Musavat.com-un Haqqin.az-a istinadən verdiyi məlumata görə, ABŞ-da prezident seçkilərinə bir neçə saat qalmış Türkiyənin siyasi elitası susqunluğunu qoruyur. Halbuki ənənəvi olaraq, ABŞ-da yaşayan türk diasporası seçki kampaniyalarında aktiv iştirak edərək müəyyən namizədin tərəfini tuturdu.
Müşahidəçilər bildirirlər ki, Türkiyə hökumətinin gözləmə mövqeyi tutmasının əsas səbəblərindən biri Ankara ilə Vaşinqton arasında son illərdə yaşanan gərginliklərdən sonra yenicə yaxşılaşmağa başlayan münasibətləri riskə atmaq istəməməsidir. İndi isə Türkiyə bu münasibətləri qoruyaraq ABŞ-da seçkilərin nəticələrini gözləməyi üstün tutur.
Son aylar ərzində Türkiyənin rəsmi şəxsləri seçkilərdəki tərəfkeşliklərini gizli saxlaya biliblər. Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-da prezidentliyə namizədlərlə açıq təmasları isə məhdud olub. Onun ən diqqətçəkən addımlarından biri iyul ayında, Respublikaçılar Partiyasından namizədin Pensilvaniyada mitinq zamanı yaralanmasından sonra, Donald Trampa təsəlli zəngi etməsi olub.
Bu vəziyyət bir çox müşahidəçinin diqqətini çəkib və onların fikrincə, Ərdoğan seçki nəticələrini gözləyir ki, yalnız bu nəticələr əsasında xarici və daxili siyasətdə, eləcə də hökumət tərkibində mümkün dəyişikliklər barədə qərar qəbul etsin. Ekspertlər, həmçinin Donald Trampın və ya Kamala Harrisin qələbəsinin Ankara-Vaşinqton münasibətləri üçün üstünlükləri, çatışmazlıqları və nəticələri barədə də müzakirələr aparır.
Politoloqların və hökumətə yaxın ekspertlərin çıxışlarından gələn nəticələrə görə, Türkiyənin maraqları baxımından Trampın qələbəsi daha lazımlı ola bilər. Bu, əsasən Trampın 2020-ci ildəki seçkilərdəki məğlubiyyətindən sonra dəfələrlə Ərdoğana dəstək verməsi və hətta 2023-cü ildə onu prezident seçkilərində yenidən qalib gəlməsi münasibətilə təbrik etməsi ilə bağlıdır. Trampın prezidentlik dövründə Ərdoğanla mütəmadi görüşlər keçirməsi və telefon əlaqələri saxlamağı da münasibətləri möhkəmləndirən amillərdən biri olub.
Müşahidəçilərin fikrincə, Ankara, ABŞ-da seçki nəticələrinin açıqlanmasını səbirsizliklə gözləyir və bu nəticələrə uyğun olaraq növbəti addımlarını müəyyən edəcək. ABŞ-Türkiyə münasibətlərinin gələcək istiqaməti və qarşılıqlı əməkdaşlıq perspektivləri məhz bu nəticələrdən asılı olacaq.
Musavat.com