Şair demişkən, dağların başına dumandan, çəndən xəbərsiz düşən qarın nə ömrü olacaqdı ki?
Biz Şahdağın ətəyinə varanda bir neçə gün əvvəl yağmış qarın çox hissəsi əriyib getmişdi. Yalnız yaşlı nənələrin quzey dediyi gün tutmayan dərələrdə, bir də başının ayazı, şaxtası əskik olmayan zirvələrdə qar görünürdü. Yamaclardakı qar isə, sadəcə, qalın qırova oxşayırdı.
6 ay əvvəl gördüyümüz, relyefinə, mənzərəsinə, təmiz və sərin havasına valeh olduğumuz Şahdağ belə deyildi. O zaman Şahdağa sanki yaşıl xalı sərilmişdi və üzərində ağ, sarı, qırmızı rəngli çiçəklərdən naxışları vardı.
O vaxt bizi, bir avtobus jurnalisti dağların şahının hüzuruna "Şahdağ Turizm Mərkəzi"nin yay turizmi mövsümünə start verməsi ilə bağlı məlumatları öyrənmək, yeniliklərlə tanış olmaq, bəzi suallarımıza cavab tapmaq üçün dəvət etmişdilər. Biz də getmiş, görmüş, incələmiş, yazmışdıq.
Bu dəfə isə Şahdağ bir az boz idi. Bozdağ deyildi, daha çox Almatı şəhərinin söykəndiyi, başı daima qarlı olan və uzaqdan ala-tala görünən Alatauya – Aladağa oxşayırdı. Şahdağın da ətəyi payıza xas boz rəngdəydi, lap zirvəsində isə qara qışın bəyaz simvolu vardı.
Fəqət bu qar nə xizək həvəskarlarının işinə yarayardı, nə gənc sevgililər üçün qartopu oynamaq romantikası yaşamağa əl verərdi.
Kompleksin işçilərindən biri qış turizmi mövsümünün başlanğıcında bu havanı şanssızlıq kimi dəyərləndirdi, dedi ki, bir neçə il öncə insanlar dekabrın 9-da burada xizək sürürdülər, amma indi ayın 17-sidir, hələ xizəkçilər üçün əlverişli şərait yaranmayıb. Daha bir tərs iş o idi ki, havanın hərarəti 0-ın üstündəydi, qarpüskürən qurğuların işə düşməsi üçün isə o, mənfi 2-yə enməlidir, yəni şaxta olmalıdır. Lazımi qədər şaxta olsa, sayı 450-dən çox olan süni qarpüskürən qurğular kompleksin ərazisini şıltaq təbiətdən asılı qoymaz, Qusar çayının sularını qara çevirib yamaclara ələyə bilər. Onsuz da o sular zamanında əriyib yenidən Qusar çayına qayıdacaq.
Ancaq, deyəsən, bu hava şəraiti Şahdağda dincəlmək istəyən turistlərin axınına o qədər də təsir etməmişdi. Kompleksin ərazisindəki 5, 4, 3 ulduzlu otellərdə və apartament tipli kotteclərdə qonaqların sayı kifayət qədər idi. Hələ otelçilərin bildirdiyinə görə, ilin son ayının axırıncı ongünlüyü üçün artıq bütün nömrələr bron edilib. Yəni xeyli sayda yerli və əcnəbi turist ilin son günlərini Şahdağda keçirmək istəyir. Həftənin istirahət günləri isə otellərdə boş yer olmur.
Bir də 40-50 nəfərlik avtobuslarla şəxsi avtomobilləri ilə turizm kompleksinin mərkəzi hissəsində yerləşən “Zirvə” otelinin yanına gələnlər vardı. Bunlar əsasən tələbə gənclər (və ya o yaşda olan insanlar), azyaşlı uşaqları olan valideynlər idi. Aydın məsələydi ki, onlar otellərdə gecələməyəcəklər, axşama doğru öz daiimi yaşayış yerlərinə qayıdacaqlar. Amma bu turistlər də kompleks ərazisindəki əyləncələrdən istifadə edərək ölkə turizminin inkişafına öz töhfələrini verəcəkdilər.
