran arasında uzun müddət - keçən ilin payızından bəri hadisələrin necə cərəyan etdiyini və son günlərdə vəziyyətin yenidən son dərəcə təhlükəli tendensiyalar aldığını nəzərə alsaq, istənilən vaxt Cənubi Qafqaz və Xəzər regionunun qovşağı alovlana bilər”.

Ekspertin Güney Qafqazla bağlı bu gözləntisi əsaslıdırmı? Başqa yandan, Rusiyanın özü Azərbaycan və Ermənistan arasında sülh sənədinin imzalanmasında maraqlıdırmı, yaxud Qərb qədər maraqlıdırmı? Regionda müharibəni tətikləmək istəyən kimdir? 

Almaniya, Fransa və Brüssel arasında geniş mübarizə gedir" - Aqşin Kərimov  News 365

Aqşin Kərimov

Siyasi icmalçı Aqşin Kərimova görə, Azərbaycan Ermənistanın sülh gündəliyindən yayınması üçün vasitələr və kanallar tapmasına cavab olaraq hərbi güc tətbiqi ssenarilərini işləyib hazırlayır: “Bu, Azərbaycanın özünə qarşı yarana biləcək təhdidləri önləmək qabiliyyətinə əsaslanır. Ermənistan dövlətinin süqutu üçün zəmin hazırlanır, çünki o, ABŞ, Rusiya, Fransa Hindistan və Çin arasındakı rəqabətin və ya sövdələşmələrin dişləri arasında sıxılır, üstəlik, Azərbaycan, İran və Türkiyə ilə daha böyük problemli mərhələyə yaxınlaşdığını göstərir. Rusiyanın Ermənistanın addımlarını cavabsız qoyacağı düşünülmür, amma indiki geosiyasi şərait Kremlin əleyhinə işlədiyindən, o, İrəvanla bağlı planlarını təxirə salmaq məcburiyyətindədir. Azərbaycan və Türkiyənin tezliklə regional və beynəlxalq münaqişələrə müştərək baxışla bağlı müzakirələr aparacağı istisna olunmur. Bu, əsasən taleyi qaranlıqlaşan Ermənistan üzərindən qurulan ssenarilərə cavab kimi məsələləri əhatə edəcək”.

Təhlilçinin fikrincə, Ermənistan diplomatiyası və strategiyası ağıllı gediş etdiyini düşünsə də, ölkənin təhlükəsizlik problemləri yöndəmsiz şəkildə təhlükələrə sürüklənir: “Ermənistan barədə qərarlar İrəvanın iradəsindən kənarda verilir ki, bu da regional problemlərin həllində mürəkkəb tənliklər yaradır. Ermənistan artıq güc qarşıdurmasını özünü oyunçuların birgə patrul nəzarəti altına salmaqla regional təhlükəsizliyi risk altına atır. Ermənistan həqiqətən də ABŞ hərbçilərinin öz ölkəsinə ayaq basmasına icazə veribsə, bu, onun Azərbaycanla yanaşı, İran və Türkiyə ilə münasibətlərində kəskin qarşıdurma xətləri yaradacaq”.

Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb” – MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ – "ARAZ" Media Qrupu

Məhəmməd Əsədullazadə

Siyasi şərhçi Məhəmməd Əsədullazadə isə düşünür ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün maksimum vasitəçilik edir: “Yaxın perspektivdə sülh müqaviləsinin bağlanması mümkün ola bilər. Həmçinin Azərbaycan Ermənistanla  demarkasiya prosesi çərçivəsində 900 hektar ərazi qarşı tərəfə verilib. Bu ərazidən sərhəd qoşunları geri çəkilib. Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazda maksimum sülhün əldə edilməsi istiqamətində mühüm addımlar atır. Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasına da razılıq verib. Onun texniki məsələləri müzakirə predmeti olaraq qalıb”.

Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən  yeganə oyunçudur” - MÜSAHİBƏ - Oxu.az

 Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədova Ermənistanın silahlanmasını eskalasiya riski yaratmaqla yanaşı, Rusiya əleyhinə yürüdülən siyasət adlandırır. Onun fikrincə, Qərb bu ölkəni Rusiyadan uzaqlaşdırmaq üçün hərbi dəstəyini artırır: “Məqsəd Gümrü bazasını ləğv etmək və Ermənistanın KTMT-dən çıxışına nail olmaqdır. Eyni zamanda bu silahlanma İrəvanda ruh yüksəkliyi yaratdığına görə sülh danışıqlarında sapmalar mümkündür. Qərb hiss olunur ki, sülh müqaviləsinin imzalanmasından daha çox Ermənistanın güclənməsini prioritet hesab edir. Amma Azərbaycan bəyan edib ki, sülh müqaviləsi olmadan da yaşamaq mümkündür. Sadəcə, Ermənistan özü ölçüb-biçməlidir ki, bu şərait onun üçün nə dərəcədə əlverişlidir. Əgər dünyaya açılmaq istəyi varsa, sülh sənədi olmadan Ermənistan irəli gedə bilməyəcək. Hər halda, bu il sülh müqaviləsi gözlənilmir. Gələn il isə sülh mətni tam razılaşdırılsa, imzalana bilər. Ancaq həllini gözləyən o qədər mübahisəli məqamlar var ki...”

Emil SALAMOĞLU,
“Yeni Müsavat”



10.08.2024 11:48
930