Erkən nikaha qarşı SƏRT MÜBARİZƏ: Şadlıq evləri də məsuliyyətə cəlb olunacaq

Yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manat cərimələnəcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 189-2-ci maddənin (Yetkinlik ol yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsi) əlavə edilməsi təklif olunur.

Yeni maddəyə əsasən, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə fiziki şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, vəzifəli şəxslər 3 000 manatdan 4 000 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 9 000 manatadək məbləğdə cərimə ediləcək.

Məcəllənin 189-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 2 000 manatdan 2 500 manatadək məbləğdə, vəzifəli şəxslər 5 000 manatdan 6 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 13 000 manatadək məbləğdə cərimə olunacaq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov Medianews.az-a bildirib ki, qanunvericiliyə dəyişiklik üçün nəzərdə tutulan bu kimi təkliflər erkən nikahların qarşısını almağa hesablanıb. Onun sözlərinə görə, zamanın tələbinə uyğun olaraq qanuna edilən bu cür dəyişikliklər müsbət nəticə verir: “Məlum olduğu kimi, Ailə Məcələssinə 2011-ci ildə dəyişiklik edilmişdi. O dəyişikliklə həm nikah yaşı bərabərləşdirilmiş, həm də Cinayət Məcələssinin 176-1-ci Maddəsi əlavə edilmişdi. Sözügedən dəyişiklik 14 il ərzində erkən nikahlarla mübarizədə kifayət qədər rol oynadı. 2011-ci ildə nikah sayları beş minin üzərində idisə, yaşın bərabərləşdirilməsi Cinayət Məcəlləsində öz əksini tapdıqdan sonra il ərzində erkən nikahlarla bağlı 300-350 halın baş verməsinin qarşısını alıb. Son 14 ildə Ailə Məcəlləsinə belə bir yenilik daxil edilməyib”.

S.Məmmədov deyib ki, erkən nikahların qarşısının alınması ilə bağlı səsləndirilən mövcud təkliflər Komitə tərəfindən ailə siyasətinin təkmilləşdirilməsi, ailələrin qorunması məqsədi ilə hazırlanıb: “Bu, çoxdan gözlənilirdi. Erkən nikahlara qarşı mübarizənin qarşısını almaq üçün müxtəlif təkliflər səsləndirilirdi. Beləliklə, bu, ümumiləşdirilmiş şəkildə öz əksini tapdı. Bu dəyişikliyi zəruri edən uşaq evliliyi ilə mübarizənin aparılmasıdır. Onların yaşamaq hüququnun təsvir olunması istiqamətində atılmış addımlardır”.

Cərimələrin tətbiq olunması məsələsinə toxunan Komitə nümayəndəsi vurğulayıb ki, sanksiya varsa, cərimə amili də edilməlidir: “Cərimələrin artımının özlüyündə hüquqi əsası var. Çünki cəmiyyətdə ictimai münasibətləri tənzimləmək üçün inzibati tədbirlərdən istifadə edilir. Cərimələrin indiki formatda tətbiq edilməsi, həmin davranışlarla bağlı addım atmaq istəyənlər üçün cəza tədbiri olacaq. Ümumi tənzimləmə proseduru və mexanizmi bununla bağlıdır. Vaxtilə qanunvericilikdə 176-1-ci Maddə qəbul olunanda kifayət qədər işlək deyildi. Cəzalar istifadə edilmirdi. Bu səbəbdən biz daha işlək olması üçün adını dəyişdirib “erkən nikaha daxilolmaya məcburetmə” kimi qəbul olunması kimi təklif etdik. Bu Maddə ilə çərçivə genişlənir. Hesab edirik ki, təklif edilən dəyişikliklər bu kimi halların qarşısının alınması yönündə effektiv mühit yaradacaq”.

13.06.2024 15:45
569