Erkən seçkilərlə bağlı mühüm gəlişmə - siyahı dəqiqləşdi

Deputat: “Parlament seçkiləri ilə bağlı qərarı aidiyyəti dövlət qurumları verəcək”

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) seçici siyahısının dəqiqləşdirilməsi prosesini yekunlaşdırıb. 2024-cü ilin daimi seçici siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi başa çatıb.

APA-nın xəbərinə görə, mayın 27-də MSK üzvləri media təmsilçilərinin də iştirakı ilə qurumun inzibati binasında vahid seçici siyahısının yenidən tərtib edilmiş variantına baxış keçirib və siyahıların saxlanma şəraiti ilə tanış olublar.

Seçki Məcəlləsinin tələblərinə əsasən, hər il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə vahid seçici siyahısının tərtib edilərək dəqiqləşdirilməsinə başlanılır. Seçici siyahıları qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ilk növbədə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər barədə təqdim etdikləri məlumatlar əsasında məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib olunur və MSK-ya təqdim edilir.

Bu istiqamətdə lazımi addımlar atıldıqdan və zəruri işlər görüldükdən sonra seçici siyahıları aidiyyəti üzrə aşağı seçki komissiyaları tərəfindən təsdiqlənir və dövlət avtomatlaşdırılmış informasiya sistemindən də istifadə olunmaqla ictimailəşdirilir. Sözügedən prosesə bütövlükdə may ayının 30-dək yekun vurulur.

Cari il seçici siyahısının dəqiqləşdirilməsinə başlanılması 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisi ərəfəsinə təsadüf etdiyindən, MSK vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasında mühüm əhəmiyyət daşıyan seçici siyahılarının dəqiqləşdirilməsini əsas prioritetlərdən biri kimi diqqətdə saxlayaraq prosesləri daha da intensivləşdirib və qanunvericiliyin tələblərinə uyğun qaydada ardıcıl, sistemli tədbirlər həyata keçirib.

Dəqiqləşdirmə prosesində seçicilərin fəallığı, informasiya-kommunikasiya texnologiyalarının və media qurumlarının imkanlarından geniş istifadə olunması da görülən işlərin səmərəliliyinin yüksəldilməsində və siyahıların daha təkmil hazırlanmasında əhəmiyyətli rol oynadı. Onu da qeyd etmək lazımdır ki, aşağı seçki komissiyalarının otuz səkkiz mindən artıq üzvünün cəlb olunduğu dəqiqləşdirmə prosesi Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin müvafiq orqanları, yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq şəraitində reallaşdırılıb.

Bu o deməkdirmi ki, tezliklə erkən parlament seçkiləri qərarı verilə bilər?

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mayın əvvəlində demişdi ki, qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır. MSK sədri qeyd edib ki, ancaq seçkilərin müddəti önə də çəkilə bilər: “Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır”.

“Azərbaycanda keçiriləcək mötəbər tədbir olan COP29-la parlament seçkilərinin vaxtı eyni zaman kəsiyinə təsadüf etdiyi üçün seçkilərin önə çəkilməsi barədə qərar verilə bilər”, - M.Pənahov əlavə edib.

Nəzərə çatdıraq ki, bu ilin noyabrında Azərbaycan COP29-a ev sahibliyi edəcək. Konfrans Bakı Olimpiya Stadionunda baş tutacaq.

Ceyhun Məmmədov - YouTube

Ceyhun Məmmədov 

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, davamlı olaraq seçki siyahıları yenilənir: “Dəqiqləşdirmələr mütəmadi olaraq aparılır. Bu siyahıların üzərində davamlı olaraq MSK işləyir. Yalnız bu gün üçün yox, əvvəlki dövrlərdə də dövlət qurumları davamlı olaraq icra edirlər. Qarşıda həm bələdiyyə seçkilərinin, həm də parlament seçkilərinin keçirilməsi planlaşdırılır. Mövcud qanunvericiliyə, konstitusiyaya əsasən payızda parlament, bir neçə aydan sonra bələdiyyə seçkilərinin keçirilməsi nəzərdə tutulur. Erkən seçki ilə bağlı məsələyə gəlincə isə bununla bağlı qərarı aidiyyəti dövlət qurumları verəcəklər. Bu barədə hələ ki heç bir rəsmi məlumat yoxdur. Əgər dəqiq məlumat olarsa, ictimaiyyət də bundan xəbərdar olacaq. Ona görə indidən seçkilərlə bağlı nə isə söyləmək düzgün olmaz”.

Şahin Əsədli: "Azərbaycanda yaşı 100 və 100-dən yuxarı olan 371 seçici var"

Şahin Əsədli

MSK-nın Media və kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, seçici siyahılarının dəqiqləşdirilməsi Seçki Məcəlləsinin tələblərinə əsasən hər il yanvar ayının əvvəllərindən başlayaraq may ayının sonunadək həyata keçirilən bir prosesdir: “Bu, seçki ili olub-olmamasından asılı olmayaraq, hər il gerçəkləşdirilir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

28.05.2024 12:18
1033