Erməni azlığının arxasında gizlənən Tehran - İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH

Bir sıra dövlətlərdə hakimiyyətlər xoş olmayan, pis niyyətlərini müxtəlif etnik azlıqların arxasında gizlənməklə reallaşdırmağa çalışırlar. İranda yaşayan ermənilər də Tehranın Azərbaycan və Türkiyəyə qarşı hikkəsini sakitləşdirmək üçün alətdir. İslam Respublikası rəhbərliyi Ermənistandan da bu məqsəd üçün istifadə edir.

Aprelin 24-də ermənilər İranın Tehran, İsfahan şəhərlərində saxta “soyqırımı” iddiası ilə bağlı hər il Azərbaycan və Türkiyəyə qarşı yürüşlər keçirir, türklərin əleyhinə müxtəlif şüarlar səsləndirirlər. İran hakimiyyətinə bağlı rəsmi və elektron kütləvi informasiya vasitələri də builki mərasimi geniş işıqlandırıb. Tehranın siyasi-ideoloji xəttini təbliğ edən mənbələrdən biri tədbirlə bağlı belə xəbər yayıb: “Tədbir iştirakçıları Osmanlı Türkiyəsi hökumətinin 1915-ci il erməni soyqırımı (?!-red.) ilə bağlı hərəkətlərini pisləyərək Türkiyədən buna görə məsuliyyəti öz üzərinə götürməsi və əvəzini ödəməyə çalışmasını tələb ediblər”.

3c10632f-fd4a-3ef6-86db-e0ce0545.jpg (181 KB)

Əslində, İran hakimiyyəti həmin hadisəni tanımasa da, ancaq ona bağlı kütləvi informasiya vasitələrinin onu “soyqırımı” kimi təqdim edib. Tehran bununla “söz azadlığı” kimi demokratik prinsipin arxasında gizlənərək ermənilərin müdafiəçisi rolunda çıxışını davam etdirir. “Osmanlı Türkiyəsi hökuməti” ifadəsi ilə həm də müasir Türkiyə Cümhuriyyətinə təzyiqlərin göstərilməsinə diqqəti çəkib. Çünki rəsmi Ankara illər əvvəl bildirib ki, bunu araşdırmağı tarixçilərin ixtiyarına buraxmaq lazımdır. Türkiyə hakimiyyəti arxivləri də alimlərin üzünə açmağa hazır olduğunu açıqlayıb. Ancaq Tehran hakimiyyəti erməni havadarlarına yarınmaq üçün belə mərasimlərin keçirilməsinə şərait yaradır. Ancaq martın 31-də ermənilərin azərbaycanlıları soyqırımına məruz qoyması, Xocalı soyqırımı, 20 Yanvar faciəsi ilə bağlı tədbirlərin keçirilməsinə heç vaxt imkan verməyib, şərait yaratmayıb. Əksinə, bu hadisələri yad etmək istəyənlər təzyiq və təqibə məruz qalıblar.

Bəhs etdiyimiz tədbirin sonunda aksiyaçılar bəyanat oxuyublar. Belə ehtimal etmək olar ki, açıqlama İran Xarici İşlər Nazirliyində hazırlanıb. Çünki İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei, Prezident İbrahim Rəisi və başqa rəsmilər bir qayda olaraq indi qeyd edəcəyimiz iddialarla çıxış edirlər.

dee4bb8c-2c0c-3f18-b0a9-1af96b37.jpg (193 KB)

Həmin informasiya qaynağı bildirib: “Mərasimin sonunda oxunan bəyanatda etirazçılar və təşkilat komitəsi Türkiyənin ekspansionist siyasətini, terrorçuları Qafqaza köçürməsini, milli hissləri qızışdırmasını, eləcə də saxta Zəngəzur dəhlizi ilə Türkiyə və Bakının (Tehran hakimiyyətinin bir sıra KİV-i Azərbaycan Respublikasını belə yazırlar - red.) İran-Ermənistan sərhədini bağlamaq cəhdini qeyd ediblər. Onlar İsraili, Amerika və NATO-nun buna üstüörtülü dəstəyini də qınayıblar”. Bu çıxış istər-istəməz İranın ali rəhbəri ayətullah Xaməneinin Zəngəzur yolu əleyhinə çıxışını xatırladır. O bunu İranın "qırmızı xətt"İ adlandırıb. Yaxud İbrahim Rəisi bəhs etdiyimiz yoldan NATO və ABŞ-nin istifadə edəcəyinə dair açıqlaması da yada düşür.

