Ərdoğanla Putin Türkiyə qaz habını müzakirə edəcəklər – Kreml

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Kazanda keçiriləcək görüşdə qaz qovşağının yaradılması imkanlarını da müzakirə edəcəklər.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb: “Türkiyəli tərəfdaşlarla qaz sahəsində səmərəli əməkdaşlıq qurulub. “Mavi axın” və “Türk axını” boru kəmərləri Qara dənizin dibi ilə sabit işləyir. Kazanda keçirilən görüşdə dövlət başçıları Türkiyədə beynəlxalq qaz qovşağının yaradılması layihəsinə də toxunacaqlar”.

Görüş oktyabrın 23-də BRİKS sammiti çərçivəsində baş tutacaq. Kreml qeyd edib ki, Rusiya ilə Türkiyə arasında çoxşaxəli əməkdaşlıq bütün əsas istiqamətlər üzrə dinamik inkişaf edir və tərəfdaşlıq və qarşılıqlı faydalı xarakter daşıyır: “Danışıqlar zamanı 2023-cü ildə həcmi 55,4 milyard dollar təşkil edən ticarət-iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq, ötən onların mənfi dinamikası (azalma 11,2 faiz) qeyd edilib, bu il isə artım var. Yanvar-avqust aylarının yekunlarına görə artım 6,2 faiz təşkil edib”.

Məlumatda qeyd olunur ki, Rusiya biznesi Türkiyədə metallurgiya və avtomobil istehsalı sahələrində böyük müəssisələr yaradıb. Türkiyəli sahibkarlar Rusiya iqtisadiyyatının avtomobil hissələrinin istehsalı, metallurgiya və ağac emalı kimi sahələrinə aktiv şəkildə sərmayə qoyurlar. Üstəlik, onların investisiya layihələrinin ən böyük konsentrasiyası Tatarıstandadır: “Enerji sektorunda strateji əhəmiyyət kəsb edən layihə Türkiyənin ilk Atom Elektrik Stansiyasının – “Akkuyu”nun tikintisidi”.

İkitərəfli münasibətlərdə ənənəvi olaraq turizm sənayesi xüsusi yer tutur: “2023-cü ildə 6,3 milyondan çox Rusiya vətəndaşı Türkiyəyə səfər edib, bu, bir il əvvəlkindən 20,7 faiz çoxdur. Bu ilin yanvar-avqust aylarında 4,5 milyondan çox (4,6 faiz artım) səfər qeydə alınıb”.

 

Musavat.com

22.10.2024 01:06
306