Ərdoğan Trampla dil tapa biləcəkmi: Yaxın Şərq böhranı ABŞ və Türkiyəni amansız rəqiblərə çevirir

Türkiyə-ABŞ münasibətlərində olan kəskin ziddiyyətlər yaxın vaxtlarda çatların daha da dərinləşmə ehtimalını artırır, rəsmi Ankaranın Yaxın Şərq böhranına münasibətdə geopolitik prioritetləri Ağ Evlə regional rəqabətə yol aça biləcək əsas faktorlardan sayılır... Ağ Evin günahı ucbatından Türkiyə və ABŞ arasında onsuz da bəzi ciddi problemlərin mövcud olduğunu nəzərə aldıqda, hətta Yaxın Şərq böhranı yeni dünya düzənində NATO üzrə bu iki müttəfiq dövləti fərqli düşərgələrə də yerləşdirə bilər...

Dünyada qlobal savaş təhlükəsi hər ötən gün daha da inandırıcı görüntülər almaqda davam edir. Hazırda belə bir dəhşətli savaşa yol aça biləcək iki genişmiqyaslı münaqişə ocağı mövcuddur. Belə ki, həm Ukrayna savaşı, həm də Yaxın Şərq hərbi böhranı yaxın gələcəkdə qlobal savaş təhlükəsi vəd edir. Üstəlik, buna paralel olaraq, dünyanın nəhəng dövlətləri arasında da hərbi-siyasi qarşıdurma prosesinin dərinləşməsi mövcud beynəlxalq situasiyanı daha da dərinlışdirir.

Onu da qeyd etmək lazımdır ki, Türkiyənin hərbi-siyasi dairələri də son vaxtlar üçüncü dünya müharibəsinin hər an başlaya biləcəyi ilə bağlı mesajlar verməyə başlayıblar. Üstəlik, rəsmi Ankara üçüncü dünya müharibəsini törədə biləcək əsas səbəb kimi isə Yaxın Şərq böhranına eyham vurur. Türkiyənin qlobal proseslərin belə təhlükəli istiqamətlər alma ehtimalına da indidən hazırlaşmağa başladığını biruzə verməkdədir. Və bütün bunlarla yanaşı, Türkiyə-İsrail münasibətlərinin artıq son həddə qədər gərginləşdiyi inkaredilməz reallığa çevrilib.

Məsələ ondadır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət öncə İsraillə bütün münasibətlərin kəsildiyini rəsmən bəyan edib. Əslində, Türkiyə-İsrail münasibətləri uzun illərdən bəridir ki, gərgin olaraq, qalmaqdadır. Vaxtilə bu iki ölkə arasında münasibətlərin tamamilə korlanmasına səbəb olan siyasi qarşıdurma (Davos və Mavi Marmara böhranları) yaşanmışdı. Və bəzi qeyri-rəsmi məlumatlara görə, Türkiyə-İsrail münasibətlərinin yenidən bərpa edilməsində Azərbaycanın vasitəçilik fəaliyyəti xüsusi rol oynamışdı.

883156-865604031.jpg (125 KB)

Maraqlıdır ki, Azərbaycanın bu iki dövlətlə xüsusi münasibətləri mövcuddur. Belə ki, Türkiyə Azərbaycanın strateji müttəfiqidir və bu münasibətlər hazırda inkişaf edərək, daha da dərinləşmə mərhələsindədir. Ona görə də, rəsmi Bakı Azərbaycan-Türkiyə İttifaqına maksimum səviyyədə həssas yanaşır. Və Türk İttifaqının dünyada həlledici təsir gücü qazanmaqda davam etməsi üçün bütün imkanlarını ön planda tutur.

Eyni zamanda, Azərbaycanın İsraillə də kifayət qədər isti münasibətləri mövcuddur. Xüsusilə də, rəsmi Təl-Əvivin Cənubi Qafqazdakı erməni separatizminə qarşı mübarizədə Azərbaycanı dəstəkləməsi böyük önəm daşıyır. Ona görə də, Azərbaycan İsraillə qarşılıqlı münasibətlərinə xüsusi həssaslıqla yanaşır. Ancaq buna baxmayaraq, rəsmi Bakı Yaxın Şərq münaqişəsinə birbaşa müdaxilə etməsə də, Fələstin ərazilərində aparılan genişmiqyaslı hərbi əməliyyatları da yolverilməz hesab edir.

Təbii ki, Türkiyə və İsrail arasında münasibətlərin tamamilə korlanması Azərbaycanın strateji maraqlarına qətiyyən cavab vermir. Üstəlik, bu dəfə elə bir situasiya yaranıb ki, ən azından yaxın gələcəkdə bu iki ölkə arasında münasibətlərin normallaşa biləcəyi artıq qətiyyən inandırıcı görünmür. Və rəsmi Ankaranın verdiyi son qərarlar da situasiyanın kifayət qədər qəliz olduğunu göstərir.

