Ərdoğan Paşinyanla nələri MÜZAKİRƏ ETDİ? – Nyu-York görüşünün TƏFƏRRÜATI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York şəhərindəki “Türk Evi”ndə Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib. Görüşdə iki ölkənin münasibətlərində normallaşma, Ermənistanla Azərbaycan arasında sülh prosesləri müzakirə edilib. Prezident Ərdoğan Türkiyənin yeni dövrdə Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasına tərəfdar olduğunu və bunun üçün səylərin davam etdiyini bildirib. Türkiyə lideri Ankara ilə İrəvanın ilkin şərt qoyulmadan normallaşma istiqamətində əhəmiyyətli irəliləyişlər əldə etdiyini ifadə edərək, dialoq prosesinin davam etdirilməsinə səmimi dəstəyini vurğulayıb. Ərdoğan Paşinyana özünün müəllifi olduğu “Daha ədalətli bir dünya mümkündür” kitabını hədiyyə edib.

Mövzu ilə bağlı Medianews.az-a danışan Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl bildirib ki, Nyu-York şəhərində Prezident Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyanın görüşməsi diplomatik nöqteyi-nəzərindən müsbət haldır.

Onun sözlərinə görə, bu onu göstərir ki, Ermənistan tərəfi danışıqlardan qaçmır: “Ən azından bir dialoq üçün qapı açıqdır. Görüşün bağlı qapılar arxasında keçirilməsinin səbəbi problemlərin çox olmasından irəli gəlir. Ermənistanın həm Azərbaycana, həm Türkiyəyə ərazi iddiaları var. Ermənistan 1915-ci ildə Osmanlıda yaşanmış hadisələri “erməni soyqırımı” olaraq Türkiyənin tanımasını istəyir. Halbuki Osmanlıda ermənilərə qarşı belə bir soyqırımı olmayıb. Bu səbəbdən Prezident Ərdoğanın heç bir şərt irəli sürülmədən dialoqun, görüşün həyata keçirilməsi məsələsi də olduqca maraqlı mesajdır. Ermənistan tərəfinin ən azı hadisələrə daha real baxmağa, vəziyyəti doğru dəyərləndirməyə çalışdığını görə bilirik. Burada ən böyük problem Ermənistanın müstəqil dövləti kimi hərəkət etməyib, xarici güclərin təsiri altında olmasıdır. Son zamanlar bu istiqamətdə ABŞ-nin, Avropa İttifaqının, xüsusən də Fransanın səylərini də unutmamaq lazımdır. Amma burada bir məsələ də vacibdir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər zaman “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmadan, problemlər həll olunmadan, Türkiyə-Ermənistan arasında münasibətlərin düzəlmə ehtimalı yoxdur” söyləməsidir”.

Politoloq qeyd edib ki, bu görüşdə Türkiyə-Ermənistan arasındakı problemlərlə yanaşı, Cənubi Qafqazda əmin-amanlıq, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması məsələsi müzakirə olunub: “Zəngəzur dəhlizi məsələsi, Cənubi Qafqazda davamlı sülh, bölgəmizdə xarici güclərin fəaliyyətinin məhdudlaşdırılması, silahlanmanın qarşısının alınması və digər təhdidlərin ortadan qaldırılması məsələləri liderlərin görüşündə müzakirə mövzusu olub. Türkiyənin xarici siyasətinin əsas istiqamətlərindən biri bölgəsindəki gərginliklərin azaldılması və artmamsı üçün atılan addımlardır. Əsas məsələ də əlbəttə ki, Azərbaycanla Ermənistan arasında davamlı sülh sənədinin imzalanması və təmin edilməsidir. Bundan sonra Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmaya doğru gedəcəyi, yaxşılaşacağı və tərəflərin müvafiq sənədlər imzalayacağını söyləyə bilərik”.

26.09.2024 16:21
448