Cənubi Qafqazda cərəyan edən proseslərdə erməni manipulyasiyalarının əhatə dairəsi genişlənməyə başlayıb. Belə ki, rəsmi İrəvan davamlı olaraq, regional sülh prosesini manipulyasiya edir. Üstəlik, Paşinyan hakimiyyətinin davranışlarında birbaşa sabotaj cəhdlərinin olması da diqqəti çəkir. Və bu baxımdan, rəsmi İrəvanın hələ uzun müddət Cənubi Qafqazda sabitlik yaratmaq cəhdlərinə müqavimət göstərməyə çalışacağı qətiyyən şübhə doğurmur.
Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan son vaxtlar əsas diqqətini məhz Bakıda keçiriləcək COP29-a yönəltmiş kimi, görünür. Belə ki, rəsmi İrəvan bu önəmli beynəlxalq tədbiri də öz maraqları çərçivəsində manipulyasiya etməyə cəhd göstərir. Xüsusilə də, Paşinyan hakimiyyəti Ermənistanın beynəlxalq himayədarlarını COP29 ərəfəsində rəsmi Bakıya təzyiq göstərməyə çağırır. Və təzyiq predmeti kimi isə müxtəlif absurd tezislər icad etməyə çalışır.
Onlardan birisi də təbii ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması ilə bağlıdır. Rəsmi İrəvan bu məsələni də maksimum səviyyədə manipulyasiya edərək, Azərbaycanın COP29 vərəfəsində Ermənistanla yekun sülh sazişinin imzalanmasına can atır. Halbuki, iki ölkə arasındakı müzakirələrdə yekun sülh sazişinin mətninin tam razılaşdırılmasına hələlik nail olunmayıb.
Ona görə də, Paşinyan hakimiyyəti rəsmi Bakını “yarımçıq sülh sazişi”ni imzalama məcburiyyətində buraxmaq üçün beynəlxalq ermənipərəst dairələrin Azərbaycana sərt təzyiq göstərməsini istəyir. Rəsmi Bakının qətiyyətli, prinsipial mövqeyi hazırda rəsmi İrəvanın bütün siyasi manipulyasiya cəhdlərini iflasa uğradır. Və belə situasiyada Ermənistanın “yarımçıq sülh sazişi” planlarının baş tutacağı artıq o qədər də inandırıcı görünmür.
Paşinyan hakimiyyətinin digər siyasi manipulyasiya tezisləri onilliklər boyu Azərbaycan ərazisində erməni terrorizminə rəhbərlik etmiş hərbi cinayətkarlarla birbaşa bağlıdır. Belə ki, rəsmi İrəvan erməni cinayətkarların COP29 ərəfəsində Ermənistana təhvil verilməsinə yönəlik cəhdlər göstərir. Ermənistan mətbuatının iddialarına görə, bu barədə baş nazir Nikol Paşinyan BRİCS sammitində Azərbaycan Prezidenti İlham Əliyevdən xahiş də edib. Və Azərbaycan liderindən ümidverici cavab eşitməyə nail ola bilməyib.
Ermənistanda nəşr olunan “Hraparak” iddia edib ki, xarici işlər naziri Ararat Mirzoyan hətta erməni terrorçuların rəsmi İrəvana təhvil veriləcəyi təqdirdə, özünün şəxsən COP29-a qatılacağını vurğulayıb. Halbuki, Prezident İlham Əliyevin reaksiyasinı nəzərə aldıqda, Ermənistan rəhbərliyindən kiminsə, COP29-a mütləq qatılmasının Azərbaycan üçün elə bir ciddi əhəmiyyət daşıya biləcəyi qətiyyən inandırıcı görünmür. Rəsmi Bakı Ermənistanı bu tədbirə artıq dəvət edib. Ancaq iştirak edib-etməmək məsələsi barədə rəsmi İrəvan qərar verməlidir. Və rəsmi Bakı bu məsələ ətrafında Paşinyan hakimiyyəti ilə “siyasi bazarlıq” etmək niyyətindən çox-çox uzaqdır.
