Bakının Sabunçu rayonunda 1980-ci il təvəllüdlü Xəyal ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Samirəyə (adlar şərti verilib - red.) xəsarət yetirib.
Teleqraf.com xəbər verir ki, hadisə ötən il fevralın 1-də Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.
Xəyal həmin ərazidə arvadı Samirə ilə qısqanclıq zəminində mübahisə zamanı xüsusi amansızlıqla, övladının gözü qarşısında, sulfat turşusu olan şüşə butulkanın qapağını açaraq qadının üstünə və dayandığı istiqamətə səpələyib, ona xəsarətlər yetirib.
Hadisəni törədən Xəyalın barəsində Cinayət Məcəlləsinin 126.2.3 (qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə törədildikdə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xəyal elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O qeyd edib ki, Samirə ilə ailə qurduqdan sonra ilk vaxtlar münasibətləri normal olub, aralarında heç bir münaqişə olmayıb:
"2022-ci ilin yay aylarında evdən mənə tanış gəlməyən səs eşitdim. Həmin vaxtlar Samirənin hərəkətləri mənə şübhəli gəldiyindən onun çantasına baxdım. Çantada öz telefonundan əlavə bir telefon tapdım. Mesajları oxuduğum zaman Samirənin müxtəlif vaxtlarda, müxtəlif şəxslərlə cinsi əlaqədə olduğunu öyrəndim.
Samirə hər şeyi etiraf etdi və onu bağışlamağım üçün yalvardı. Mən də Samirəni bağışladım.
Bir müddət sonra Samirənin yenidən eyni əməlləri təkrarladığını öyrəndim. Bağışladıqdan sonra yenə əxlaqsız hərəkətlər etməsinə çox əsəbiləşdiyim üçün onun sağlamlığına zərər vurdum".
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisəni törətdiyi gün Samirəni aldadaraq onunla və böyük oğlu Əli ilə görüşüb:
"Görüşdükdən sonra avtobusa mindik. Avtobusdan düşəndə Samirədən mobil telefonunu verməsini tələb etdim. O, telefonunu verməkdən imtina etdi, mənim və ailəm haqqında nalayiq ifadələr işlətdi. Mən əsəbiləşdim və özümlə daşıdığım kimyəvi maddə olan şüşənin qapağını açaraq onun üzünə tökdüm".
Təqsirləndirilən şəxs bildirib ki, yay aylarında tapdığı telefonun mövcudluğundan xəbəri olmayıb:
"İşdə olduğum zaman uşaqlarım mənə zəng edib evə yad kişilərin gəldiyini, Samirə ilə spirtli içki qəbul etdiklərini danışdılar. Bu hadisədən sonra məndə şübhə yarandı. Çox keçmədi ki, evdə bir kağız tapdım. Kağızda tanımadığım nömrələr var idi".
İş üzrə zərərçəkmiş Samirənin sözlərinə görə, Xəyal əl çantasında aşkar etdiyi mobil telefon onun anasına məxsusdur:
"Anam telefonu mənə uşaqlarımın istifadə etməsi məqsədi ilə verib. Uşaqlarım həmin telefonla bəzən oyun oynayıblar. Bir müddət sonra uşaqlar istifadə etmədikdə telefonu özüm işlətməyə başladım. Telefonda olan nömrə uzun müddət əvvəl alınıb".
Zərərçəkmiş qeyd edib ki, Xəyalın külli miqdarda borcu olub: "Ona boşanmaq istədiyimi dedim. Hadisə baş verən gün Xəyal içkili vəziyyətdə mənə zəng edərək harada olduğumu soruşdu. Mən də işdə olduğumu bildirdim. İşdən çıxanda Xəyal yanıma gəldi. İçkili olduğunu görəndə niyə içdiyini soruşdum, bunun mənə aidiyyətinin olmadığını dedi. Bundan sonra avtobusa mindik və sözügedən hadisə baş verdi. Xəyalın bu əməli törətməsinin səbəbi mənim boşanmaq istədiyimi deməyim olub".
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xəyal altı il azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.