Məsələ ondadır ki, İsrailin prezidenti İsaak Hersoqun COP29-da iştirak etmək üçün Bakıya səfər etməyi planlaşdırdığı barədə məlumatlar yayılmışdı. Ancaq daha sonra məlum oldu ki, rəsmi Təl-Əviv İsrail prezidentinin Azərbaycana səfərini ləğv edib. Əsas səbəb kimi isə bu səfərin prezident İsaak Hersoq üçün təhlükəsiz olmayacağı ön plana çəkilib. Və COP29-un iştirakçısı olan xarici ölkə liderlərinin təhlükəsizlikləri ən yüksək səviyyədə təmin edildiyindən, bu, bir qədər gözlənilməz xarakter daşıyır.

RmDBZI805CF4.jpg (271 KB)

Bu məsələ ilə bağlı araşdırma aparan Caliber.az Azərbaycan Xarici İşlər Nazirliyindəki yüksək rütbəli mənbədən İsrail prezidenti İsaak Hersoqun Bakıya səfərinin ləğvinin əsl səbəblərini öyrənməyə nail olub. Belə məlum olub ki, bəzi xarici media qurumlarının qeyd etdiyi kimi, bu, heç də təhlükəsizlik məsələsi ilə bağlı deyilmiş. Və Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində böyük təcrübəyə mailk olması da bu baxımdan, müəyyən təsəsvvürlər yaradır.

Hər halda, nəzərə almaq lazmdır ki, indiyə qədər dəfələrlə böyük regional və beynəlxalq tədbirlərə (Eurovision, Avropa Oyunları, Qoşulmama Hərəkatının sammiti və s.) ev sahibliyi edən Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir. Üstəlik, Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biri olduğu da hər kəs tərəfindən etiraf edilmiş inkarolunmaz reallıqdır.

Cəmisi bir neçə ay əvvəl, yəni mayın 30-da Bakıda səfərdə olan prezident İ.Hersoq da daxil olmaqla, çox sayda İsrail rəsmilərinin, o cümlədən də ölkənin ali rəhbərliyinin Azərbaycana gəlməsi də bunu təsdiqləyir. Baş nazir Netanyahu isə 2016-cı ildə Azərbaycana bir günlük səfərə gəlmişdi və hər hansı problem yaşanmamışdı. Bundan başqa, Azərbaycanda COP29-un keçirilməsi ilə əlaqədar on minlərlə qonağın və yüzə yaxın dünya liderinin və yüksək səviyyəli nümayəndə heyətləri rəhbərlərinin ölkəyə gəlməsi kontekstində də misli görünməmiş təhlükəsizlik tədbirləri həyata keçirilir.

Ona görə də, İsrail prezidenti İ.Hersoqun Azərbaycana səfərinin arxasında başqa səbəblərin ola biləcəyi daha inanıdırıcı görünürdü. Caliber.az-ın əldə etdiyi məlumata görə, həmin səbəblərdən biri artıq məlum olub. Ən əsasısa, bu səbəbin təhlükəsizlik məsələsi ilə əlaqəli olmadığı aydınlaşıb. Və bu baxımdan, sözügedən əsas səbəbin məhz Türkiyə-İsrail münasibətlərindəki ziddiyyətlərdən qaynaqlandığı əslində, o qədər də gözlənilməz deyil.

sddefault.jpg (29 KB)

Maraqlıdır ki, Caliber.az-a verilən məlumata görə, rəsmi Ankara İsrail prezidentinin təyyarəsinin Türkiyə hava məkanından istifadəsinə qadağa qoyub. Diplomatik kanallar vasitəsilə bir neçə gün davam edən intensiv danışıqlar isə heç bir pozitiv nəticə verməyib. Və nəticədə COP29-un keçirilməsi üçün inklüziv konsepsiya təqdim edən, bütün tərəflərin iştirakına şərait yaradan Azərbaycandan asılı olmayan səbəblərdən İsrail prezidentinin Bakıya səfəri baş tutmayıb.

Belə anlaşılır ki, Türkiyə-İsrail münasibətləri yenidən bərpası çətin olacaq səviyyədə korlanıb. Ona görə də, bu problemin yaxın gələcəkdə Türkiyə-ABŞ münasibətlərinə də təsir göstərə biləcəyi qətiyyən istisna olunmur. Belə ki, gələn ilin yanvarında səlahiyyətlərinin icrasına başlayacaq Tramp administrasiysının İsrailə xüsusi həssaslıqla yanaşdığı qətiyyən şübhə doğurmur. Hətta ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilk qərarı ilə Bayden administrasiyasının İsrailə silah satışının məhdudlaşdırılması barədə sənədlərini ləğv edəcəyini vurğulayıb.

Bütün bunlar onu göstərir ki, mövcud situasiya yaxın vaxtlarda Türkiyə-ABŞ münasibətlərində ziddiyyətləri daha da dərinləşdirə bilər. Xüsusilə də Türkiyənin Ərdoğan hakimiyyətinin prinsipial mövqeyini nəzərə aldıqda, rəsmi Ankaranın Yaxın Şərq böhranına münasibətdə geopolitik prioritetləri Ağ Evlə regional rəqabətə yol aça biləcək faktorlardan biri sayılır. Türkiyə və ABŞ arasında onsuz da bəzi ciddi problemlərin olduğunu nəzərə aldıqda, Yaxın Şərq böhranı yeni dünya düzənində rəsmi Ankara və Ağ Evi fərqli düşərgələrə də yerləşdirə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
Yeni Müsavat Media Qrupu

18.11.2024 16:41
1372