BƏƏ şirkətləri Xəzərdə süni ərazilərin yaradılması layihəsində də iştirak edəcəklər
Prezident İlham Əliyev ötən həftəsonu Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman əl-Səudu qəbul edib. Ondan bir gün əvvəl isə Qətərin paytaxtında “Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan” İqtisadi Forumunun üçüncü iclası keçirilib.
Azərbaycanla ərəb ölkələri arasında əlaqələrin inkişafında BƏƏ-nin rəhbəri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın yanvarda Bakıya səfəri olub.
İlham Əliyev 2024-cü ilin martında gücü 240 meqavat (MVt) olan Xızı-Abşeron külək elektrik stansiyasının (KES) tikintisi üzrə pilot layihənin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Azərbaycanda yeni bərpa olunan enerji obyektinin layihələndirilməsi və tikintisi Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən həyata keçirilir.
Əgər Səudiyyə layihəsi Azərbaycanda analoji stansiyanın tətbiqi üçün pilot oldusa, o zaman BƏƏ şirkətləri Bakı ilə əməkdaşlıqda daha da irəli gediblər. BƏƏ rəhbərinin Azərbaycana səfərindən sonra geniş sənədlər paketi imzalanıb. O cümlədən SOCAR və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) arasında strateji əməkdaşlıq sazişi bağlanıb. BƏƏ şirkətləri Xəzərdə süni ərazilərin yaradılması layihəsində də iştirak edəcəklər.
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın digər istiqaməti qaz-kimya sənayesi ilə bağlıdır. Aprelin sonunda SOCAR və "ACWA Power" arasında yaşıl gübrələr üzrə Əməkdaşlıq Sazişi imzalanıb. Ərəb investorları həmçinin Azərbaycanda regional qazdan (o cümlədən Rusiyadan) istifadə etməklə karbamid və bəlkə də digər gübrələrin istehsalı perspektivlərini görürlər. Baxmayaraq ki, Azərbaycan ərəb sərmayədarları üçün yenicə maraq mərkəzinə çevrilməyə başlasa da, turizm sahəsində Körfəz ölkələrinin vətəndaşları artıq Azərbaycanın turizm zonalarını fəal şəkildə inkişaf etdiriblər. 2023-cü ildə Azərbaycana səfərlərə dair məlumatları götürsək, Səudiyyə Ərəbistanı, BƏƏ və Omandan gələn turistlərin sayı birlikdə turist axınının 10 faizini keçərək Rusiya (27,5 faiz) və Türkiyədən (19,8 faiz) sonra üçüncü yeri tutub.
Ekspertlərə görə, son 18 ildə ölkə iqtisadiyyatına 280 milyard dollara yaxın investisiya qoyulub ki, bunun böyük həcmini xarici investisiyalar təşkil edir.
Fikrət Yusifov
Sabiq maliyyə naziri, professor Fikrət Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycanla ərəb dünyası ölkələri arasında son illər iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Bu sırada ölkəmizin Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə energetika sahəsində əməkdaşlığı xüsusi qeyd olunmalıdır: “Azərbaycanın bu ölkələrlə yaşıl energetika sahəsində əməkdaşlıq sahəsində götürdüyü kursun maraqlı tərəflərindən biri budur ki, hər üç ölkənin iqtisadiyyatı neftlə bağlıdır. Alternativ enerji mənbələrinin sürətlə inkişaf etdiyi indiki mərhələdə alternativ enerji istehsalı sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Yaşıl energetikaya yönəldilən kapital indi enerji sektorunda ən səmərəli yatırım deməkdir. Tərəflər bunun fərqindədir.
Bu ilin əvvəlində Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında energetika sahəsində əməkdaşlığa dair dörd sənəd - “Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi və Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında elektrik enerjisinin ötürülməsi layihələri üzrə İnvestisiya Əməkdaşlığına dair Anlaşma Memorandumu”, “Azərbaycanın bərpa olunan və təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi və Yaşıl Enerjinin İxracı Əməliyyatlarına imkan verən Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi”, “Azərbaycanda quruda quraşdırılacaq 1 QVt gücündə günəş və külək layihələrinin inşası üçün Tədbirlər Təqvimi (Yol Xəritəsi)”, həmçinin “SOCAR və ADNOC arasında Strateji Əməkdaşlıq Sazişi” imzalanıb".
Professor əlavə edib ki, Azərbaycan 2008-ci illə müqayisədə 2023-cü ildə elektrik enerjisi ixracını 4,0 dəfə artıra bilib: “Bu göstəricinin gələcəkdə alternativ enerji mənbələrində istehsal olunan enerji hesabına daha da yaxşılaşdırılması hədəflənir və ölkəmiz artıq bu sahədə real addımlar atmaqdadır. Belə ki, 17 dekabr 2022-ci il tarixdə Rumıniyanın paytaxtı Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Yaxın gələcəkdə Azərbaycan Qara dənizin dibi ilə çəkiləcək ötürücü kabel vasitəsilə Avropanın şərqində yerləşən ölkələrə “yaşıl enerji” ixrac edəcək. İşğaldan azad olunan bölgələr 7200 meqavat Günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Laçın və Kəlbəcərin dağlıq əraziləri külək enerjisi, Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı isə Günəş enerjisi potensialı ilə seçilir. Bu ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində görülən işlər, Günəş və külək enerjisindən istifadə ilə bağlı həyata keçirilən tədbirlər Azərbaycanı regionda “yaşıl enerji” istehsalı sahəsində lider ölkə mövqeyinə çıxarır. Azərbaycan bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. Miqyasına və nüfuzuna görə seçilən bu sessiya BMT-nin Baş Assambleyasından geri qalmayan bir tədbirdir. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun ən yaxşı nümunəsidir. Eyni zamanda bu tədbir ölkəmizin “yaşıl enerji” potensialından istifadə məqsədlərinə xarici investisiyaların cəlb edilməsi üçün tam uyğun bir platformadır. Yaxın gələcəkdə Azərbaycan Avropanın tək etibarlı neft və qaz təchizatçısı kimi deyil, eyni zamanda elektrik enerjisi təchizatçılarından biri kimi də söz və nüfuz sahibi olacaq".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”