Prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, Türkiyənin ABŞ-yə yanaşması və yüksək səviyyəli dialoqumuz dəyişməyəcək.
“Report” xəbər verir ki, bunu ABŞ-də səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı türk evini ziyarət edərkən deyib.
O bildirib ki, Türkiyə NATO-nun əsas üzvlərindən biridir: “Eyni zamanda, Avropa İttifaqına üzvlüyə namizəd ölkəyik. Qərb dünyası ilə əlaqələrimizi gücləndirməklə yanaşı, Şərqdən də uzaqlaşmırıq. Şanxay Əməkdaşlıq Təşkilatı, BRİCS kimi qurumlarla əlaqələrimizi inkişaf etdirməkdə qərarlıyıq. Bu istiqamətdə son vaxtlar çox ciddi addımlar atmışıq”.
R.T.Ərdoğan, həmçinin söyləyib ki, Türkiyənin milli təhlükəsizliyinə təsir edən bəzi məsələlərdə ABŞ ilə fikir ayrılığı var: “ABŞ-dən olan dostlarımızla hər görüşdə deyirik ki, PKK, YPG, İŞİD, FETÖ kimi terror təşkilatlarına dəstəyi dayandırsınlar. ABŞ-nin Türkiyənin müdafiə sənayesi ilə bağlı irəli sürdüyü məhdudiyyətlər ikitərəfli etimad mühitinə mənfi təsir edir”.
Türkiyə lideri Ankara-Vaşinqton münasibətlərinin son vaxtlar müsbət templə inkişaf etdiyini də diqqətə çatdırıb.