Təbii olaraq emənilərin “soyqırımı” iddiası ilə Zəngəzur yolunun layihəsi arasında nə əlaqə var? Bu məsələ Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il noyabrın 10-da qəbul etdikləri üçtərəfli bəyanatın 9-cu maddəsində öz əksini tapıb. Odur ki, həm İran hakimiyyəti, həm onun alətinə çevrilən erməni icmasının canfəşanlığı əbəs görünür. Göründüyü kimi, iştirakçıların açıqlamasına İranın rəsmi qurumlarının havasının dəydiyi istisna edilmir. İddia edilən saxta hadisəni Qəzza zolağında baş verənlərlə eyniləşdirmək də İranın aksiyaçılara təsirinin göstəricisi sayılır. “Etiraz” yürüşünə qatılanlar İran parlamentinin üzvlərindən də “bu acı faciəni etiraf etmələrini istəyib”. Bu, ötən gün İranda keçirilən “tədbir"lə bağlı yayılan məlumatlardan biridir.

Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri qurmağa cəhd göstərdiyi halda Tehran müxtəlif üsullarla əlaqələrin bərpasına, normallaşmaya mane olmağa səy göstərir.

2019-cu ilin oktyabrında Ermənistanın Baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı Tehranda çıxış etdiyi ermənilərə məxsus “Ararat” (?!-red) idman zalında “Qarabağ Ermənistandır!” şüarı yazılması faktı da unudulmayıb. Tehran bu şüarlarla onda rəsmi İrəvana məlum mövzuda ismarış yollamışdı.

ae41e8f5-971f-300f-a73c-671dac68.jpg (292 KB)

İran Ermənistandan da Azərbaycana qarşı təzyiq elementi kimi istifadə etməyə səy göstərir. 2022-ci ildə iki ölkə arasında sərhədlər müəyyənləşmədən İranın Qafanda Baş Konsulluq açması bunu təsdiqləyir. Yaxud ötən ilin dekabrında Tehran hakimiyyətinin XİN başçısı Hüseyn Əmir Abdullahian Ermənistanın 2024-cü ilin əvvəlində Təbrizdə Baş Konsulluq açacağına dair anons da vermişdi. Aprelin 25-də isə Ermənistan hökuməti uyğun qərar qəbul edib.

Əlbəttə, dövlətlərin bir-birinin ərazisində diplomatik missiya açması beynəlxalq hüquq və normalarla tənzimlənir. Bu baxımdan, İran və Ermənistan arasında uyğun mübadilə də anlaşılandır. Ancaq Tehranda Azərbaycan səfirliyinə terror hücumuna qaneedici hüquqi qiymətin verilməməsi, Təbrizdəki Baş Konsulluğun qarşısında etiraz aksiyalarının təşkil edilməsi ilə onun fəaliyyətinə problem yaradılması kimi faktlar İslam Respublikası hakimiyyətinin bu sahədə də qərəzli olacağını ehtimal etməyə indidən əsas yaradır.

Azərbaycanla Ermənistan arasında münasibətlərin yaranmağa başladığı bir vaxtda Tehran hakimiyyətinin saxta “soyqırımı” tədbirinin belə geniş və əhatəli şəkildə keçirilməsinə şərait yaradılması Tehranın ermənilərin arxasında dayanıb proseslərə müdaxilə etmək cəhdlərindəndir. Nikol Paşinyan Türkiyə və Azərbaycana qarşı olduğu üçün dövlət gerbi, himni, konstitusiyasının dəyişdirilməsi, orta məktəbin tarix kitablarının yenidən yazılması kimi məsələləri gündəliyə gətirdiyi bir şəraitdə İran hakimiyyətinin Tehranda “soyqırımı” mərəkəsi açması onun erməni etnik qrupundan xəbis məqsədlə istifadəsini göstərir.

Sədrəddin Soltan,
Report.az

25.04.2024 17:07
1130