Ərdoğan AÇIQLADI: “Yaraları ən qısa zamanda sağaldacağıq, 8 min nəfər...” - VİDEO

“Dağıntılar altından yaralı vəziyyətdə çıxarılan 81 mindən çox vətəndaşımızın bir hissəsi evə buraxılıb. Xilas edilənlərin sayı 8 mini keçib”.

Musavat.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Dünya Hökumət Zirvəsinə göndərdiyi videomüraciətdə deyib.

O bildirib ki, zəlzələ təkcə Türkiyə deyil, bəşəriyyət üçün ən böyük təbii fəlakətlərdən biri hesab oluna bilər: “Şəxsən aranızda olmağı planlaşdırmışdım, lakin zəlzələlər səbəbindən bu, mümkün olmadı. 13,5 milyon vətəndaşın yaşadığı 10 əyalətdə 500 kilometr əraziyə təsir edən zəlzələ böyük dağıntılara səbəb olub. Zəlzələnin hiss olunduğu qonşu şəhərlərlə birlikdə fəlakətdən zərər çəkən əhalinin sayı 20 milyona yaxınlaşır. Elm adamları zəlzələ nəticəsində 500 atom bombası gücündə enerjinin yarandığını deyirlər. Biz təkcə ölkəmizdə deyil, bəşəriyyət tarixində ən böyük təbii fəlakətlərdən biri ilə üz-üzəyik. Əsrin fəlakəti olaraq xarakterizə edilən bu zəlzələdə təəssüf ki, itkilərimizin sayı artır. Millətimizlə əl-ələ verib bu fəlakətin yaralarını ən qısa zamanda sağaldacağıq. Zəlzələnin ilk anlarından dövlətin və millətin bütün imkanları fəlakət bölgəsinə səfərbər edildi, beynəlxalq yardımlar da daxil olmaqla 4-cü dərəcəli həyəcan vəziyyəti elan edildi, zəlzələ bölgəsində fövqəladə vəziyyət rejimi elan olundu. Dövlətin müvafiq qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatları və könüllülər də təbii fəlakətdən zərər çəkənlərə kömək etmək üçün böyük səylər göstərdilər. Axtarış-xilasetmə işləri ilə yanaşı, çadırların, konteynerlərin və prefabrik konstruksiyaların quraşdırılmasını sürətləndiririk. Yenidənqurma və dirçəliş işlərinə başlayırıq. Türkiyə dövləti olaraq bu fəlakətin yaralarını ən qısa zamanda millətimizlə birlikdə sağaldacağıq”. 

Nigar HƏSƏNLİ,
Musavat.com

14.02.2023 15:16
1041