Maraqlıdır ki, BRİCS platforması çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında keçirilmiş görüşdə yekun sülh sazişi ətrafında yaranmış vəziyyətin də müzakirə olunduğu bildirilir. Həmin məlumatlara görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan xarici işlər nazirlərinə yekun sülh sazişinin mətninin razılaşdırılması prosesinin sürətləndirilməsi barədə təlimat veriblər. Və bu, olduqca diqqətəlayiq addım sayıla bilər.
Belə anlaşılır ki, hər iki tərəf tədricən yekun sülh sazişinin ən yaxın vaxtlarda imzalanmasının vacibliyi məsələsində ortaq mövqeyə yaxınlaşmağa başlayıblar. Hər halda, rəsmi İrəvan tam dəqiqliyi ilə anlayır ki, Azərbaycan öz mövqeyində qətiyyətlidir və geri çəkilmək, Ermənistan ümid bəslədiyi, beynəlxalq hüquq normalarına zidd “yarımçıq sülh sazişi”ni imzalamaq niyyətində deyil. Və üstəlik, COP29-dan sonra Paşinyan hakimiyyətinin Azərbaycana beynəlxalq təzyiqlərin göstərilməsi üçün siyasi manipulyasiya imkanları daha da məhdudlaşmağa başlayacaq.
Digər tərəfdən, Gürcüstan seçkiləri də Ermənistan və onun beynəlxalq himayədarlarını məyus edib. Paşinyan hakimiyyətinin Gürcüstanda hakimiyyət dəyişikliyi olacağı təqdirdə, rəsmi Tiflisin də Qərbə yaxınlaşma siyasi kursuna keçə biləcəyi ilə bağlı ümidləri boşa çıxıb. Əgər, bu, baş vermiş olsaydı, onda Ermənistan Cənubi Qafqazda ABŞ və Qərbin geopolitik mövqelərinin güclənməsi sayəsində özünü regionda daha inamlı hiss etmək şansı qazana bilərdi. Və indiki situasiyada rəsmi İrəvanın belə şansdan çox-çox uzaq qaldığı artıq qətiyyən şübhə doğurmur.
Ona görə də, son vaxtlar Ermənistan siyasi dairələrində Azərbaycanla yekun slh sazişinin imzalanmasının vacibliyinin daha tez-tez vurğulanması o qədər də gözlənilməz deyil. Hətta Ermənistanın hərbi strukturlarına rəhbərlik edən bəzi yüksək rütbəli məmurlar yükun sülh sazişinin imzalanmasının delimitasiya və demarkasiya prosesinə pozitiv təsir göstərə biləcəyini qabardırlar. Və onların mütləq əksəriyyəti Ermənistan cəmiyyətinə bu məsələ ilə bağlı müəyyən mesajlar verməyə başlayıblar.
Maraqlıdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması barədə müsbət xəbərlərin alına biləcəyinə eyham vurub. Ancaq Türkiyə lideri bu məsələnin kənar müdaxilələrlə problemlərin yaradılmasından öncə həll edilməsinin vacibliyini vurğulamağı da qətiyyən unutmayıb.
Ad çəkməsə də, Türkiyə liderinin Cənubi Qafqazda geopolitik maraqları olan və Ermənistanı siyasi müstəmləkəyə çevirmiş ABŞ, Avropa Birliyi və Fransanı nəzərdə tutduğu şübhə doğurmur. Və regional sülh prosesi qarşısında əngəlləyici faktor rolunu oynayan, Türkiyə liderinin mesajından sonra dərhal hərəkətə keçən Qərb siyasi dairələrinin razılığı olmadan Ermənistanın Azərbaycanla yekun sülh sazişini imzalamağa cəsarət edəcəyi də hələlik müəyyən mənada, inandırıcı görünmür.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu