Ərdoğandan HƏYƏCANLI AÇIQLAMA: Müharibədən böyük təhlükə gəlir!

Türkiyənin əhalisi on ildən sonra artımdan azalmağa doğru gedəcək, bu respublika üçün ciddi təhdid təşkil edir.

Musavat.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Ölkəmizi və millətimizi əhali baxımından narahatedici bir gələcək gözləyir. Hətta ən nikbin proqnozlar belə göstərir ki, 10 il sonra Türkiyənin əhalisi artmaq əvəzinə azalacaq”, – deyə Ərdoğan şənbə günü İstanbulda çıxışı zamanı qeyd edib.

Onun sözlərinə görə, “bu, müharibədən daha böyük bir təhlükədir”.

“Biz əhalinin artımını təmin etmək üçün bir sıra tədbirlər görmüşük, lakin unutmamalıyıq ki, bu məsələ təkcə maddi stimullardan ibarət deyil, burada bir sivilizasiya baxışı da önəmlidir”, – deyə o əlavə edib.

2024-cü ilin sonuna olan məlumata görə, Türkiyədə 17 yaşadək uşaqların və yeniyetmələrin sayı 21,8 milyon nəfər təşkil edib ki, bu da ölkə əhalisinin 25,5%-nə bərabərdir. Bu məlumatı Türkiyə Statistika İdarəsi (TÜİK) açıqlayıb. “Anadolu” agentliyinin cümə günü verdiyi xəbərə görə, ötən ilin sonunda ünvanlı qeydiyyat sisteminə əsasən, respublikanın ümumi əhalisi 85,6 milyon nəfər olub. Uşaqların və yeniyetmələrin 51,3%-i oğlan, 48,7%-i isə qız olub.

Müqayisə üçün qeyd edək ki, BMT-nin məlumatına əsasən, 1970-ci ildə Türkiyə əhalisinin 48,5%-i uşaqlardan ibarət olub. 1990-cı ildə bu göstərici 41,8%-ə düşüb.

Proqnozlara görə, 2030-cu ildə Türkiyədə uşaqların əhalidəki payı 22,1%-ə, 2040-cı ildə 17,9%-ə, 2060-cı ildə 16,9%-ə, 2080-ci ildə 15,2%-ə, 2100-cü ildə isə 14,5%-ə qədər azalacaq.

Musavat.com

19.04.2025 21:40
1113