Yeri gəlmişkən, kompleks əməkdaşları 1 günlük turistlərlə bağlı bir anlaşılmazlıq barədə danışaraq dedilər ki, bəzi turizm firmaları müştərilərini aldadır, öz reklam mətnlərində kompleksdə zirvəyə aparan kanatların pulsuz olduğunu qeyd edirlər. Halbuki pulsuz olan kanat turistləri kompleksin girəcəyindəki avtomobil dayanacağından “Zirvə” otelinə qədər daşıyan kanatdır, dəniz səviyyəsindən uyğun yüksəkdə olduğuna görə “2351” adlanan zirvəyə aparan kanat isə pulludur. Ona görə də bəzən anlaşılmazlıq yaranır.
Yayda olduğu kimi, yenə də əcnəbi turistlər arasında ən çox ərəb turistlər gözə dəyir. Onlar əsasən Səudiyyə Ərəbistanından, BƏƏ-dən, Qətər və Omandan gələn turistlərdir. “Ərəb turistlər” mövzusunda geniş yayılmış stereotiplərdən biri məhz Şahdağda qırılmaq üzrədir. Belə ki, onların buraya heç də eyş-işrət üçün yox, ailəvi istirahət üçün gəldikləri görünür. Hamısının yanında ya azyaşlı, ya da yeniyetmə uşaqları var. Hətta 32 və 30 yaşlı gənc cütlük Şahdağa 6 uşağı ilə birlikdə gəlmişdi və ən kiçiyi 5-6 aylıq körpə idi.
“Şahdağ” rəhbərliyinin verdiyi məlumata görə, bu gedişlə hindistanlılar birinciyili ərəblərdən alacaqlar. Bildirilir ki, Hindistanla reyslərin artması bu ölkədən turist axınına müsbət təsir göstərəcək, hətta 3-4 min nəfərlik qrupların qəbulu üçün danışıqlar aparılır.
Rüstəm Nəcəfov bu ilin yanvar-oktyabr aylarında turizm məqsədilə Azərbaycana gələn 1,2 milyon nəfər turistin 150 mininin ölkədən narazı getməsi ilə əlaqədar suala cavab verərkən əminliklə dedi ki, o şəxslərin heç biri kompleksdəki xidmətdən və şəraitdən narazı getməyib.
Əslində rəsmi məlumatlara görə, turistlərin narazı qaldığı sahələrin siyahısına restoran və avtobus daşımaları başçılıq edir. Narazılıq əsasən restoran, avtobus, taksi, bələdçi xidmətlərindəndir. Bundan başqa, 13,6 min nəfər hotellərin xidmətindən, 8,9 min nəfər metrodan, 5,3 min nəfər turagentlərin xidmətindən razı qalmayıb.
2351 zirvəsində "Qalatasaray" görüntüsü
Şahdağa gələn turistlər isə indilikdə yeganə olaraq təbiətin xəsisliyindən narazı qala bilərlər. O da həm şərti, həm də müvəqqəti məsələdir. Biz dünən avtobusumuza oturub Şahdağdan enəndə artıq zirvələri, yamacları, dərələri duman və çən basmışdı, sonra o sisə, çiskinə, bəzi yerlərdə asfaltda qalmayan, amma kənarlarda qalan və hələlik qırova oxşayan qara çevrilirdi. Bu, o demək idi ki, yaxın saatlarda Şahdağın başına qar düşəcək. Bunu onun duman-çəni xəbər verirdi. Atalar da deyib ki, qış dumanı qar gətırər. Şahdağda qar həm də bar-bəhər deməkdir.
Başqa sözlə, Şahdağı dünən yox, bu gün görmək lazım idi.
Xalid Kazımlı, Musavat.com